İran Azərbaycana diş qıcamaqdan çəkinib  - Çingiz Qənizadə

Tehran başa düşdü ki, qonşu dövlətə qarşı təhdidlər, hədələr mənasızdır

İsfahaninin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri təqdirəlayiqdir


İranın Baş prokurorunun təhlükəsizlik və siyasi məsələlər üzrə müavini Mehdi Əmiri İsfahaninin rəhbərlik etdiyi, xarici işlər və digər aidiyyəti dövlət qurumlarının əməkdaşlarından ibarət nümayəndə heyəti ölkəmizdə işgüzar səfərdə oldu. Nümayəndə heyəti Azərbaycanın Baş prokuroru Kamran Əliyev tərəfindən qəbul olundu. Tərəflər arasında cari il yanvarın 27-də ölkəmizin İrandakı səfirliyinə qarşı törədilmiş terror aktı ilə əlaqədar Azərbaycan və İranın aidiyyəti qurumlarında istintaq olunan cinayət işləri barədə qarşılıqlı fikir mübadiləsi aparılıb. Baş prokuror İran tərəfindən cinayət işinin tam və hərtərəfli araşdırılmasının, bütün iştirakçıların müəyyən edilərək məsuliyyətə cəlb olunmasının zəruriliyini vurğulayıb. Mehdi Əmiri İsfahani Azərbaycanın Tehrandakı səfirliyinə edilmiş hücumdan təəssüf hissi keçirdiyini bildirib. O, qısa müddət ərzində istintaqın tamamlanacağını, təqsirli şəxslərin layiqli cəza alacağını bildirib. 
  
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə "Sherg.az"a açıqlamasında deyib ki, İranın Baş prokurorunun təhlükəsizlik və siyasi məsələlər üzrə müavini Mehdi Əmiri İsfahaninin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri təqdirəlayiqdir. 

Ekspertin sözlərinə görə, buradan çıxan nəticə odur ki, İran Azərbaycana diş qıcamaqdan çəkinib və münasibətlərin normallaşmasında maraqlıdır: "İran Azərbaycanın geri çəkilmədiyini və diş qıcayana, əl uzadana qarşı güclü siyasi-diplomatik, hərbi mövqeyini sərgilədiyini gördü. Tehran başa düşdü ki, qonşu dövlətə qarşı təhdidlər, hədələr mənasızdır. 

Həm də anladı ki, Azərbaycan 30 il əvvəlki ölkə deyil. Yəni səfərin özü, müzakirələr iki dövlət arasında münasibətlərin normallaşmasına müəyyən qədər töhfə verə bilən amil kimi qiymətləndirilə bilər. Azərbaycanın Baş prokuroru Kamran Əliyev tərəfindən də nümayəndə heyətinin qəbul edilməsi göstərir ki, tərəflər arasında hüquqi müstəvidə müəyyən problemlər var. Ölkəmizin Baş prokuroru səviyyəsində həmin problemlər İran nümayəndələrinin diqqətinə çatdırıldı. Təkcə səfirliyimizə qarşı törədilmiş terror aktı deyil, həmçinin İranda həbs edilən soydaşlarımız, iki ölkə arasında hüquqi prosedurlarda olan boşluqlar, Tehranın əməkdaşlıqdan yayınmaları və digər məqamlar da qonaqların diqqətinə çatdırılıb. Tehrandakı səfirliyimizə qarşı baş vermiş teraktdan sonra İranın dövlət qurumları Azərbaycanın prosesə qarışmasına, məlumat almasına mane oldu. Terrorçunu "ruhi xəstə" etdilər, televiziyaya çıxartdılar və s. Bunlar göstərdi ki, baş vermiş hadisədə İranın siyasi hakimiyyətinin də müəyyən rolu var. Çünki terror aktı İranın təhlükəsizlik və hüquq-mühafizə orqanlarının gözü qarşısında baş verib, terrorçuya şərait yaradılıb".
  
Ç.Qənizadə vurğulayıb ki, Azərbaycan tərəfi İranla qonşuluq münasibətlərini qoruyub saxlamaqda maraqlıdır: "Bəs İran bunda maraqlıdırmı? Torpaqlarımız işğala məruz qalarkən, işğal dönəmində və 44 günlük Vətən müharibəsi zamanı İran Azərbaycanla münasibətlərdə səmimi olmayıb. 30 illik işğal dövründə torpaqlarımızın viran edilməsində, şəhər və kəndlərimizin talanmasında, sərvətlərimizin daşınmasında, qaçaqmalçılıqda İran xüsusi rol oynayıb. Eyni zamanda müharibə dövründə Zəngilan istiqamətində hərbi əməliyyatlarımıza mane olan addımlar atmağa başlayıb. Radio-elektron vasitələrlə əldə etdikləri məlumatları Ermənistan tərəfinə ötürüb. Azərbaycana düşmən mövqedən çıxış edən İran Zəngəzur dəhlizinin açılmasını da özləri üçün "qırmızı xətt" elan edib. İranın səmimiyyətinə inanmıram. Üzdə peşmançılıq əlamətləri daşısa da, reallıqda Azərbaycan dövlətinə və vətəndaşlarımıza sevgi-məhəbbət bəsləmir. İran Azərbaycanın siyasi, iqtisadi, hərbi uğurlarını həzm etmir".