Parlamentari: “Qərbi azərbaycanlılar mütləq qayıdacaq”

Naqif Həmzəyev: “Paşinyan Azərbaycanın şərtlərini yerinə yetirməyə məcbur qalacaq”
"Son illər Azərbaycan Ermənistan ərazisinin təxminən 60 faizini "Qərbi Azərbaycan” adlandırmağa başlayıb. Biz dəfələrlə demişik ki, Ermənistanın suveren ərazisi tərkibində Qərbi Azərbaycan ola bilməz". Bunu Ermənistan Baş naziri Nikol Paşinyan “İrəvan dialoqu-2025” beynəlxalq forumunda deyib. Paşinyan qeyd edib ki, Ermənistan əmin olmaq istəyir ki, Azərbaycan öz ərazisində münaqişə vəziyyətini bağlamaq və onu Ermənistan ərazisinə keçirmək niyyətində deyil. Qeyd edək ki, ötənlərdə “Hraparak” yazıb ki, hakimiyyətin 300 min azərbaycanlının Ermənistana köçürülməsi ilə bağlı razılığı sülh müqaviləsinin mətnində birbaşa olmasa da, orada sırf bunun üçün nəzərdə tutulan bəndlərin olduğu göz qabağındadır: "Beynəlxalq hüquqa görə, tərəflər dini, irqi və ya dil mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşların bərabərliyinə təminat verir. Milliyyətindən asılı olmayaraq, onların mədəni, dini hüquqları təmin edilməlidir. Yəni azərbaycanlılar Ermənistana gəlsələr, onları sıxışdırmağa cəsarət edə bilməzsən". Azərbaycan XİN-dən bildirilib ki, Ermənistan Baş nazirinin Qərbi Azərbaycan barədə fikirləri faktların təhrif edilməsi və demək olar ki, Ermənistan əhalisinin əksəriyyətini təşkil etmiş azərbaycanlıların ayrılmaz hüquqlarının açıq şəkildə inkar edilməsidir: "Qərbi Azərbaycan İcmasına dair istinadlar ərazi iddiaları kimi qəbul edilməməlidir. Qərbi Azərbaycan məsələsi insan hüquqları mövzusudur və Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalmış azərbaycanlıların sülh, təhlükəsizlik və ləyaqətli şəkildə geri qayıtmasını təmin etmək məqsədi daşıyır". Prezident İlham Əliyev “Qərbi Azərbaycana qayıdış insan hüquqlarının aliliyinin mühüm şərti kimi” mövzusunda beynəlxalq konfransın iştirakçılarına ünvanladığı müraciətdə bildirib ki, Qərbi Azərbaycan İcmasının beynəlxalq hüquqa uyğun dinc təşəbbüsləri təqdirəlayiqdir və dünya ictimaiyyəti tərəfindən dəstəklənir. Dövlət başçısı vurğulayıb ki, Qərbi azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə, sülh yolu ilə Ermənistandakı dədə-baba torpaqlarına qayıdışının təmin edilməsi regionda sülhün, insan hüquqlarının və barışığın bərqərar olması üçün vacib şərtdir: "Təəssüf ki, Ermənistan cəmiyyətində türk xalqlarına qarşı dərin kök salmış nifrət, “böyük Ermənistan” xülyası, həmin ölkənin konstitusiyasında Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarının yer alması, Qərbi azərbaycanlıların qayıdışına imkan verilməməsi sülhə mane olur. Ermənistan qonşu dövlətlərə qarşı ərazi iddialarına son qoymalı, azərbaycanlılara məxsus mədəni irsin bərpası və qorunması üçün addımlar atmalı, bu məqsədlə UNESCO-nun monitorinq missiyasına icazə verməli, qayıdış mövzusunda İcma ilə dialoqa başlamalıdır. Ermənistan Qərbi azərbaycanlıların nə vaxt və hansı şərtlərlə öz dədə-baba yurdlarına dönə bilmələri ilə bağlı aydın mövqe ifadə etməlidir. Bu məsələ ilə əlaqədar Ermənistan rəhbərliyinin İcmanın nümayəndələrini qəbul etməsini gözləyirik".
