Bu təşkilat Azərbaycan xalqının yaddaşında ədalətsizliyin simvolu kimi qalacaq
ATƏT-in Minsk prosesi və onunla bağlı strukturların 2025-ci ildə (1 dekabr 2025-ci ildən etibarən - red.) bağlanması barədə tarixi qərar Azərbaycan və Ermənistanın birgə səyləri nəticəsində mümkün olub. Bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan Vyanada ATƏT Xarici İşlər Nazirləri Şurasının 32-ci iclasında çıxış edərkən bildirib. Hakan Fidan vurğulayıb ki, ATƏT-də mümkün islahatları əhatə edən kollektiv iş təşkilatın fəaliyyətini daha da "canlandırmağa" kömək edə bilər. Erməni Milli Konqresinin sədr müavini Levon Zurabyan isə iddia edib ki, ATƏT-in Minsk qrupunun ləğv edilməsi ilə Paşinyan Əliyevə müharibə üçün kart-blanş verdi. Onun sözlərinə görə, Minsk qrupunun ləğv edilməsi Azərbaycanın daha sərbəst şəkildə hərəkət etməsi üçün imkanlar yaradacaq. Qeyd edək ki, ATƏT-in fəaliyyətdə olan sədri Elina Valtonen ötən gün Minsk qrupunun bağlanması qərarının Azərbaycan-Ermənistan sülh prosesini dəstəkləyən həyati addım olduğunu deyib.
Politoloq Əlisahib Hüseynov Sherg.az-a deyib ki, ATƏT yarandığı dövrdən indiyə qədər Minsk prosesi və onunla əlaqəli strukturların bağlanmasını başa çatdırmaqla, bəlkə də, öz tarixində ilk dəfə düzgün addım atdı. Ekspert vurğulayıb ki, Minsk qrupu özünü doğrulda bilməyən bədnam və bivec bir təsisata çevrilmişdi:

"Üç həmsədrdən ibarət bu ermənipərəst qrupu, əslində, çoxdan tarixin zibilliyinə göndərmək lazım idi. Və rəsmi Bakı da uzun müddətdir ki, məhz bu tələblə çıxış edirdi. Lakin Qərbin ikili oyunları və Ermənistan tərəfinin Minsk qrupunun mövcudluğundan Azərbaycana qarşı əlavə təzyiq vasitəsi kimi istifadə etmək cəhdləri formal təsisata çevrilmiş həmsədrlik institunu rəsmi olaraq ləğv etməyə imkan vermirdi. Azərbaycan isə bu məsələdə faktiki olaraq axıra qədər prinsipial mövqe nümayiş etdirdi. Xüsusən də 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın Cənubi Qafqazda tamamilə yeni geosiyasi reallıqlar yaratması, fərqli konfiqurasiya formalaşdırması nəticəsində ATƏT-in sözügedən uğursuz həmsədrlik institutunun de-yure ləğv edilməsi rəsmi Bakı üçün əsas prioritet məsələlərdən birinə çevrilmişdi. Həmsədr ölkələr və İrəvan isə Minsk qrupunun ləğvinə bütün vasitələrlə mane olmaq xəttini seçmişdilər. Məhz buna görə də onlar Minsk qrupunu nəinki 44 günlük müharibədən sonra, hətta 2023-cü il 19-20 sentyabr antiterror əməliyyatından sonrakı dövrdə də yenidən prosesə qoşmaq istəyirdilər. Lakin rəsmi Bakı bütün bu cəhdlərin qarşısını müvəffəqiyyətlə ala bildi".
Ə.Hüseynov bəyan edib ki, Prezident İlham Əliyev Minsk qrupunun tarixin arxivinə göndərilməsində xüsusi rol oynadı:
"Onlara başa salındı ki, Minsk qrupu artıq keçilmiş, geridə qalmış mərhələdir. Azərbaycan Ordusunun işğalçı Ermənistan üzərində parlaq qələbəsi Minsk qrupunu de-fakto ölü quruma çevirmişdi. 2025-ci il avqustun 8-də Azərbaycan və Ermənistan liderləri tərəfindən Vaşinqtonda Birgə Bəyannamənin imzalanmasından sonra isə Minsk qrupunun de-yure buraxılması da artıq tam qətiləşdi. Bununla Minsk qrupunun 33 illik tarixçəsinə sonuncu nöqtə qoyuldu. Ermənistan–Azərbaycan münaqişəsinin həlli ilə deyil, onun dondurulması ilə məşğul olan və Azərbaycan xalqını işğal faktı ilə barışdırmağa çalışan Minsk qrupu, beləliklə, rüsvayçı şəkildə tarix səhnəsindən silindi. Minsk qrupu Azərbaycan xalqının yaddaşında ədalətsizliyin simvolu kimi qalacaq".