- Orduda nizamnamədənkənar münasibətlər problemini əsas güc və hüquq-mühafizə strukturlarının nümayəndələri araşdıracaq
Ermənistanın Baş naziri Nikol Paşinyan orduda intihar və nizamnamədənkənar münasibətlər problemləri ilə məşğul olacaq işçi qrupu yaradıb.
Sherg.az xəbər verir ki, müvafiq qərar Ermənistan hökumətinin saytında dərc olunub.
İşçi qrupuna əsas güc və dövlət strukturlarının rəhbərləri və nümayəndələri daxil edilib. Onların arasında müdafiə, səhiyyə, təhsil, elm, mədəniyyət və idman nazirləri, Silahlı Qüvvələrin Baş Qərargah rəisi, Təhlükəsizlik Şurasının katibi, Daxili İşlər Nazirliyi rəhbərinin müvafiq müavinləri, Milli Təhlükəsizlik Xidmətinin direktoru, baş prokuror, Hərbi Polis rəisi və digər vəzifəli şəxslər var. Ümumilikdə qrup 11 nəfərdən ibarətdir.
Qeyd edək ki, Paşinyan avqustun 13-də orduda baş verən insidentləri və Silahlı Qüvvələrdəki ümumi vəziyyəti şərh edərkən bu sahəyə birbaşa cavabdeh strukturlarda kadr dəyişikliklərinin aparılacağını açıqlamışdı.
Bundan qısa müddət sonra Silahlı Qüvvələrin mənəvi-psixoloji təminat idarəsinin rəisi Serj Stepyan və Hərbi Polis rəisi Aşot Zakaryan vəzifələrindən azad ediliblər.