Millət vəkili, Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının sədr müavini Naqif Həmzəyev Sherg.az-a deyib ki, Ermənistan Baş naziri Nikol Paşinyan çox gözəl anlayır ki, gec-tez Azərbaycanın şərtlərini yerinə yetirmək məcburiyyətində qalacaq. Deputatın sözlərinə görə, beynəlxalq hüquqa söykənən Qərbi Azərbaycana qayıdış konsepsiyasının reallaşması üçün Azərbaycan dövləti üzərinə böyük məsuliyyət və yük götürüb: 
"Dövlətimiz, Qərbi Azərbaycan İcması və dünyanın müxtəlif yerlərində yaşayan Azərbaycan diaspora üzvləri gec-tez Qərbi azərbaycanlıların hüquqlarının müdafiəsini təmin edəcəklər. Xüsusilə Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin Qərbi azərbaycanlıların bir gün öz dədə-baba torpaqlarına qayıdacaqlarını söyləməsi onu deməyə əsas verir ki, bu, mütləq reallaşacaq. Nikol Paşinyan unudur ki, Qərbi azərbaycanlıların qayıdış konsepsiyası sülhə, beynəlxalq hüquq və konvensiyalara əsaslanır. Burada heç bir "ərazi iddiası"ndan söhbət getmir. Məsələ Qərbi azərbaycanlıların öz vətənlərində yaşamaq hüquqlarının bərpasıdır. Görünür, Paşinyan daxili auditoriya üçün bu cür bəyanatlar verir. Yaxın gələcəkdə baş verə biləcək Qərbi azərbaycanlıların qayıdışı ilə əlaqədar bir növ prosesləri qabaqlamaq istəyir. Hamıya, hətta ermənilərin özlərinə də məlumdur ki, onlar Azərbaycanın tarixi torpaqlarında öz dövlətlərini, havadarlarının dəstəyi ilə yaradıblar. Ona görə də qorxmaları, çəkinmələri normaldır. Ancaq bir daha qeyd edirəm ki, azərbaycanlıların Qərbi Azərbaycana qayıdış konsepsiyası ilə bağlı irəli sürdükləri tələblər beynəlxalq hüquqa əsaslanır. Biz müharibə və qarşıdurma olmadan Qərbi azərbaycanlıların öz torpaqlarına qayıdaraq orada yaşamalarının təmin olunmasını istəyirik. Düşünürəm ki, tezliklə Ermənistanla sülh sənədini imzalaya biləcəyik. Ancaq bu sülhün davamlı və dayanıqlı olması üçün Ermənistan tərəfi Qərbi Azərbaycan İcmasının çağırışlarına cavab verməlidir".
Parlamentari əlavə edib ki, Qərbi azərbaycanlıların öz dədə-baba torpaqlarında yaşaması ilə bağlı İrəvanda öz layihəsini irəli sürməlidir:
 "İcmanın nümayəndələri ilə Ermənistan rəsmiləri arasında danışıqlar baş tutmalıdır. Qərbi azərbaycanlıların o torpaqlara qayıtmasını təmin etmək üçün xüsusi proqram işləməlidir. Bu olacağı təqdirdə biz uzunmüddətli və dayanıqlı sülhü Cənubi Qafqazda təmin edə biləcəyik. Eyni zamanda Qərbi azərbaycanlıların indiki Ermənistana qayıdışı da nəticə etibarilə Ermənistan Respublikasının güclənməsinə gətirib çıxaracaq. Azərbaycanın və Türkiyənin dəstəyi ilə Ermənistan bu böhrandan çıxacaq. Bir növ müstəqilliyini zəmanət və qarantiya altına ala biləcək. Paşinyan Qərbi azərbaycanlıların Ermənistana qayıdış konsepsiyasını dəstəkləməlidir".