Münhen görüşü İrəvanın son şansı olacaq
Münhen görüşü İrəvanın son şansı olacaq
Cənubi Qafqaz oxundakı proseslərdə Vaşinqtonun önə çıxmaq şansları artır
Münhendə Azərbaycan Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Entoni Blinken və Ermənistan Baş naziri Nikol Paşinyanla birgə görüşü oldu. Bu dəfə də Ermənistan tərəfindən deyilənlər, "Baş nazir Münhendə olmayacaq", "liderlərin görüşü gözlənilmir" kimi xəbərlər öz təsdiqini tapmadı. Konfrans ərəfəsində Ermənistan Baş naziri ilə Azərbaycan Prezidenti arasında bir yox, iki görüş gerçəkləşdi.
Öncə fevralın 18-də Münhendə Amerika Birləşmiş Ştatlarının dövlət katibi Entoni Blinkenin təşəbbüsü ilə belə bir görüş reallaşdı. Ardınca panel müzakirələri baş tutdu və iki ölkə lideri növbəti dəfə görüş imkanı əldə etdi. Panel müzakirələri böyük maraqla gözlənilirdi. 44 günlük müharibədən 7 ay öncə - 2020-ci ilin fevralında Münhen Təhlükəsizlik Konfransında İlham Əliyevlə Nikol Paşinyanın ilk debatı təşkil olunmuşdu. Paşinyanın "kokeyşn büro" söhbəti ilə yadda qalan, İrəvanın fiaskoya uğraması ilə tarixə köçən debat, həm də Azərbaycan və Ermənistan liderlərinin beynəlxalq ictimaiyyət önündə ilk açıq müzakirəsi kimi xatırlanır. Çünki müharibə vəziyyətində olan iki ölkə liderinin mətbuata və ictimaiyyətə açıq şəkildə keçirilən ilk debatıydı. Həmin debatda Paşinyan faktiki Qarabağın Ermənistanın işğalı altında olduğunu etiraf etmişdi. Paşinyanın "Qarabağ Ermənistandır" şüarı danışıqları və Minsk Qrupunun fəaliyyətini mənasız etmişdi. Məhz rəsmi İrəvanın proseslərə bu cür münasibəti nəticə etibarı ilə yekunda Vətən müharibəsini qaçılmaz etmişdi. Ermənistan hakimiyyəti Münhen Konfransı öncəsi beynəlxalq ictimaiyyəti Azərbaycana qarşı qaldırmağa çalışmış, sülh sazişini guya, Azərbaycanın manipulyasiya etməsi ilə bağlı yalanları ortaya atmışdı. Lakin Azərbaycan Prezidentinin əlində olan ciddi dəlillər Paşinyanı susdurmağa, növbəti dəfə fakt qarşısında qoymağa kifayət etdi. Dövlət başçısı İlham Əliyevin istər Xankəndinin guya, Azərbaycan tərəfindən "blokadaya" salınması, istər delimitasiya-demarkasiya məsələləri ilə bağlı Bakının mövqeyi, istərsə də Zəngəzur dəhlizi ilə Laçın yolunda nəzarət-keçid məntəqələrinin yaradılması zərurəti ilə bağlı detalları beynəlxalq ictimaiyyətin qarşısında bir-bir ortaya qoydu. Ölkə rəhbəri Ermənistana qarşı tutarlı arqumentlərlə çıxış edərək növbəti dəfə Nikol Paşinyana çətin anlar yaşatdı, onu fakt qarşısında aciz durumda buraxdı.
ABŞ Dövlət katibi Entoni Blinken Münhen Konfransı çərçivəsində baş tutmuş görüşlərlə bağlı açıqlama verib. Bildirib ki, Azərbaycan və Ermənistanın davamlı sülhə nail olmaq üçün tarixi imkanları var:
"Tərəflər arasındakı sülh prosesi, birbaşa danışıqlar Avropa İttifaqının və ABŞ-nin diqqət mərkəzində olub. Amerika Birləşmiş Ştatları istər dostlarımızla, istər bu kimi üçtərəfli formatda, istərsə də digər beynəlxalq tərəfdaşlarla bu səyləri dəstəkləmək üçün əlindən gələni etməyə hazırdır”.
NATO da Prezident İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşünə münasibət bildirib. Qurumun baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina deyib ki, təmaslar həqiqətən aktualdır: "Bu, Cənubi Qafqazda sabitliyin təminatı üçün açardır. NATO Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasını dəstəkləyir”.
Münhendə baş tutmuş görüşləri "Şərq"ə dəyərləndirən siyasi şərhçi Aqşin Kərimov deyib ki, Münhen Təhlükəsizlik Konfransı İkinci Dünya müharibəsindən sonrakı nizamın təməl prinsiplərinə qarşı gərgin mübarizənin konturlarını və risk qavrayışlarını, münaqişələrin nizamlanma üsullarını müəyyən edə bilən mühüm platformadır. Analitikin fikrincə, ABŞ tərəfinin təşəbbüsü ilə reallaşan Azərbaycan-Ermənistan liderlərinin Münhen görüşü Cənubi Qafqaz oxundakı proseslərdə Vaşinqtonun önə çıxmaq şanslarını artırmaq səylərindən xəbər verir.
