İki ölkə arasında yeni mərhələ başlayıb
Özbəkistan ilə Azərbaycanın münasibətləri yüksək strateji tərəfdaşlıq səviyyəsinə çatıb
Azərbaycan Prezidenti İlham Əliyev iyunun 21-də Özbəkistana səfər edib. Prezident İlham Əliyevlə Özbəkistan rəhbəri Şavkat Mirziyoyev arasında geniş tərkibli görüş keçirilib. Görüşdən sonra liderlərin iştirakı ilə Azərbaycan-Özbəkistan arasında sənədlərin imzalanması mərasimi olub. Tərəflər arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi haqqında Bəyannamə də imzalanıb. Daha sonra prezidentlər mətbuata bəyanatla çıxış ediblər. Son dövrlər Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında münasibətlərdə canlanma nəzərə çarpır. Bu sırada Özbəkistan da istisna deyil.
Dünyada cərəyan edən son hadisələr fonunda Azərbaycanın da üzərində yerləşdiyi “orta dəhliz”in əhəmiyyəti artmaqdadır. Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsi olaraq ölkəmizdə bir sıra mühüm nəqliyyat-logistika infrastrukturu yaradılıb. Azərbaycan beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiya olunub. Bu məqam Azərbaycan vasitəsilə Mərkəzi Asiya ölkələrindən, o cümlədən Özbəkistandan yükdaşımaların həcminin daha da artmasına təkan verəcək. Ölkələrimiz arasında diplomatik münasibətlərin 1995-ci il oktyabrın 2-də qurulmasına baxmayaraq, Azərbaycan və özbək xalqları arasında tarixən ənənəvi dostluq və qardaşlıq əlaqələri mövcud olub.
Bu gün 68 minə yaxın azərbaycanlı Özbəkistanın həyatında fəal iştirak edir. Ortaq tarixi, dini və mədəniyyəti bölüşən, eyni etnik kökə malik olan hər iki xalq arasındakı əlaqələr qədim dövrlərə gedib çıxır. Azərbaycanla Özbəkistan arasında ikitərəfli münasibətlərin inkişafında dövlət başçılarının səfərləri xüsusilə böyük əhəmiyyətə malikdir.
Bu baxımdan, Özbəkistan Prezidenti İslam Kərimovun 1996-cı il mayın 26-27-də Azərbaycana ilk rəsmi səfəri xüsusi qeyd olunmalıdır. Qarşılıqlı anlaşma və dostluq şəraitində keçən səfər zamanı iki ölkə arasında 18 sazişdən ibarət xüsusi sənədlər paketi, o cümlədən "Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında müqavilə" imzalanıb. 2004-cü il martın 23-24-də Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistanda dövlət səfərində olub. Səfər zamanı “Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi haqqında Bəyannamə” imzalanıb. Özbəkistan keçmiş Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini hər zaman dəstəkləyib. 2021-ci il martın 31-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında keçirilmiş qeyri-formal Zirvə görüşündə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycanı Qarabağın qaytarılması və tarixi ədalətin bərpa olunması münasibətilə təbrik edib.
Həmin ilin noyabrında İstanbulda keçirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə isə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Özbəkistanın vəsaiti hesabına Füzulidə böyük məktəb inşa ediləcəyini bildirib. Artıq bu istiqamətdə işlərə başlanılıb. Politoloqlar hesab edirlər ki, Azərbaycanın xarici siyasətində yəni mərhələ başlayır. Azərbaycanla Türkmənistan arasında siyasi-iqtisadi əlaqələr yeni müstəviyə keçib. Qırğızıstan prezidenti ötən ay Azərbaycana səfər etmişdi. Türkiyə və Azərbaycan Mərkəzi Asiyanın türk dövlətləri ilə yeni strateji xətt ortaya qoyub.
Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov “Şərq”ə deyib ki, Azərbaycan xalqının Orta Asiyadakı qardaş respublikalar arasında Özbəkistana qarşı münasibəti həmişə daha çox istiliyi, səmimiyyəti ilə fərqlənib. Partiya sədrinin sözlərinə görə, özbəklərin də Azərbaycan musiqisinə, ədəbiyyatına və insanlarımıza xoş münasibəti barədə eyni sözləri demək mümkündür. Çünki bizi ortaq tarixi köklər, eyni milli-mənəvi dəyərlər birləşdirir:
“Ölkələrimiz arasında siyasi əlaqələr də kifayət qədər yüksək səviyyədədir. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin 2021-ci il martın 31-də Türk Dövlətləri Birliyinin videokonfrans formatında keçirilmiş Zirvə görüşündə Azərbaycan xalqını 44 günlük müharibə nəticəsində Qarabağın işğaldan azad olunması və tarixi ədalətin bərpa olunması münasibətilə ürəkdən təbrik etməsi də dostluq və qardaşlıq əlaqələrimizin yüksək səviyyədə olmasının göstəricisidir. Biz həmin vaxt Özbəkistan dövləti ilə yanaşı sıravi özbəklərin də Azərbaycanın haqq işinə mənəvi dəstəyini açıq hiss edirdik.
Özbəkistanın dövlət başçısı Şavkat Mirziyoyevin Daşkənddə Heydər Əliyev Meydanının açılışı zamanı etdiyi çıxışında İkinci Qarabağ müharibəsində qazandığımız Qələbə münasibətilə Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edib. Deyib ki, “bütün bu illər ərzində Özbəkistan beynəlxalq hüquq əsasında Azərbaycanın ərazi bütövlüyü mövqeyində möhkəm dayanıb”. Bu, həqiqətən də çox qürurvericidir.
Məsələyə "Dost da, düşmən də dar gündə bilinər" prizmasından baxdıqda özbəklərin bu cür prinsipial mövqeyini təqdirəlayiq, müsbət hal kimi qiymətləndirməliyik. Prezident İlham Əliyevin Özbəkistana dövlət səfərinin ümummilli lider Heydər Əliyevin Özbəkistana 25 il əvvəlki səfərinin tarixi ilə üst-üstə düşməsi də heç də təsadüfi hadisə deyil. Bu səfərlər arasında məntiqi bağlılıq var. Bu o deməkdir ki, bizim dostluq və müttəfiqlik münasibətlərimiz, soy birliyimiz əbədidir, davamlıdır. Əlaqələrimiz də daima yüksələn xətt üzrə inkişaf edir”.
Ə.Hüseynov qeyd edib ki, Özbəkistan Mərkəzi Asiyanın "açar ölkə"si, geosiyasi və geoiqtisadi proseslərdə həlledici həlqəsi hesab olunur:
“Bu baxımdan, Özbəkistan-Azərbaycan əlaqələrinin yüksək strateji münasibətlər səviyyəsinə çatdırılması bütün türk dünyasının gələcək taleyində olduqca mühüm rol oynaya bilər. Təsadüfi deyil ki, bu səfər zamanı tərəflər arasında 19 sənədin imzalanması nəzərdə tutulur.
Bu da onu göstərir ki, birgə səylər sayəsində Özbəkistan ilə Azərbaycanın münasibətləri artıq yüksək strateji tərəfdaşlıq səviyyəsinə çatıb və konkret məzmun kəsb etməkdədir.
İndi iki dost və qardaş ölkə - Özbəkistan və Azərbaycan arasında münasibətlərin yeni mərhələsi başlayır. Xeyirli-uğurlu olsun!”.