İlin sonuna qədər sülh müqaviləsi real görünmür

Ermənistan rəhbərliyinin sözü ilə əməli üst-üstə düşmür
 
 Ermənistan ilin sonuna qədər Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa Parlamentində çıxşı zamanı deyib. O, Azərbaycanla münasibətləri normallaşdırmağa hazır olduqlarını bəyan edib: "Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin ilin sonunadək imzalanması yüksək dərəcədə realdır. Avropa Parlamentinin Prezidenti Roberta Metsolanın da bildirdiyi kimi, bu ay Azərbaycan tərəfi ilə Brüsseldə görüşmək barədə razılığa gəlmişik. Prinsiplər bu görüşdə təsdiqlənərsə, müqavilə imzalanar". Paşinyan Mehri dəmir yolu xəttinin bərpasına hazır olduğunu da bildirib: 

“Bu dəmir yolu Ermənistanı Azərbaycanla, Ermənistanın cənub rayonlarını şimal-qərb rayonları ilə, Azərbaycanın cənub-şərq rayonlarını Naxçıvanla, Ermənistanı Türkiyə ilə, Azərbaycanı Türkiyə ilə, Gürcüstan, Azərbaycan və Ermənistanı İranla, Xəzər dənizindən Aralıq dənizinə qədər Şərqlə Qərbi birləşdirəcək”. Erməni baş nazir onu da əlavə edib ki, Ermənistan öz ərazisindən Azərbaycan mallarının daşınması və azərbaycanlıların hərəkətinin təhlükəsizliyini təmin etməyə hazırdır. Paşinyan Avropa İttifaqını və Ermənistanın müttəfiqlərini fəaliyyətsizlikdə ittiham etməyi də unutmayıb. Baş nazir BMT 
Təhlükəsizlik Şurasında Qarabağla bağlı üç iclasın keçirildiyini xatırladıb: "Bu müzakirələrin heç biri praktik nəticə verməyib".
  
Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə "Sherg.az"a açıqlamasında deyib ki, Ermənistan Baş naziri Nikol Paşinyan 44 günlük müharibədən ötən hər üç ilin sonuna yaxın bu cür açıqlamalar verib. Partiya rəhbəri vurğulayıb ki, bəyanatlarında İrəvanın sülh danışıqları və müqavilənin imzalanması ilə bağlı heç bir probleminin olmadığını iddia edir: "Paşinyan müxtəlif platformalarda, xüsusən Qərb, Avropa tribunalarında bənzər ifadələr səsləndirir. Fakt isə odur ki, bütün proseslər məhz Ermənistanın bəhanələri, pozucu addımları nəticəsində dalana dirənib, nəticəsiz qalıb. Azərbaycan qalib tərəf olmaqla yanaşı, beynəlxalq hüququn normalarına uyğun 5 əsas baza prinsipini İrəvan hökumətinə təqdim edib. Həmin prinsiplərdən kənara çıxmaq mümkün deyil. Bunu Ermənistan baş naziri, o cümlədən prosesdə vasitəçilik edən tərəflər də çox gözəl anlayırlar. Əsas önəmli məsələlər də dəfələrlə müzakirə olunub. Ancaq Ermənistan hər dəfə nəyisə bəhanə edərək prosesi ləngidir. Görünən odur ki, vasitəçilik missiyası ilə ortaya atılanlar da tezliklə sülhün əldə olunmasında maraqlı deyillər. Gərginliyin qalması fonunda özlərinin siyasi-iqtisadi və hərbi maraqlarını təmin etməyə çalışırlar".
  A.Əlizadə vurğulayıb ki, Paşinyan Mehri dəmir yolu xəttindən, azərbaycanlıların təhlükəsiz keçidindən, hətta avtomobil yolundan danışır. Lakin bəllidir ki, 10 noyabr üçtərəfli bəyanatının yazılı və yazılmamış şərtləri var: "Bir çox məsələ tərəflər arasında razılaşdırılıb. Kommunikasiya xətlərinin açılması məsələsinin içində Zəngəzur dəhlizi də yer almaqdadır. Hətta Zəngəzur dəhlizinə nəzarətin Rusiya tərəfindən həyata keçirilməsi də razılaşdırılıb. Paşinyan özü bunlara razılıq verib. Bundan əlavə İspaniyada keçirilən dördtərəfli görüşdə Azərbaycanın ərazi bütövlüyünü tanıdığına dair sənədə qol çəkib. Bu məsələlərlə bağlı ciddi tələblərimiz və şərtlərimiz var. Haqlı tələblərimizin qəbul olunacağı təqdirdə sülh müqaviləsi imzalana bilər. Hər kəs bilir ki, Azərbaycan sülhün əldə olunmasında ən maraqlı tərəfdir və atdığı addımlarla bunu təsdiqləyir. Paşinyanın nə deməsindən asılı olmayaraq, sülhün əldə olunmamasında əsas problemlərdən biri Ermənistan özüdür. Ermənistan rəhbərliyinin sözü ilə əməli üst-üstə düşmür. Ona görə də ilin sonunadək sülh müqaviləsinin imzalanacağına şübhə ilə yanaşırıq".