NATO-ya yol Ankaranın tələbinin həllindən keçir

İsveç və Finlandiyada sığınacaq tapan terrorçular Türkiyənin təhlükəsizliyinə təhdid törədirlər
  Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın İsveç və Finlandiyaya NATO ilə bağlı vaxt qoyub. Kalın bildirib ki, İsveç və Finlandiyanın NATO-ya müraciətlərinin Türkiyə tərəfindən ratifikasiyası üçün lazım olan şərtləri yerinə yetirmək üçün təxminən 2-2,5 ay vaxt var. Onun sözlərinə görə, prezident seçkiləri öncəsi Türkiyə Böyük Millət Məclisinin tətilə çıxmasına bu qədər vaxt qalıb. Prezident sözçüsü vurğulayıb ki, Türkiyə parlamentinin sənədi təsdiqləməsi tərəflərin Ankaranın tələblərini nə dərəcədə tez yerinə yetirməsindən asılıdır. 
O, həmçinin əlavə edib ki, əsasən dəyişikliklər Stokholmdan tələb olunur: "İsveç keçən il Madriddə imzalanmış sazişin həyata keçirilməsinə tam sadiqdir. Lakin ölkənin məhkəmə sisteminə terrorizmin yeni təriflərini tətbiq etməyə imkan verəcək qanunların daxil edilməsi üçün daha altı ay lazımdır. Nəticədə Stokholm terror təşkilatlarına İsveçin artıq onlar üçün təhlükəsiz sığınacaq olmadığına dair siqnal göndərməlidir”. Bundan əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Stokholm PKK terror təşkilatını dəstəkləyənlərə qarşı qətiyyətli tədbirlər görməyincə, Ankara İsveçin NATO üzvlüyünə dəstək verməyəcək. Ötən gün Türkiyənin milli müdafiə naziri Hulusi Akar da bu məsələdən danışıb. General bildirib ki, bu ölkələrdən tələblərin icrası gözlənilir: "Biz namizəd ölkələrin NATO-ya üzv olmaq istəyinə hörmət etdiyimiz kimi, onlar da Türkiyənin təhlükəsizlik maraqlarına hörmət etməlidirlər". 
  İsveç baş naziri Ulf Kristersson isə Ankara ilə danışıqlar prosesində ciddi dəyişikliyin  olduğunu düşünmür. O iddia edib ki, Türkiyə hakimiyyəti İsveçin NATO-ya daxil olması üçün qeyri-mümkün şərtlər irəli sürür:
 "Türkiyə bizim söz verdiyimizi yerinə yetirdiyimizi təsdiqləyir, eyni zamanda bizim verə bilməyəcəyimiz və ya vermək istəmədiyimiz şeyi istəyir. Stokholm Türkiyəyə hərbi texnikanın ixracına qoyulan qadağanı ləğv edib, terrorla mübarizə haqqında yeni qanun qəbul edib və Ankaranın istədiyi bəzi şəxsləri Türkiyəyə ekstradisiya edib". Finlandiyanın xarici işlər naziri Pekka Haavisto bəyan edib ki, təmsil etdiyi hökumət ölkənin NATO-ya qoşulmasının ratifikasiyasını İsveçdən ayrıca başa çatdırmağa razı olmayacaq: "Biz NATO-ya üzv olmaq üçün birlikdə müraciət etdik və bu prosesi birlikdə başa vuracağıq. İsveç bizim ən yaxın dostumuz və tərəfdaşımızdır. İsveç olmadan Alyansa qoşulmaq bizim maraqlarımıza uyğun deyil”. Qeyd edək ki, Finlandiya və İsveç Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatı fonunda 2022-ci il mayın 18-də alyansa qoşulmaq üçün NATO-nun baş katibinə müraciət edib. Rəsmi Ankara İsveçin PKK terror təşkilatını himayə etdiyini bildirirək, müraciəti ratifikasiya etməkdən imtina edib. Macarıstan və Türkiyə istisna olmaqla NATO-nun 28 üzvü İsveç və Finlandiyanın Şimali Atlantika Alyansına qoşulmasını parlamentdə ratifikasiya edib. 
  Politoloq Azər Rəşidoğlu "Şərq"ə bildirib ki, Türkiyə mövqeyində tam haqlıdır. Analitikə görə, terrorçular, Türkiyə ədliyyə sistemindən qaçanlar İsveç və Finlandiya kimi ölkələrdə özlərinə asanlıqla sığınacaq tapırlar: 
"Belələri insan haqlarını əllərində bayraq edib, öz çirkin əməllərini davam etdirirlər. Onlar Türkiyənin təhlükəsizliyinə təhdid törədirlər. NATO öz üzvlərinin təhlükəsizliyini təmin edən dövlətlər birliyidir. Finlandiya və İsveç NATO-ya üzv olmaq istəyirsə, daxili qanunlarını, öz hüquq prinsiplərini dəyişməli və Türkiyənin təhlükəsizliyinə təhlükə törədənləri himayə etməkdən əl çəkməlidir. Finlandiya və İsveç tərəfindən Türkiyənin tələblərini icra etmək mürəkkəb məsələdir. Bu da həmin dövlətlərdə təqib olunan, sığınacaq istəyən insanlara qucaq açmaq kimi onillər ərzində təşəkkül tapan ənənə ilə bağlıdır. Bu ənənədən xilas olmaq üçün onlar separatçılar, terror əməliyyatı törədənlərə qucaq açmayacaqları ilə bağlı geniş ictimai müzakirələrə başlamalıdırlar. Bundan sonra məsələni qanun səviyyəsində həll etməlidirlər. Yəni demokratik dəyərlərə sahib bu iki ölkə ictimai müzakirə aparmadan, xalqın rəyini soruşmadan, parlamentdə geniş debat aparmadan öz daxili qanunlarını NATO və ya Türkiyənin tələbilə bir anda dəyişə bilməz".