İsmayıllının Quşəncə kəndində SU RƏZALƏTİ: İcra da susur, deputat da

  • Mirvari Qəhrəmanlı: "Bu məsələdə lap aşağıdan - bələdiyyə sədrindən tutmuş icra başçısınadək cəzalanmalıdır"
  • İsmayıllıda sakinlər susuzluqdan cana doyub, icradan, deputatdan xəbər yoxdur

İsmayıllının Quşəncə kəndində içməli su problemi uzun illərdir həllini tapmır. Kənd sakinlərinin sözlərinə görə, sovet dövründən bu yana, az qala 50 ildir ki, kənddə içməli su problemi dəyişməz olaraq qalır. Bu gün də insanlar ən adi və həyati ehtiyaclarını – içməli suyu əldə etmək üçün pul ödəməyə məcburdurlar.

Sakinlər bildirirlər ki, hər həftə təxminən 20 manat ödəyərək maşınla içməli su gətirdirlər. Bu isə ailələr üçün əlavə və davamlı xərc deməkdir. Xüsusilə aztəminatlı ailələr üçün illərlə davam edən bu vəziyyət ciddi sosial problemə çevrilib.

Kənddə içməli su məsələsinin acınacaqlı vəziyyətini göstərən daha bir məqam isə su kranı ilə bağlıdır. Belə ki, kənd qəbiristanlığında cəmi bir su kranı olduğu bildirilir. Sakinlərin iddiasına görə, imkanlı şəxslərdən biri krana şlanq çəkərək suyu birbaşa öz həyətinə yönəldib. Nəticədə kənd camaatının istifadə edə biləcəyi yeganə su mənbəyindən də normal şəkildə yararlanmaq mümkün deyil.

Ən çox narazılıq doğuran məsələ isə illərdir davam edən problemin həlli ilə bağlı aidiyyəti qurumların, eləcə də rayonun deputatı Novruzəli Aslanovun yetərincə maraq göstərməməsidir. Sakinlər haqlı olaraq sual edirlər: kənd əhalisinin ən elementar ehtiyacı olan içməli su problemi 50 ilə yaxındır həll olunmursa, onların səsini kim eşitməlidir?

Rayon icra hakimiyyəti, kənd bələdiyyəsi və seçiciləri Milli Məclisdə təmsil edən deputat bu problemin həlli üçün hansı addımları atıb? Əgər bir kənd sakini hər həftə öz cibindən 20 manat verib içməli su almağa məcburdursa, bu məsələnin gündəmə gətirilməsi üçün daha nə qədər gözləmək lazımdır?

Təəssüf doğuran məqam odur ki, Quşəncədə yaşanan problem təkcə bir kəndin problemi deyil. Ölkənin müxtəlif regionlarında da sakinlər içməli su çatışmazlığından əziyyət çəkir, bəzi kəndlərdə insanlar suyu hələ də pulla almağa məcbur qalırlar. Halbuki içməli su lüks deyil, insanın ən fundamental ehtiyaclarından biridir.

Quşəncə sakinləri isə illərdir eyni sualı verirlər: 50 ilə yaxın müddətdə həll olunmayan bu problem nə vaxt öz həllini tapacaq? Kənd camaatı artıq vəd deyil, konkret nəticə gözləyir.

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri, hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı Sherg.az-a bildirdi ki, Azərbaycan kimi yeraltı və yürüstü sərvətlərlə zəngin olan bir ölkədə XXI əsrdə hər hansı kənddə, qəsəbədə təbii qaz və ya su qıtlığının yaşanması utancvericidir: 

- Bölgələrdə su qıtlığının yaşanmasının əsas səbəblərindən biri Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilişi zamanı səhlənkarlığa, səhvlərə yol verilməsidir. Biz kəmərin tikintisi zamanı monitorinqlər aparmışdıq və fəsadlar barədə xəbərdarlıq etmişdik, bəzi ərazilərdə su qıtlığı yaranacağı ehtimalını da irəli sürmüşdük. Monitorinqlər zamanı hansı rayonlardaki su qıtlığı yaşana bilər qeyd etmişdik. Gözlənilən kimi də oldu. Kəmərin çəkilməsi kəndlərdəki su quyularına da ciddi təsir etdi. Yerli orqanlar, dövlət qurumları bunu bilməli idilər. Zaman ötdükcə də fəsadlar öünü göstərdi. Su kəmərinin çəkilməsi zamanı ekoloji hesabatın hazırlanmaması, kəmərin tələm-tələsik çəkilməsi, torpaq problemlərinə, ətraf meşələrə, su ehtiyatlarına da mənfi təsir göstərdi. Bir çox yerlərdə artezian quyuları qazıldı, bu da kəndlərdə əhalinin illərlə istifadə etdiyi təbii su quyularına öz mənfi təsirini göstərdi. Quyulardan sular çəkildi. Kəmərin inşası üçün mütləq ekoloji ekspertiza sənədi hazırlanmalıydı, sonra kəmərin inşasına başlanmalıydı. Biz o vaxt ekolji ekspertiza sənədini istədik, amma sənədi tapıb bizə təqdim etmədilər. Sənəd “itkin düşdü”. Hazırda həmin regionda su qıtlığının əsas səbəbi Oğuz-Qəbələ-Bakı su kəməridir. Çünki layihənin icrasına ciddi nəzarət edilmədi, səhvlər oldu. Və su qıtlığı yarandı. Görün hansı zəmanədə yaşayırıq, neft tükənir, qazlaşdırma yoxdur. Su kəməri çəkilir, amma su yoxdur. Deməli, düzgün idarəetmə yoxdur. Bu məsələdə lap aşağıdan - bələdiyyə sədrindən tutmuş icra başçısınadək cəzalanmalıdır. Dünyada qıtlıq başlanır. Zamanında əhalinin qayğısına qalınsaydı, işlər düzgün idarə edilsəydi, insanlar bu gün əziyyət çəkməzdi. Əhalinin bu cür əziyyət çəkməsinə pis idarəetmə, sahə üzrə kuratorlar, aparat rəhbərləri hamısı günahkardır. Bugünki vəziyyət zamanında buraxılmış səhvlərin nəticəsidir.