Prezident səlahiyyətli nümayəndəsinə mühüm tapşırıqlar verdi
“Fuad Nəcəfli ona göstərilən bu yüksək etimadı layiqincə doğruldacaq”
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəliyi təsis edilib. Prezident İlham Əliyev bununla bağlı fərman imzalayıb. Sərəncama əsasən, Fuad Nəcəfli Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi təyin edilib. Səlahiyyətli nümayəndə Naxçıvan Muxtar Respublikasının ərazisində Prezidenti təmsil edən vəzifəli şəxs olacaq və dövlət başçısının müəyyən etdiyi səlahiyyətləri icra edəcək.
Mərkəzi və yerli icra hakimiyyəti orqanları və digər dövlət qurumları fəaliyyətlərini səlahiyyətli nümayəndə ilə əlaqələndirilmiş qaydada həyata keçirəcəklər. Sərəncamdan sonra dövlət başçısı İlham Əliyev səlahiyyətli nümayəndəsini qəbul edib və ona müvafiq tapşırıqlarını verib. Qəbulda Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına göstərdiyi daimi diqqəti sayəsində və birbaşa tapşırığı ilə həyata keçirilən genişmiqyaslı işlər, o cümlədən böyük infrastruktur layihələrinin həyata keçirilməsi və digər istiqamətlərdə görülən işlər qeyd olunub. Bildirilib ki, Naxçıvan Muxtar Respublikasına hər il dövlət büdcəsindən böyük həcmdə dotasiya ayrılıb.
Prezident tapşırıq verib ki, səlahiyyətli nümayəndə kimi Fuad Nəcəfli insanların qayğısına qalınması, korrupsiya, rüşvətxorluqla mübarizə, şəffaflıq, düzgün kadr siyasətinin həyata keçirilməsi, mərkəzi icra orqanları ilə sıx təmasda fəaliyyətlə bağlı bütün səylərini göstərsin. Fuad Nəcəfli ona göstərilən yüksək etimada görə dövlətimizin başçısına təşəkkürünü bildirib. Prezidenti əmin edib ki, bütün fəaliyyət dövlətimizin başçısının siyasəti üzərində aparılacaq. Ölkə miqyasında həyata keçirilən genişmiqyaslı islahatların Naxçıvan Muxtar Respublikasında da təmin edilməsi işində səylərini əsirgəməyəcək. Xatırladaq ki, ötən gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qapalı iclası keçirilib və Vasif Talıbovun istefası qəbul olunub. Artıq bir neçə müddətdir ki, Naxçıvanın müxtəlif qurumlarında maliyyə yoxlamaları həyata keçirilməkdədir. Dövlət Təhlükəsizlik Xidmətinin apardığı əməliyyatlar zamanı dəyəri 100 milyonlarla ölçülən korrupsiya faktları aşkarlanıb, həbslər həyata keçirilib. Bundan sonra Naxçıvanda idarəetmə ilə bağlı islahatların zəruriliyi və bölgənin statusunun ləğvi gündəmə gətirilmişdi.
Ədalət Partiyasının sədr müavini Elxan Şükürlü bildirib ki, Prezidentin Naxçıvana təyin olunan səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Kolanı kənd məktəbinin layiqli yetirmələrindəndir.
E.Şükürlü deyib ki, o, çox gözəl, olduqca tərbiyəli bir ailədə doğulub, böyüyüb:
"Təmiz və dürüst, hər hansı siyasi oyunlarda iştirak etməyən, adı hər hansı rüşvət və korrupsiya qalmaqllarında hallanmayan yüksək ixtisaslı bacarıqlı kadrdır. Zəngin daxili mədəniyyəti, kübar davranışlarıyla həmişə seçilib, fərqlənib.
Əminəm ki, Fuad Nəcəfli ona göstərilən bu yüksək etimadı layiqincə doğruldacaq. Həmişəki nümunəvi davranışları, xalqa canıyananlığı, şəffaf və dürüst fəaliyyəti ilə dogma kəndimiz Kolanının, rayonumuz Şahbuzun və bütövlükdə Naxçıvanın əzəmətli adına hörmət gətirən parlaq simalardan biri olacaq.
Bu təyinat cəmiyyətə həm də o mesajdır ki, Azərbaycan dövlətçiliyinin beşiyi sayılan Naxçıvanımızın onun həmişəki əzəmətli və qüdrətli adını batıran idbar sifətlilərdən, mafiyalaşmış tayfa-klan sistemindən də, nəhayət ki, birdəfəlik qurtulması prosesinə başlanacaq.
Fuad Nəcəflini olduqca çətin, ağır, ancaq həm də şərəfli bir missiya gözləyir. O, yaxşı anlayır ki, xalqa yaxın olduqca, xalq da dağ olub onun arxasında duracaq, onu bütün çətinliklərdən və təzyiqlərdən qoruyacaq!
Onu təbrik edir, bütün Naxçıvan camaatı üçün “Xeyirli, uğurlu olsun!” deyirəm"