“Meyxanaçıların qiyamı”: Onlar sağ çıxmayacaqlar! 

Aqşin Yensey:“Amma unutmayaq ki, tarixin bütün dövrlərində sənət gələcək üçün həmişə öz dövrünün şərtlərinə satılmayan, öz dövründə ölümü könüllü seçən adamları diri saxlayır”
    
“Gələcəyin diriləri bu günün ölüləridir. Necə ki, XXI əsrə XX əsrdə faşist və kommunist kütlələrin tələsinə düşməyib “ölənlər” sağ çıxdı “ 



“Son zamanlarda meyxana ailəmində meyxanaçıların başına toplaşan kütlənin sayı gündən-günə artmaqdadır ”.  
Bu sözləri “Sherg.az”a şair Aqşin Yenisey deyib . 
Onun sözlərinə görə, meyxanaya duyulan maraq ədəbiyyata, elmə, göstərilmir:
“Kütlələrin qiyamı, daha doğrusu, qiyaməti təkcə ədəbiyyatda baş vermir. Bu gün kütləsi olan həkimlər, siyasətçilər, psixoloqlar və s. öz sahələrinin sonuncularıdır.

 Orteqa i Qasset keçən əsrin əvvəllərində kütlələrin gücünə ehtiyac duyan və buna görə insanları kütləşdirən, kütlələşdirən faşizm və kommunizm ideologiyalarının dünyanın başına bəla olacağını sezib “Kütlələrin qiyamı” əsərini yazmışdı. Kütlələrin yaradılması dünyada müharibə hazırlığının xəbərdarlığıdır.  

Bugünkü kütlələri neoliberal kapitalizm yaradır. İdeologiyası isə budur: Dünyada hər şey satıla biləndir! Satıla bilməyən, satılmaq istəməyən, satılmayan ölümə məhkumdur. İstər dini dəyər olsun, istər elmi icad, istərsə də sənət əsəri.
Kitabını oxuyan kütlələr yoxdursa, yazıçı deyilsən, ölməlisən! Tamaşana axışan kütlələr yoxdursa, teatr deyilsən, ölməlisən! Filminə baxan kütlələr yoxdursa, rejissor deyilsən, ölməlisən! Və s. 

Bu gün əsl sənət adamlarını qorxudan, kütlə tənqidçisinə çevirən də bu haqsız ölüm qorxusudur. Amma unutmayaq ki, tarixin bütün dövrlərində sənət gələcək üçün həmişə öz dövrünün şərtlərinə satılmayan, öz dövründə ölümü könüllü seçən adamları diri saxlayır.    
Gələcəyin diriləri bu günün ölüləridir. Necə ki, XXI əsrə XX əsrdə faşist və kommunist kütlələrin tələsinə düşməyib “ölənlər” sağ çıxdı “. 

Qeyd edək ki, bu günlərdə meyxana məclisinə dair foto paylaşılıb. Fotodan da görünmdüyü bu məclisə təşrif  buyuranların sayı olduqca çoxdur. Məhz bu vəziyyət cəmiyyətdə fikir ayrılıqları yaradıb. Bəziləri iddia edirlər ki, ölkədə şair, yazıçı və alimlə görüşə barmaqla sayılacaq qədər adamın qatıldığı halda meyxanaçıların bu qədər kütlə, auditoriya yığa bilməsi nonsensdir.  

Şərqiyyə Nəbi