Rusiya Ermənistandan idxalın bərpası üçün şərtlərini açıqladı

Ermənistan məhsullarının idxalı İrəvan sanitar yoxlamaların nəticələrini və pozuntuların aradan qaldırılması planını təqdim etdikdən sonra bərpa ediləcək.

Teleqraf xəbər verir ki, bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (“Rosselxoznadzor”) məlumat yayıb.

Qurum Ermənistanın görülən tədbirlər barədə məlumat və Avrasiya İqtisadi Birliyinin (AİB) baytarlıq və fitosanitar tələblərinə riayət olunması üzrə fəaliyyət alqoritmini təqdim etməsini gözləyir.

Xatırladaq ki, “Rosselxoznadzor” Ermənistandan Rusiyaya bəzi məhsulların idxalına məhdudiyyətlər tətbiq edib. Müvəqqəti qadağa “Cermuk” mineral suyunun, çəyirdəkli meyvələrin, üzümün, gilasın, albalının, əriyin, gavalının, şaftalının və nektarinin tədarükünə şamil olunub. Avropa İttifaqının (Aİ) Ermənistanın kənd təsərrüfatı istehsalçılarına bütün zəruri yardımı göstərəcəyinə söz verib.

“Rosselxoznadzor”un rəhbəri Sergey Dankvert bildirib ki, Ermənistanın kənd təsərrüfatı məhsullarının tədarükünə qoyulan məhdudiyyətlər siyasətlə deyil, istehsalçılarda effektiv keyfiyyətə nəzarət sisteminin olmaması ilə bağlıdır.

“Qafqaz” İnstitutunun eksperti, iqtisadçı Qrant Mikaelyan deyib ki, Rusiya bazarı Ermənistan üçün bağlandıqdan sonra ölkənin tərəvəz-meyvə ixracından əldə etdiyi gəlirlər kəskin şəkildə azalıb. İlin əvvəlindən Rusiya ilə Ermənistan arasında əmtəə dövriyyəsi 2025-ci ilin göstəricisi ilə müqayisədə üçdə iki aşağı düşüb.