Ekspert: Azərbaycan-Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

Ömər Faruk Karaman: “Bərabərhüquqlu tərəfdaşlıq yalnız bəyanatlarla ölçülmür”

Türkiyə ilə Azərbaycan arasında münasibətlər siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlıq, qarşılıqlı dəstək və ortaq maraqlar əsasında inkişaf edir. İki ölkə arasındakı əlaqələrdə qardaşlıq, etimad və həmrəylik kimi prinsiplər mühüm yer tutur. Bu münasibətlərin gələcək inkişafı isə qarşılıqlı hörmətin qorunması və əməkdaşlığın müxtəlif istiqamətlər üzrə davam etdirilməsi ilə bağlıdır.

Bu kontekstdə Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı Azərbaycan-Türkiyə münasibətlərinin qarşılıqlı hörmət, bərabərhüquqlu tərəfdaşlıq, etimad və qardaşlıq prinsipləri əsasında inkişaf edəcəyinə inandığını bildirib. O, Azərbaycan-Türkiyə qardaşlığının qorunmasının və həmrəyliyin gücləndirilməsinin bütün türk dünyasının ortaq gələcəyi baxımından strateji əhəmiyyət daşıdığını vurğulayıb.

Çanaqqala On Səkkiz Mart Universitetinin akademik heyyət üzvü, siyasi elmlər üzrə mütəxəssis Dr. Ömər Faruk Karaman Sherg.az-a Türkiyə-Azərbaycan münasibətlərindən danışıb: 

"Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər çox vaxt “İki dövlət, bir millət” ifadəsi ilə təsvir olunur. Bu ifadə ortaq tarixi və mədəni yaxınlığı güclü şəkildə əks etdirir. Lakin iki müstəqil dövlət arasındakı münasibətlərin necə davam etdirilməli olduğu sualına təkbaşına cavab vermir. Dövlət Baxçalı ilə Azərbaycanın Ankaradakı səfiri Rəşad Aslanov arasında keçirilən görüşlə bağlı paylaşımda önə çıxan “qarşılıqlı hörmət, bərabərhüquqlu tərəfdaşlıq və etimad” vurğusu bu baxımdan diqqətəlayiqdir. Qardaşlıq bağlarını qorumaq istəyi münasibətlərin gündəlik fəaliyyətinə istiqamət verəcək prinsiplərlə birlikdə ifadə olunur. Bu vurğu iki ölkə arasındakı yaxınlığın öz-özünə və hər bir şəraitdə eyni şəkildə davam edəcəyi fərziyyəsindən daha real bir zəminə işarə edir. Yaxınlıq vacibdir, lakin dövlətlərarası münasibətlərdə etimad müntəzəm təmaslar və qarşılıqlı maraqların nəzərə alınması ilə möhkəmlənir. “Bərabərhüquqlu tərəfdaşlıq” ifadəsi də bu səbəbdən yalnız diplomatik nəzakət ifadəsi kimi qəbul edilməməlidir". 

Analitik bildirib ki, tərəfdaşlığın bərabərliyi tərəflərin bir-birinin suverenliyinə, qərarlarına və prioritetlərinə göstərdiyi hörmətlə ölçülür:

"Bu prinsipin nə dərəcədə həyata keçirildiyi isə bəyanatlardan daha çox, zaman ərzində qəbul edilən qərarlar və qurulan əməkdaşlıq vasitəsilə aydın olur. Səfirin Prezident İlham Əliyevin salamlarını və təşəkkürlərini Baxçalıya çatdırması, Baxçalının da Azərbaycanın yanında olduğunu bildirməsi siyasi təmasların yalnız hökumətlər arasında aparılmadığını xatırladır. Siyasi partiyalar, parlamentlər və cəmiyyətlər arasındakı münasibətlər rəsmi diplomatiyanı müşayiət edən əlaqə kanallarıdır. Bu kanallar yaxınlıq mesajlarının davam etdirilməsinə və qarşılıqlı həssaslıqların bölüşülməsinə töhfə verə bilər. Bununla belə, siyasi görüş özlüyündə iki dövlətin siyasətində dəyişiklik baş verdiyi və ya müəyyən diplomatik nəticənin əldə olunduğu anlamına gəlmir. Paylaşılan açıqlama da görüşün ətraflı gündəliyini ortaya qoymur. Buna görə də qiymətləndirməni açıqlanan mesajların sərhədləri daxilində saxlamaq lazımdır.

Türk dünyasının birlik və həmrəyliyinə edilən vurğu da oxşar diqqətlə nəzərdən keçirilməlidir". 

Ekspert qeyd edib ki, ortaq kimlik və tarix anlayışı ölkələr arasında həmrəylik hissini gücləndirə bilər: 

"Lakin bu həmrəyliyin davamlı və əhatəli olması müstəqil dövlətlərin fərqli şəraitini və seçimlərini nəzərə almasından asılıdır. Birlik ideyası ölkələrin iradələrinin vahid iradəyə çevrilməsi demək deyil. Bu ideya qarşılıqlı hörmət çərçivəsində ortaq fəaliyyət sahələrinin yaradılması cəhdi kimi də başa düşülə bilər. Belə yanaşma həm güclü əlaqələri qoruyur, həm də münasibətlərdə bərabərlik prinsipinə yer açır. Açıqlamada həmrəyliyin Türk dünyasının ortaq gələcəyi baxımından daşıdığı əhəmiyyət vurğulanır. Bu, siyasi məqsəd və arzu kimi əhəmiyyətlidir, lakin konkret nəticənin sübutu deyil. Söyləmin davamlılığı ortaq gələcəyin hansı sahələrdə və necə qurulacağına dair ardıcıl təmaslarla gücləndirilə bilər. Təhsil və mədəniyyət əlaqələrinin inkişaf etdirilməsi, iqtisadi münasibətlərin qarşılıqlı fayda əsasında irəlilədilməsi və dövlət qurumları arasında müntəzəm məsləhətləşmələrin davam etdirilməsi bu istiqamətdə nəzərdən keçirilə biləcək məsələlərdir. Burada həlledici məqam tərəfdaşlıq ideyasının yalnız emosional yaxınlıqla deyil, hər iki tərəfin fayda əldə etdiyi və töhfə verdiyi işlərlə dəstəklənməsidir".

Müsahibimiz vurğulayıb ki, Baxçalının açıqlamasının müsbət tərəfi qardaşlıq vurğusunu etimad və bərabərlik prinsipləri ilə birlikdə ifadə etməsidir: 

"Bu prinsiplər münasibətlərin gələcəyinə dair niyyət bəyanatı kimi qiymətləndirilə bilər. Onların real qarşılığını isə qarşıdakı dövrdə keçiriləcək təmaslar, qəbul ediləcək qərarlar və həyata keçiriləcək birgə işlər göstərəcək. Türkiyə ilə Azərbaycan arasındakı yaxınlıq güclü başlanğıc nöqtəsi yaradır. Bu yaxınlığın davamlılığı isə tərəflərin onu qarşılıqlı hörmət əsasında möhkəmləndirməsindən asılıdır".