Çingiz İsmayılov: “Qarabağ və Şərqi Zəngəzur enerji mərkəzinə çevrilir”
“Bu siyasət yalnız enerji təhlükəsizliyini deyil, həm də ekoloji problemlərin həllini təmin edir"
Müasir dövrdə enerji resurslarından səmərəli istifadə və alternativ enerji mənbələrinin inkişafı qlobal miqyasda əsas prioritetlərdən birinə çevrilib. Ənənəvi enerji mənbələrinin tükənməsi, ətraf mühitin çirklənməsi və iqlim dəyişiklikləri bərpa olunan enerji mənbələrinə marağı daha da artırıb. Bu baxımdan, zəngin təbii ehtiyatlara və əlverişli coğrafi mövqeyə malik olan Azərbaycan bərpa olunan enerji potensialı ilə seçilən ölkələr sırasındadır.
Bu gün ölkəmizdə bərpa olunan enerji sahəsinin inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimində çıxışı zamanı qeyd edib ki, ölkənin müxtəlif bölgələrində bərpa olunan enerji növləri sürətlə inkişaf edir. Dövlət başçısı vurğulayıb ki, növbəti iri külək və günəş elektrik stansiyalarının Biləsuvar, Neftçala, Naxçıvan və işğaldan azad edilmiş ərazilərdə istifadəyə verilməsi nəzərdə tutulur. Prezidentin sözlərinə görə, Azərbaycanın coğrafi mövqeyi hər bir bölgədə bərpa olunan enerji istehsal etməyi mümkün edir. Xəzər dənizinin böyük enerji potensialı da bu baxımdan xüsusi əhəmiyyət daşıyır.
İqtisadi və siyasi coğrafiya sahəsində alim, BDU-nun professoru Çingiz İsmayılov Sherg.az-a Azərbaycandakı bərpa olunan enerji növlərindən və dövlətin bu yöndə apardığı siyasətdən danışıb:
"Azərbaycanın coğrafi mövqeyi və təbii şəraiti ölkədə müxtəlif növ bərpa olunan enerji mənbələrinin mövcud olduğunu göstərir. Bunlara günəş enerjisi, külək enerjisi, hidroenerji, geotermal enerji və bioenerji daxildir. Məhz bu resurslar alternativ və bərpa olunan enerji mənbələri kimi istifadə oluna bilər. Bəzi hallarda atom energetikası da alternativ enerji mənbəyi kimi göstərilir. Lakin bu istiqamət hazırda Azərbaycan üçün aktual deyil. Ölkəmiz üçün əsas prioritetlər külək, günəş, hidroenerji və bioenerjidir. Bioenerji əsasən biokütlədən əldə olunan enerji və bioyanacaq formasında istifadə olunur.
Daha geniş və tükənməz enerji mənbələri isə külək və günəş enerjisidir. Azərbaycanın təbii-coğrafi şəraiti olduqca rəngarəngdir: dağlıq və düzən ərazilər, dənizsahili zonalar, adalar, dağ və düzən çayları mövcuddur. Bu müxtəliflik bərpa olunan enerji mənbələrinin fərqli növlərindən istifadə üçün əlverişli imkanlar yaradır. Lakin qeyd etmək lazımdır ki, hər ərazidə istənilən enerji növündən istifadə etmək mümkün deyil. Bunun üçün müvafiq təbii şərait olmalıdır. Məsələn, külək enerjisi əsasən düzən və dənizsahili ərazilərdə daha səmərəlidir. Çünki bu bölgələrdə ilboyu daimi küləklər müşahidə olunur. Dağ və dağətəyi ərazilərdə isə küləklər davamlı xarakter daşımır, bəzi hallarda ildə bir və ya iki dəfə güclü küləklər olur. Bu səbəbdən külək enerjisi qurğularının quraşdırılması üçün mütləq elmi və meteoroloji tədqiqatlar aparılmalıdır.
Meteoroloji xidmət sahəsində çalışan mütəxəssislər küləyin əsas istiqamətləri, sürəti və il ərzində küləkli günlərin sayı barədə xəritələr tərtib edirlər. Bu məlumatlar külək enerjisi istehsalı üçün ərazilərin düzgün seçilməsində həlledici əhəmiyyət daşıyır. Buna görə də külək enerjisi qurğuları hər yerdə deyil, yalnız əlverişli ərazilərdə quraşdırıla bilər".
Alim söyləyib ki, dünya təcrübəsi adalardan külək enerjisi üçün geniş istifadə olunduğunu göstərir. Eləcə də o, neftin hasilatının azalmasının təbii proses olduğunu qeyd edib:
"Təəssüf ki, Azərbaycanda bu potensial hələlik demək olar ki, istifadə edilmir. Məsələn, Şimali Avropanın sahil zonalarında minlərlə ada üzərində on minlərlə külək qurğusu fəaliyyət göstərir. Bu imkanlardan Azərbaycan da istifadə edə bilər. Eyni zamanda, istifadədən çıxmış neft yataqlarının üzərində mövcud olan estakadalar külək enerjisi qurğularının quraşdırılması üçün yararlı ola bilər.
Hazırda işğaldan azad olunmuş ərazilərdə, xüsusilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında 30-a yaxın kiçik su elektrik stansiyasının bərpası və tikintisi nəzərdə tutulur. Bu stansiyalar həmin regionların enerji tələbatını demək olar ki, tam ödəyəcək və eyni zamanda qonşu ərazilərə elektrik enerjisinin ötürülməsinə imkan yaradacaq.
Neft tükənən və bərpa olunmayan enerji mənbəyidir və ildən-ilə hasilatın azalması təbii prosesdir. Məhz buna görə də dövlət müəyyən işlər görür və Prezidentin rəhbərliyi ilə uzaqgörən enerji siyasəti həyata keçirilir, alternativ enerji mənbələrinə üstünlük verilir. Bu siyasət yalnız enerji təhlükəsizliyini deyil, həm də ekoloji problemlərin həllini təmin edir".
Ekspert dünyada “yaşıl şəhərlər”, “yaşıl nəqliyyat” və “yaşıl binalar” konsepsiyalarının da geniş yayıldığını vurğulayıb:
"Bu layihələrin həyata keçirilməsi bir tərəfdən daha təmiz və təhlükəsiz mühit yaradır, digər tərəfdən uzunmüddətli perspektivdə iqtisadi baxımdan səmərəli olur. İlk mərhələdə avadanlıqların maya dəyəri və faydalı iş əmsalı ənənəvi enerji mənbələri ilə müqayisədə aşağı ola bilər. Lakin uzunmüddətli və kumulyativ effekt olduqca böyükdür. Bununla tullantılar azalır və ekoloji tarazlıq qorunur.
Nəticə etibarilə, külək və günəş enerjisinin istifadəsi, eləcə də kiçik energetikanın inkişafı Azərbaycanın gələcək enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayacaq".