Ombudsmanın toya getməsinin bəraəti yoxdur
Şəymən Bayramova
08:23 25.08.2020
Aktual
1473
"Heç olmasa, 40 gün bizim uğrumuzda şəhid olan insanların xatirəsini əziz tutub, yaslarını saxlamalı idik"
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin kürəkəni, sabiq deputat İlham Əliyevin övladının toyunda iştirak edən daha 6 nəfər cərimələnib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Bakı Dövlət Universitetinin sabiq rektoru Abel Məhərrəmov, sabiq Rabitə və Yüksək Texnologiyalar naziri, AMEA prezidentinin müşaviri Əli Abbasov, Azərbaycan Dövlət Akademik Filarmoniyasının direktoru Murad Adıgözəlzadə, həyat yoldaşı Aysel Adıgözəlzadə, Milli Məclisin deputatı Siyavuş Novruzov, Ombudsman Səbinə Əliyeva xüsusi karantin qaydalarını pozduqlarına görə cərimələniblər. Həmin şəxslər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə dörd yüz manat məbləğdə cərimə edilib.
Qeyd edək ki, Ombudsmanın adının bu cür məsələlərdə hallanması və onun cərimələnməsi sosial şəbəkələrdə ciddi müzakirə obyektinə çevrilib.
Hüquqşünas Şamil Paşayevin sözlərinə görə, deputat və ya Ombudsmanın İnzibati Xətalar Məcəlləsinin (İXM) 211-ci maddəsi ilə cərimə edilmələri tam qanuna uyğundur: "Konstitusiyaya görə, Milli Məclisin deputatı toxunulmazdır və barəsində məhkəmə qaydasında inzibati tənbeh tədbirləri tətbiq edilə bilməz. İndiki halda isə deputatı məhkəmə deyil, mərkəzi icra hakimiyyəti orqanı, bu halda DİN məsuliyyətə cəlb edib və İXM 211.1-ci maddəsi ilə cərimələyib. Burda da heç bir qanun pozuntusu yoxdur.
Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununa əsasən müvəkkil səlahiyyət müddəti ərzində toxunulmazdır və onun barəsində məhkəmə qaydasında inzibati tənbeh tədbirləri tətbiq edilə bilməz. Göründüyü kimi, burda da söhbət məhkəmə qaydasında məsuliyyətlə bağlı immunitetdən gedir. Mərkəzi icra hakimiyyəti orqanının Ombudsmanı cərimələməsi onun toxunulmazlıq hüququ ilə tərs mütənasiblik təşkil etmir.
Nazirlər Kabinetinin 17 iyul tarixli qərarı ilə ölkə üzrə xüsusi karantin rejimi 2020-ci il 31 avqust saat 00:00-dək uzadılıb.
Karantin rejimi dövründə bir sıra qadağalar tətbiq edilib, həmçinin, toy və yas mərasimlərinin də keçirilməsi qadağan olunub.
Heç kəs toy etmir, indi deputat, Ombudsman niyə məsuliyyətə cəlb edilməməlidi, bu, hansı fəaliyyətə mane olur?!".
Hüquq müdafiəçisi Novella Cəfəroğlu isə məsələyə daha çox mənəvi yöndən yanaşıb. Onun sözlərinə görə, Ramiz Mehdiyev bu cür həssas məqamda nəvəsinə toy edib deputatları və digər vəzifəli şəxsləri dəvət etməməli idi:
"Günümüzün reallığında bu məclis bir növ sabiq Administrasiya rəhbərinin revanşı kimi dəyərləndirilir. Yəni mən heç kimdən qorxmuram və istədiyim hərəkəti edə bilərəm. Bu öz işidi. Heç olmasa, xüsusi statusu olan şəxsləri dəvət edib pis vəziyyətdə qoymazdı. Siyavuş Novruzovla Səbinə Əliyeva və digərləri həmin toya getməsə, deyəcəkdilər ki, "Bağda ərik var idi, salam-məlik var idi, bağdan ərik qurtardı, salam-məlik qurtardı".
Bu mənada onları da qınamaq olmur. Amma dövlətin qaydaları çərçivəsində Ombudsmanın və digər deputatların həmin toyda iştirakı düzgün deyildi. Üstəlik də, şəhidlərimizin dəfnindən heç 40 gün keçməmiş, onların qanı qurumamış bu toyu etmək nə vacib idi? Axı o döyüşdə ölən şəxslər adi vətəndaşlar deyildi ki, bir kəlmə "Allah rəhmət eləsin!" deyib öz əyləncəmizə davam edək.
Biz bu döyüşdə qəhrəman vətən övladlarını, o cür igid komandirlərimizi, paşalarımızı itirdik. Belə yaslar toylara qardaş olmur. Heç olmasa, 40 gün bizim uğrumuzda şəhid olan insanların xatirəsini əziz tutub, yaslarını saxlamalı idik.
Bu yas bir ailənin yox, bütöv Azərbaycan xalqının, bütöv bir millətin yası idi. Yox əgər bütün bunların fonunda bu toy o qədər vacib idisə, hansısa bir xarici ölkədə qeyd edərdiniz. Məgər imkanınız yox idi?".
Konkret olaraq, S.Əliyevanın toyda iştirakına gəldikdə isə N.Cəfəroğlu hesab edir ki, bu hadisəyə görə Ombudsmanın istefasını tələb edənlər düz etmir:
"Səbinə Əliyeva karantin qaydalarını pozduğu üçün 400 manat dəyərində cərimə olunub və həmin məbləği ödəyərək cəzasını çəkmiş hesab olunur.
Düzdür, onun bu addımının bəraəti yoxdur, lakin bir qadın olaraq Səbinə xanımı qınaya bilmirəm. Siyavuş Novruzov həmin toya dəvət alıb və Azərbaycan mentalitetinə uyğun olaraq da həyat yoldaşını özü ilə toya aparıb".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya