Kriminal seriallardakı qətl və silah səhnələri gənclər üçün potensial təhlükə mənbəyi kimi görülür
Məktəblərdəki qətliamlar bu dəfə, deyəsən, dizi, serial sənayesinə təsirini göstərəcək. Ortada olan hələ ki budur. Hazırda nə təhsilin keyfiyyətindən, nə tədris ocaqlarının faktiki əyləncə mərkəzlərinə çevrilməsindən, nə valideyn məsuliyyətindən o qədər danışılmır. Əsas mövzu serialların həyatımıza neqativ qatqısıdır. Və qardaş Türkiyənin efirə nəzarət qurumu dizilərdən “silah-sursat”ın çıxarılması tələbini qoyur. Tamamilə doğru bir məntiqlə ki mafiya həyatını işıqlandıran dizilər pis örnəkdir.
Yaxşı ki nəhayət ayılıblar. Filmlər daim ictimai fikri yönləndirən ideoloji silah olub. Amma, filmlər. Seriallar, dizilər deyil. Məsələn, hansı serialı misal çəkə bilərik ki, güclü ideya – yəni millətə, xalqa, dövlətçiliyə, ali dəyərlərə... yönəlik mövzu daşıyıcısdır? Cümləsinin əvvəli-sonu olmayan dialoqlar, heç bir məna yükü daşımayan boş söhbətlər, vay-şivən, xəyanət, yüngül həyat tərzi, bir-birinə badalaq gələn, tor quran obrazlar... Pis hər nə varsa, o. Kimsə bizi köhnə əyyamlarda ilişib qalmış, “əskiçi” hesab edəcək, desək ki klassik flmlərimiz mənalı, baxımlı, öyrədici idi. Filmlərdə obrazların dilindən səsləndirilən, əslindəsə motivləri əsasında çəkilmiş əsərlərdən alınmış sitatlar indi də xalqın dilinin əzbəridir. Nə oldu, yəni dünya bu qədərmi dəyişdi ki yüksək ideallar, ali dəyərlər ayaqaltına çevrildi? Xeyr. Dizi sənayesi qazanca üstünlük verir. Qazanmaq üçün də insanları yüngül mövzulara cəlb edirlər, çünki ağır çəkili mövzuları hər beyin qaldırmaq gücündə olmur. Bu,hardasa opera, baletlə kabare fərqi kimidir. Yaxşı, deyək ki, qardaş Türkiyədə dizi sənayesi çox inkişaf edib, yapımçılar da, aktyorlar da böyük qazanclar əldə edir və bundan əl çəkmək istəmirlər. Bəs bizimkilərə nə gəlib? Aktyor, aktrisalar seriallardan qəpik-quruş qazandıqlarını, müasir rejissorlar da çəkilişlərə maliyyə tapmadıqlarını, əziyyətlərə qatlaşdıqlarını deyirlər. O zaman, sual yaranır, bir halda ki qazanc yoxdur, əziyyəti bol, sevinci azdır, niyə çəkirsiniz bu mənasız serialları?
Ziyalı fikrini dinləyək. 
Jurnalist Azər Rəşidoğlu “Sherg.az”a mövcud durum barədə danışdı:
- Son dövrlərdə Türkiyədə kriminal və mafiya mövzulu seriallara nəzarətin artırılması ictimai müzakirələrə səbəb olub. Bu addım xüsusilə seriallarda qətl, silahlı qarşıdurma və zorakılıq səhnələrinin çoxluğu ilə bağlı tənqidlər fonunda gündəmə gəlib. Bu tip ekran işlərində zorakılığın “estetikləşdirilməsi” və cinayət həyatının cazibədar təqdim olunması gənclər üçün risk yarada bilər. Ona görə də belə məzmunlara müəyyən tənzimləmələrin tətbiqi sosial baxımdan əsaslandırılır. Eyni zamanda belə bir sual ortaya çıxır: silah və zorakılıq səhnələri azaldılarsa, bu seriallar tamaşaçı itirəcəkmi? Qısa müddətdə müəyyən tamaşaçı itkisi ola bilər, çünki kriminal dramların bir hissəsi məhz gərginlik və aksiya elementlərinə əsaslanır. Lakin uzunmüddətli perspektivdə bu, mütləq azalma demək deyil. Ssenari keyfiyyəti, obrazların dərinliyi və sosial-psixoloji xətt güclü olduqda tamaşaçı marağı qoruna bilər. Əsas məsələ zorakılığın tam çıxarılması yox, onun məzmunda balanslı və məsuliyyətli şəkildə təqdim olunmasıdır. Çünki serialların dəyəri yalnız aksiya ilə deyil, hekayə və dramatik keyfiyyətlə də ölçülür. Ümumi nəticə olaraq, bu sahədə tənzimləmələr yaradıcılığa zərər vermədən həyata keçirilərsə, həm ictimai məsuliyyət qoruna bilər, həm də tamaşaçı marağı davam edə bilər.
A.Rəşidoğlu qeyd etdi ki, Türkiyədən fərqli olaraq Azərbaycanda aktyorların və yaradıcı heyətin mafiya və kriminal mövzulu filmlərdən böyük gəlir əldə etməsi geniş yayılmış model deyil. Buna baxmayaraq, son illər bu tip mövzulara maraq artıb və belə bir sual aktuallaşıb: əgər ciddi qazanc yoxdursa, niyə bu filmlər çəkilir?
- Məncə, bunun bir neçə əsas səbəbi var. Mafiya mövzuları güclü konflikt yaradır və tamaşaçı marağını daha asan cəlb edir. Ölkədə serial istehsalı hələ məhduddur, sifarişli və böyük büdcəli layihələr azdır, bu səbəbdən rejissorlar mövcud imkanlar daxilində daha “diqqətçəkən” mövzulara yönəlirlər. Digər tərəfdən, sponsor və reklam marağı da rol oynayır - kriminal və gərgin süjetli layihələr daha çox baxış və auditoriya topladığı üçün kommersiya baxımından cazibədar görünür. Aktyorlar üçün isə bu layihələr bir çox hallarda birbaşa qazancdan çox ekranda görünmək və tanınmaq imkanı yaradır. Yəni karyera baxımından müəyyən üstünlük təmin edir. Eyni zamanda tamaşaçı tələbi də mühüm faktordur. Gərgin süjetlər sosial şəbəkələrdə daha çox müzakirə olunur və paylaşılır, bu da istehsalçıları həmin istiqamətə yönləndirir. Nəticə etibarilə, Azərbaycanda mafiya mövzulu filmlərin çəkilməsi əsasən maliyyə qazancından çox mövzu cazibəsi, auditoriya marağı və kino sənayesində alternativlərin məhdudluğu ilə bağlıdır. Ümumilikdə bu tendensiya bazar böyüdükcə və janr müxtəlifliyi artdıqca dəyişə bilər. Hər halda, bizim nəsil Həsən Seyidbəyli, Arif Babayev, Rasim Ocaqov kimi ustadların filmləri ilə böyüyüb. Ona görə də keyfiyyətsiz və ucuz məzmunlu ekran işlərini qəbul etmək çətin olur.