Ermənistan parlamentinin keçmiş sədri Artur Bağdasaryanın və ailə üzvlərinin daşınar və daşınmaz əmlakına həbs qoyulub.
Sherg.az xəbər verir ki, Ermənistan Ədliyyə Nazirliyinin Məcburi İcra Xidmətinin məlumatına görə, Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinin qərarı ilə Bağdasaryanın və onunla əlaqəli 7 nəfərin əmlakı həbs edilib.
Həbsə 8 daşınmaz əmlak obyekti, nəqliyyat vasitələri də daxil olmaqla 1020 daşınar əmlak vahidi və 156,5 milyon dram (təxminən 435 min dollar) vəsait daxildir.
Məlumata görə, Bağdasaryanla əlaqəli “FELİNGER” şirkətinə məxsus, Abovyan küçəsində yerləşən hotel və sanatoriya kompleksi, eləcə də “SKAYVYU” şirkətinə məxsus, Heratsi küçəsində yerləşən və tikintisi başa çatmamış çoxmənzilli bina mühafizəyə verilib. Sahiblərinə şirkətlərin daşınar və daşınmaz əmlakına sərəncam vermək qadağan olunub.
Qeyd edək ki, bundan əvvəl Artur Bağdasaryan və ailə üzvləri qanunsuz əldə edilmiş əmlakla bağlı araşdırma çərçivəsində prokurorluğa çağırılıblar. Yoxlamanın nəticələrinə əsasən, keçmiş spikerin və ailə üzvlərinin adına rəsmiləşdirilmiş əmlakın müsadirəsi nəzərdə tutulur.