Hesablama Palatası yoxlamalar aparacaq! – “Maliyə pozuntuları açıqlanır...”

Hesablama Palatasının Naxçıvan Muxtar Respublikasında yoxlamalar aparması planlaşdırılır. Bunu APA-ya açıqlamasında Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib. O qeyd edib ki, qarşıdakı günlərdə bununla bağlı işlər görüləcək.
Həmçinin, V.Gülməmmədov diqqətə çatdırıb ki, bu il Hesablama Palatasının 45 yeni nəzarət tədbiri həyata keçirməsi nəzərdə tutulub: 
"Palatanın cari il üçün iş planına uyğun olaraq fevralın 1-dən nəzarət tədbirlərinin həyata keçirilməsinə başlanılacaq” 
Məsələnin əhəmiyyəti barədə "Sherg.az"a danışan Demokratiya və İnsan Hüquqları komitəsinin sədri, Hüquq üzrə fəlsəfə doktoru  Çingiz Qənizadə bildirib ki, belə yoxlamalar Hesablama Palatasının vəzifə borcudur. Onun sözlərinə görə, Naxçıvanda son zamanlarda aparılan yoxlamalar və həbslər bunu tələb edirdi:
"Belə böyük hallar korrupsiya və digər hadisələr olduqda Palata dövlətdən ayrılan vəsaitlərin hara və necə xərclənməsi ilə bağlı müəyyən yoxlamalar aparır. Hesablama Palatası ilə Azərbaycan Respublikasının Prokurorluqu  arasında əldə edilmiş razılaşmaya əsasən cinayət xarakterli halların hüquq-mühafizə orqanlarına, prokurorluğa  göndərilməsi istisna deyil. Digər bir məsələ isə  şəffaflığın təmin edilməsidir. 
Fikir versək, görərik ki, Palata ölkənin bir çox qurumunda müxtəlif yoxlamalar apararaq cəmiyyətə müəyyən açıqlamalar verir. Bəzən bu açıqlama mənbəyinin dövlət qurumlarında olan maliyə pozuntularının cəmiyyətə açıqlama obyekti kimi Hesablama Palatasını görürük. 
Onlar hər il Milli Məclis qarşısında hesabat verərəkən, özünün bu çür yoxlamaları ilə bağlı cədvəli millət vəkillərinə təqdim edir. Müzakirələr zamanı belə faktlara istinadən müəyyən məsələlərə toxunur”. 
Ç.Qənizadənin qənaətincə, Hesablama Palatası yeganə qurumlardandır ki, onun fəaliyyəti ilə əlaqəli nə mətbuatda, nə də cəmiyyətdə mənfi rəy formalaşıb:
“Hər bir yoxlama ilə bağlı qanunun imkan verdiyi hissədə əhali üçün açıqlamlar olacaq. Dövlət vəsaitinin qanunsuz mənimsənilməsi halları baş verəcəksə, həmin şəxslərin cəzalandırılması və vəsaitin geri qaytarılması üçün addımlar atılacaq.  Hesablama Palatası öz üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gələcəkdir". 
Şərqiyyə NƏBİ