Paşinyanın Brüssel xülyası: Sülhə kimlər mane olur?

"Ermənistan müxtəlif bəhanələr gətirərək sülh danışıqlarını manipulyasiya edir". 
Bunu "Sherg.az"a açıqlamasında millət vəkili Azər Badamov deyib. 
Deputat bildirib ki, İrəvanın qeyri-konstruktiv mövqeyinə görə, bugünə qədər sənəd imzalanmamış qalmaqdadır: 
"Hətta sülh müqaviləsinin imzalanması üçün ölkələrimiz arasında xeyli məsələlər razılaşdırılıb. Bu gün sülh müqaviləsinin imzalanması ilə bağlı danışıqların dayanmasının günahkarı Avropa İttifaqı və Fransadır. Fransa bir tərəfdən Ermənistanı silahlandırır, canlı qüvvəsini orada yerləşdirməyə çalışır və erməniləri revanşizmə hazırlayır. Digər tərəfdən sülh müqaviləsindən danışır. Avropa İtifaqı da Fransanın diqtəsi ilə oturub-duraraq Ermənistanın tərəfini tutduğu üçün sülh müqaviləsinin imzalanması ilə bağlı danışıqların aparılması üçün etmadını itirib. Bəli, sülh müqaviləsi imzalanacaq. Amma bunla bağlı danışıqlar Brüsseldə yox,  məsələyə neytral yanaşan digər bir məkanda aparılmalıdır. Belə bir məkan Tiflis ola bilər. Paşinyan isə Brüsseldən yapışıb. Onun üçün sülh müqaviləsinin imzalanması maraqlıdırsa, niyə bu, Brüsseldə baş tutmalıdır? Təbii ki, burada çirkin niyyətlərin olduğu açıq şəkildə bəllidir". 
Parlamentari vurğulayıb ki, danışıqlar üçün başqa bir məkan seçilərsə, Ermənistan konstruktivlik nümayiş etdirərsə, sülh müqaviləsi imzalana bilər: 
"Həm də sülh müqaviləsinin imzalanması məsələlərin bitməsi demək deyil. Burada sərhədlər delimitasiya və demarkasiya olunmalı və sərhəd xətti müəyyənləşməlidir. Sərhəd xəttinin müəyyənləşdirilməsi üçün hansı xəritələridən istifadə olunacağı da sual altındadır. Yəni, bir çox məsələlər var ki, Azərbaycanla Ermənistan arasında kənar oyunçular müdaxilə etmədən ikitərəfli danışıqlar aparılaraq yoluna qoyulmalıdır. Ermənistan buna hazır olacağı təqdirdə sülh müqaviləsi ilə bağlı sənəd qısa bir zaman kəsiyində imzalana bilər".