Millət vəkili narazılıq etdi

Parlamentdə səslənən fikirlərin əksinə qərarlar qəbul olunur

Fazil Mustafa: "On minlərlə Azərbaycan vətəndaşı acınacaqlı vəziyyətə düşüb, yüz minlərlə insanın müalicə, istirahət hüququ pozulub. Əvvəlcədən bilet alıblar, amma ölkə xaricinə çıxa bilmirlər"

  Dünən Milli Məclisin növbədənkənar sessiyasının sonuncu plenar iclası keçirilib. Parlament Qurban bayramı münasibəti ilə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanı təbrik edib. Sədr Sahibə Qafarova ölkə rəhbərliyinə gələcək fəaliyyətlərində uğurlar arzu edib. Deputatlar təbriki alqışlayıblar. Sahibə Qafarova bildirib ki, növbədənkənar sessiya dövründə Milli Məclisin 5 iclası keçirilib, 38 qanun və 6 qərar qəbul edilib. Qeyd edək ki, parlamentin payız sessiyasının iclası sentyabrın 30-u keçirilir. Əgər sentyabrın 30-u istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşərsə, sessiya bu gündən sonra gələn birinci iş günü öz işinə başlayır.

Milli Məclis Rusiya ilə müqaviləni təsdiq edib

  Parlamentin iclasında “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında” Müqavilənin təsdiq edilməsi məsələsi də müzakirəyə çıxarılıb. Müqavilə haqqında məlumat verən Milli Məclisin Əmək və sosial siyasət komitəsini sədri Musa Quliyev bildirib ki, yeni təsdiq edilən müqaviləyə əsasən, həm Azərbaycan, həm də Rusiya tərəfdəki pensiya stajları toplanacaq və bu, vətəndaşlarımızın pensiyasının artımına da səbəb olacaq: “Yəni proporsional şəkildə, hansı ölkədə neçə il əmək stajı olubsa, o ölkələr də buna uyğun ona pensiya ödənilməsində iştirak edəcəklər. Tutaq ki, Azərbaycan vətəndaşının 30 il stajı var, 20 il stajı Azərbaycanda, 10 ili də Rusiyada qazanıb, onun pensiyasının 1/3-i artıq Rusiya tərəfindən ödəniləcək”. Sənəd müzakirələrdən sonra səsverməyə qoyularaq qəbul edilib.

“ATƏT-in Minsk qrupu fəaliyyəti dövründə heç bir iş görməyib”

  Deputat Siyavuş Novruzov bildirib ki, ATƏT-in Minsk qrupu kimi ölünü yenidən diriltməyə çalışırlar: “Onlar son zamanda bu ölü təşkilatı diriltməyə çalışırlar və bu addımı ermənilərin xeyrinə atmaq istəyirlər. ATƏT-in Minsk qrupu fəaliyyəti dövründə heç bir iş görməyib, münaqişəni uzatmaqla məşğul olub. Bu təşkilat artıq ölüb, onun fatihəsin vermək lazımdır”.

Göyçə, Zəngəzur, İrəvandakı toponimlərimizlə bağlı mühüm təklif...

  Deputat Siyavuş Novruzov qeyd edib ki, Zəngəzur, Göyçə, İrəvan bölgəsindəki qədim adlarımız kütləvi şəkildə dəyişdirilib: “Bu istiqamətdə alimlərimiz kifayət qədər işlər görürlər, araşdırmalar aparırlar. Toponomiya komissiyası ilə birlikdə müzakirələr keçirib, həmin yer adlarının dəyişdirilməsiylə bağlı qərarlar qəbul etməliyik”. S.Novruzov əlavə edib ki, seçki dairələrində sosializm, bolşeviklərlə əlaqəli adlar da qalıb. Odur ki, həmkarlarına müraciətlə bu istiqamətdə araşdırma aparılmasını, həmin kənd adlarına da baxılmasını təklif edib: “Payız sessiyasında bu məsələni müzakirə etmək lazımdır”.

“Bu məntiqsiz qərarların dəyişdirilməsinə ehtiyac var”

  Millət vəkili Fazil Mustafa parlamentin çıxışında bir sıra problemlərə diqqət çəkib. Deputat vurğulayıb ki, parlamentdə səsləndirilən fikirlərin böyük əksəriyyəti ya diqqətdən kənarda qalır, ya da onun əksinə qərarlar qəbul olunur. F.Mustafa quru sərhədlərin açılması ilə bağlı təşəbbüslərin ziddinə olaraq qərarın verildiyini xatırladıb: “On minlərlə Azərbaycan vətəndaşı acınacaqlı vəziyyətə düşüb, yüz minlərlə insanın müalicə, istirahət hüququ pozulub. Əvvəlcədən bilet alıblar, amma ölkə xaricinə çıxa bilmirlər. Ölkədə tədrisin 1 sentyabrda başlaması ilə bağlı qaldırdığı məsələ də həllini tapmır. Heç bir əsas gətirmədən vaxtilə qəbul olunmuş qərarı qüvvəsində saxlayırlar. Bu məntiqsiz qərarların dəyişdirilməsinə ehtiyac var”.

“Konstitusiyanın işləməsi üçün optimal yol tapmalıyıq”

  F.Mustafa Konstitusiyanın 30 və 51-ci maddələrinin, mülkiyyət və elmi fəaliyyət azadlığı ilə bağlı müddəaların da pozulduğunu bildirib: “Hər kəsin mülkiyyət hüququ və elmi fəaliyyətlə sərbəst fəaliyyət göstərmək haqqı var. Hansısa bir qayda ilə məmurların elmi fəaliyyəti qadağan olunub. Niyə olmaz? Siz plagiatın, oğurluğun qarşısını alın! Bizim yüzlərlə savadlı məmurumuz var. Vəzifədən gedir, elmi fəaliyyətlə məşğul olmaq, hansısa universitetdə dərs demək istəyir. Niyə onların qarşısı alınır? Biz Konstitusiyanın işləməsi üçün optimal yol tapmalıyıq ki, vətəndaşlarımızı sıxıntıdan qurtara bilək”.