Misir Qasımlı Ukraynada erməni əsilli ispan tərəfindən şərlənib


Deputat Məlahət İbrahimqızı həbsdə olan Vətən müharibəsi iştirakçısının azadlığı üçün parlamentdən kömək istəyib


Dünən Milli Məclisin payız sessiyası çərçivəsində növbəti plenar iclas keçirilib. İclasın gündəliyinə 30 məsələ daxil edilib. Əvvəlcə deputatlar cari məsələlərlə bağlı çıxışlar edərək bəzi problemləri gündəmə gətiriblər. İclasda hazırda Ukraynada həbsdə olan Vətən müharibəsi iştirakçısı Misir Qasımlıya dair məsələ qaldırılıb. Deputat Məlahət İbrahimqızı Azərbaycan-Ukrayna Parlamentlərarası dostluq qrupunun bu məsələyə diqqət yetirməsini istəyib. Deputat qeyd edib ki, Misir Qasımlı Azərbaycan Prezidenti tərəfindən bir neçə dəfə medalla təltif olunub: 

“Misir Qasımlı Ukraynada erməni əsilli ispan tərəfindən şərlənib və bu iş üzrə heç bir sübut təqdim olunmayıb. Çox təəssüflər olsun ki, Ukraynadakı səfir bu hadisələrə bir az laqeyd yanaşır. Bir neçə dəfə Azərbaycan diasporundan mediaya məlumat verilib ki, bu məsələ diqqətdədir. Amma bir il yarımdan çoxdur ki, heç bir sübut ortaya qoyulmur, hər dəfə məhkəmə təxirə salınır. Onun vəkili də dəfələrlə bu iş üzrə heç bir sübut olmadığını bildirir. Mən bir daha müraciət edirəm ki, Azərbaycan-Ukrayna Parlamentlərarası əlaqələr üzrə işçi qrupu Ukrayna Ali Radasına müraciət etsin və bu məsələnin tezliklə bitməsini tələb etsin”.

“Əvvəllər məhkumluğu olan şəxsləri vəzifəyə qoymamaq qanunlarımıza ziddir”

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib ki, Cinayət Məcəlləsinə təklif edilən yeni dəyişikliklə hüquqi şəxslərə münasibətdə üzərlərindən məhkumluğun götürülməsi çox aydın şəkildə görünür. Deputat bildirib ki, fiziki şəxslərə münasibətdə də belə müddəa var: “Ombudsmanla bağlı qanuna da dəyişiklik edəcəyik. Burada da bununla bağlı müddəa var. Bildirilib ki, əvvəllər məhkumluğu olmuş şəxs namizəd ola bilməz. Yəni dövlət vətəndaşa müəyyən müddətdən sonra məhkum olunmamış sayılması üçün hüquq verir, amma qanunlarda bunu nəzərə almırıq. “Media haqqında” qanuna da bu müddəanı salmışıq. Əvvəllər məhkumluğu olan şəxsləri heç bir vəzifəyə getməyə qoymamaqla bağlı bu müddəalar bizim qanunlarımıza ziddir”.

“Gəncənin bombalanmasına Avropa hələ qiymət verməyib”

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib ki, son vaxtlar Avropada yaşayan bəzi siyasətçilər ermənipərəst mövqe sərgiləyirlər. Deputat bildirib ki, bu gün terrorçu Ermənistanın Gəncəyə raket atmasından 2 il keçir: “Erməni terrorçular tərəfindən Vətən müharibəsi dövründə Gəncə şəhərinə 4 dəfə raket atılıb. Avropadakı o siyasətbazlar bunları eşitsinlər, görsünlər, dilə gətirsinlər. Ondan sonra onların erməni terrorçularının yanında durub-durmadığını bütün dünya görsün. Biz Ermənistan terrorunu pisləyirik. Biz bu terrorun bütün dünyaya qarşı olduğunu bilirik. Xocalı soyqırımı, Edilli faciəsi, Vətən müharibəsi dövründə Bərdənin, Gəncənin, Tərtərin raket hücumuna məruz qalması terror deyil, bəs nədir?”.
Deputat Sahib Alıyev də Ermənistanın Gəncəni ikinci dəfə bombalanmasından 2 il keçsə də, Avropanın hələ buna qiymət vermədiyini vurğulayıb: “Bizə qarşı edilən vəhşilikləri görməzdən gəlmələri ilk dəfə deyil. Ancaq hələ reallığı sübut edilməmiş bir videoya görə Azərbaycana təzyiq göstərməyə çalışır, guya, heyrətə gəldiklərini bildirirlər”.


