Naxçıvana əlavə reyslər açıldı

AZAL-a qarşı aparılan mübarizənin ilkin nəticələri göründü
   Bakı-Naxçıvan və Naxçıvan-Bakı istiqamətlərində aviabiletin qiymətinin qaldırılması vətəndaşların narazılığı ilə qarşılanıb. Millət vəkili Fazil Mustafa bu addıma sərt reaksiya göstərənlərdən olub. Deputat feysbuk səhifəsində daha bir məqamı da gündəmə gətirərək sərt tənqid edib. Parlament üzvü bildirib ki, bilet qiymətləri qaldırılmaqla yanaşı, Naxçıvana təyyarə biletləri də tapılmır. Millət vəkili deyib ki, onlarla adam zəng edib köməklik istəyir: “Əməlli-başlı dərəbəylikdir. 
Biriləri kimsənin rəyini soruşmadan bilet qiymətini qaldırır, biriləri təyyarə sayını qəsdən artırmır ki, Türkiyəyə biletlərin bahalığına görə Naxçıvan üzərindən gedilməsin. Əvəzində isə yoxsul Naxçıvan camaatı zülm çəkir”. F.Mustafa iddia edib ki, satılan biletlər gizli şəkildə turizm şirkətlərinə ötürülənlərdir: “Nə veclərinə, əhali əziyyət çəksin, turizm şirkətləri qazansın. Günlərlə kassa qarşısında növbəyə durub 20 gün sonraya belə bilet tapa bilməyən insanların halına acıyan bir səlahiyyətli şəxs varmı?”. Deputat qeyd edib ki, bu problemi mütləq şəkildə Milli Məclisin keçirilən növbədənkənar iclası zamanı qaldıracaq: “Sadəcə ayıb olsun, ar olsun deyirəm. Onsuz da otuz ildir blokadanın əziyyətini çəkir Naxçıvan camaatı. Erməninin verdiyi əziyyət yetərli deyilmi? Təcili əlavə təyyarələr ayırın, bu məsələni dərhal həll edin”. 
Məlumat üçün deyək ki, Bakı-Naxçıvan-Bakı aviareyslərinin qiyməti 70 manatdır. Naxçıvanın blokada şəraitində olduğunu nəzərə alaraq, indiyə kimi bu pulun 20 manatını güzəşt olaraq, dövlət ödəyirdi. İyunun 6-da isə Baş nazir Əli Əsədov qərar imzalayaraq, bu güzəşti 10 manata endirib. Bu səbəbdən sərnişinlər biletlər üçün 50 manat yerinə 60 ödəməli olacaqlar. 
Məsələyə tanınmış jurnalist, “Azinform.az” saytının baş redaktoru Məhəmmədəli Qəribli də münasibət bildirib. O deyib ki, “Azərbaycan Hava Yolları”na (AZAL) qarşı aparılan mübarizənin ilkin nəticələri var:
 “Naxçıvana uçan sərinişin sıxlığını azaltmaq məqsədilə lazımi qədər əlavə reyslər salıblar. Ancaq AZAL-dan bildirirlər ki, əlavə reyslərə biletlər aerokassada satılmayacaq. Həmin biletləri AZAL-ın saytından onlayn qaydada əldə etmək mümkün olacaq. AZAL-ın bilet satışından kütləvi narazılıq olduğu üçün, bu qərarı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi verib. Ümid edək ki, onlayn bilet satışı MİDA-nın onlayn qaydada satdığı evlərin taleyinə bənzəməyəcək. Naxçıvandan parlamentə seçilən deputatların hələ də səsi çıxmır. Eybi yox, siz deputat adı altında forslanın, biz sizin görməli olan işlərinizin öhdəsindən gələrik!”.