Çünki Cənubi Qafqaz regionu beynəlxalq nizamın hara doğru döndüyünü təyin edə biləcək strateji xüsusiyyətlərə malikdir: "Qlobal aktorlar strateji aktivlərini əhəmiyyətli dərəcədə artırmaq üçün Cənubi Qafqaz coğrafiyasını cazibə mərkəzi kimi görürlər. Ona görə də Azərbaycan-Ermənistan münasibətlərindəki qara nöqtələrin üzünü ağ etməyə və ya daha da zədələməyə çalışırlar. Çünki təhlükəsizlik və sülhə dair ziddiyyətli davranışlar, bir-birilə uyuşmayan qavrayışlar prosesləri fərqli məcraya aparır. ABŞ dövlət katibi Entoni Blinkenin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşünün təşkil edilməsi çoxtərəfli aspektləri özündə cəmləşdirir. Ümumiyyətlə, Ağ Evin son zamanlar Cənubi Qafqazda aktivliyi müşahidə olunur. Vaşinqton Azərbaycan-Ermənistan icmaları arasındakı təmasların dərinləşdirilməsi üçün bəlkə də xeyli miqdarda vəsait xərcləyir. Lakin səmərəlilik indeksində hələ ki əhəmiyyətli irəliləyiş əldə edə bilməyib. Çünki Vaşinqton Cənubi Qafqazda Moskva qarşısında zəif bənd kimi görünür. Tərəflərin Münhen raundundan sonrakı proseslərdə Vaşinqton rıçaqlar qazanmaq niyyətlərini gizlətməyəcək. Hərçənd Kremlin buna necə reaksiya verəcəyi də maraqlıdır. ABŞ Azərbaycan, Gürcüstan və Ermənistanın üçtərəfli inteqrasiya əsasında sülh modelinin yaradılmasına çalışır, Moskva isə xalqların təmaslarının genişlənməsindən narahatdır. Blinkenin moderatorluğu ilə keçirilən görüşdən sonra Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin debata qatılması Moskvanın perspektiv baxışlarındakı qəzəbləri artıra bilər. Rusiyanın qəzəb yükü əsasən Ermənistanın üzərinə yönəlir, yəni Münhen Təhlükəsizlik Konfransı belə İrəvanın cəzalanması planını aradan qaldırmır. Lakin Rusiyanın öz aqressiyasını Gürcüstana qarşı da nümayiş etdirə bilər. Ona görə yox ki, Tbilisi Bakı-İrəvan münasibətlərində tənzimləyici elementlərə malikdir. Həm də ona görə ki, Tbilisi ABŞ-nin vasitəçiliyi ilə regionun siyasi paytaxtı rolunda sülh müqaviləsinin imzalandığı məkana çevrilə bilər.
Rusiyanın Münhen Təhlükəsizlik Konfransından sonra atacağı addımlarda Gürcüstanı da hədəfə ala bilər".
Ekspertin qənaətincə, Azərbaycanla bağlı məsələ bir qədər fərqlidir: "Rusiyanın imperiya təfəkkürünü əlində bərk saxlamasını nəzərə alsaq, Bakı ilə Moskvanı bir-birindən ayıran əsas xətt Qarabağdakı mübahisəli məsələlərin tənzimlənməsidir.
Moskvanın cari kartı Ruben Vardanyandır, lakin bu da son deyil. Maraqlı cəhət burasındadır ki, Vardanyana Qərb də “gözün üstündə qaşın var” demir. Çünki Vardanyan Rusiya-Qərb əlaqələrindəki qeyri-leqal maliyyə qanadında özünə yaxşıca yer edib. Dövlət başçısı İlham Əliyev Paşinyanla debatda Vardanyanın Rusiyadan ixrac edildiyini söyləməklə topu Qərbə atdı və göstərdi ki, Qərb sülh istəyirsə, Rusiyanın “milyarder layihəsinin” qarşısını alsın. Sonrakı mərhələdə Qarabağdakı erməni əhalinin təhlükəsizlik məsələsində arxayın olaraq Azərbaycana etibar etsin. Ümumiyyətlə, Qarabağdakı erməni icması ilə təmaslar yalnız Azərbaycanın yurisdiksiyası çərçivəsində baş tutmalıdır və Moskva ilə Qərb buna müdaxilədən çəkinməlidir. Hesab edirəm ki, Azərbaycanla Türkiyə ortaq strateji partnyoru Gürcüstanı mühafizə etməkdən ötrü Moskva ilə təmasları gücləndirəcək. Münhen Təhlükəsizlik Konfransının mümkün proqnozlaşdırıla bilinən nəticələri üçün Kremllə dialoqlar davam etdiriləcək. ABŞ ilə münasibətlərdəki bəzi təzahürlərin aşkara çıxmaması üçün Azərbaycan Avropa İttifaqı üzərindən təmaslara üstünlük verəcək. Azərbaycan Ermənistanın sülh modeli üçün Bakıya təqdim etdiyi yeni təklifləri incələsə də, İrəvanın mövqeyinin onu qane etməyəcəyini bilir. Çünki İrəvan sərhədlərin delimitasiyası məsələsində, Zəngəzur dəhlizinin açılması mövzusunda paradoksallıq nümayiş etdirir ki, vaxt qazansın. Bu amil Azərbaycan-Ermənistan sərhədindəki eskalasiya riskinin yenidən zühur etməsinə şərait yaradır. Ona görə də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən görüş və məlum debat bəlkə də İrəvan üçün son şanslardan biri olacaq".