"Qanun layihəsində startap ayrıca istiqamət kimi qeyd olunmayıb"

Millət vəkili Vüqar Bayramov startapla bağlı təkliflə çıxış edib. Vurğulayıb ki, qanun layihəsində startap ayrıca istiqamət kimi qeyd olunmayıb: "Hazırda startap dünya miqyasında 3 trilyon ABŞ dolları, G7 ölkələrində isə 600 milyard ABŞ dolları əlavə dəyər yaradır. Bu səbəbdən startaplarla bağlı əlavə qanun layihəsinə ehtiyac var. Startaplar kiçik və orta sahibkarlığın (KOB) fəaliyyətində mühüm rol oynayır. Bundan başqa, qanun layihəsi innovativ olmalıdır və təkcə ənənəvi üsullarla hazırlanmamalıdır. Ancaq bu layihədə innovasiya xüsusi ünvanlanmayıb. Qanun layihəsində KOB-un maliyyə təminatı sistemləşdirilməyib. Halbuki, KOB-lar üçün əsas problemlərdən biri məhz maliyyə resurslarına çıxış imkanının artırılmasıdır. Digər tərəfdən, qanunun əhəmiyyətinin əsaslandırılmasına və qanunun daha çox dəstək tədbirlərini əhatə etməsi vacibdir”.

“Tenderlər formal xarakter daşıyır”

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib ki, Azərbaycanda təxminən 150 minə qədər kiçik və orta sahibkar var. Bunlara kömək etmək, məsləhət vermək bir dövlət orqanının görəcəyi iş deyil. Deputat bildirib ki, bizim qanunlar deklarativ xarakter daşımamalı, yəni nəzəri olmamalıdır: “Qanunların işləməsi üçün mexanizmlər işlənib hazırlanmalıdır. Biz mətbuatdan korrupsiya ilə bağlı xəbərlər oxuyuruq. Korrupsiyanın azalması üçün mexanizmlər işlənməlidir. İkincisi, hamımız Azərbaycan reallığında yaşayırıq. Tenderlər Azərbaycanda formal xarakter daşıyır və tenderin qalibi əvvəldən məlumdur. Tenderlərin keçirilməsi üçün daha şəffaf mühit yaradılmalıdır. Biz sahibkarlara bununla dəstək ola bilərik. Bunu bir misal kimi çəkdim. Yəni mexanizmlər işlənib hazırlanmasa, KOBİA necə ucuz çıxışı sahibkarlar üçün təşkil edəcək? Azərbaycanda ictimai münasibətlər sistemi qərb reallıqlarına cavab vermir, amma bizim qanunları qərb reallıqlarına uyğunlaşdırırlar. Ona görə də deyirlər ki, icra olunan pis qanun daha yaxşıdır, nəinki icra olunmayan yaxşı qanun. Ölkədə hüquq mədəniyyəti ilə bağlı əks-effekt olur. Ona görə də bundan sonra biz qanun qəbul edəndə mövcud reallıqları nəzərə almalıyıq”.
Sədr Sahibə Qafarova isə həmkarının tenderlərlə bağlı mövqeyini dəstəkləmədiyini bildirib: “Tenderlərlə bağlı qanun-qayda var və tenderlər bu qanun-qayda ilə həyata keçirilir”.