Paşinyanın sülh müqaviləsi ilə bağlı fikirləri dəyişkəndir
Azərbaycanın irəli sürdüyü şərtlər heç bir halda dəyişə bilməz
İrəvan sülh müqaviləsi ilə bağlı təkliflərini Bakıya göndərib və biz bu sənədləri imzalamağa hazır olduğumuzu bildiririk. Bunu hökumətin iclasında Ermənistanın Baş naziri Nikol Paşinyan deyib. Baş nazir bildirib ki, təklif sərhədlərin delimitasiyası və demarkasiyası üzrə komissiyanın gələcək işi ilə bağlıdır: "Ermənistan regional kommunikasiyaların açılması ilə bağlı təkliflərini verib və ümid edirəm ki, Azərbaycanın reaksiyası müsbət olacaq".
Paşinyan bəyan edib ki, İrəvan regionda sülh və sabitliyin təmin edilməsi üçün səylərini davam etdirəcək: "Biz missiyanın mürəkkəbliyini başa düşürük, lakin bu, bizim məqsədyönlülüyümüzü dəyişmir".
Xatırladaq ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşdən sonra keçirilən mətbuat konfransında bildirmişdi ki, Azərbaycan tərəfinin üçüncü cavab paketi artıq Ermənistan tərəfinə təqdim edilib. Nazir vurğulamışdı ki, ilin sonuna kimi Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların üçüncü raundu keçirilə bilər.
Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə "Şərq"ə bildirib ki, ilin sonunadək Ermənistanla sülh müqaviləsinin bağlanması ilə bağlı ehtimallar var idi. Partiya rəhbəri qeyd edib ki, hətta Ermənistan Baş naziri Nikol Paşinyan sülh müqaviləsinin ilin sonuna kimi mümkünlüyünü ifadə etmişdi:
"Rəsmi Bakının sülhlə bağlı prinsipial mövqeyi ortadadır. Beynəlxalq hüquqi bazaya əsaslanan əsas prinsiplərimizi - 5 şərtimizi irəli sürmüşük. Əslində İrəvan hökuməti də Bakının şərtlərini qəbul etdiyini bildirib, etirazının olmadığını söyləyib. Ancaq əfsuslar olsun ki, Paşinyanın ritorikası dəyişkəndir. Hər hansı məsələ ilə bağlı açıqlamasından sonra daxildən və xaricdən, ələlxüsus Rusiya, Fransa və İrandan aldığı təzyiqlər nəticəsində öz fikirlərindən yayınır. Mövqeyi tez-tez dəyişdiyi üçün açıqlamaları da bir-biri ilə ziddiyyət təşkil edir. Bütün bunlar isə sülh prosesinin uzanması ilə nəticələnir. Ermənistan tərəfi özü üçün uyğun zamanı gözləyir. Ancaq sülh müqaviləsinin uzanması həm də bölgədə gərginliyin qalması, kritik dönəmin davam etməsi deməkdir. Bu isə həm də Rusiya sülhməramlılarının Qarabağda qalmasına zəmin yaradır".
A.Əlizadə vurğulayıb ki, Azərbaycanın irəli sürdüyü şərtlər heç bir halda dəyişə bilməz. Ermənistanın rəsmi Bakıya təklif etdikləri ilə bağlı rəsmi açıqlamanın olmaması göstərir ki, İrəvanın təklifləri qəbuledilməz və müzakirə olunmazdır:
"Azərbaycan bütün ərazilərinə birbaşa özü nəzarət etməlidir. Ölkəmizin ərazi bütövlüyü və suverenliyimiz dünya birliyi tərəfindən qəbul olunub. Azərbaycan ərazisində heç bir qondarma qurumun mövcudluğuna imkan yarana bilməz. Proses uzanarsa, Azərbaycan radikal addımlar atmağa, antiterror əməliyyatlarına başlamağa məcbur qalacaq. Erməni tərəfi prosesləri düzgün dəyərləndirməli və baş verənlərdən nəticə çıxarmalıdır. Azərbaycan siyasi, iqtisadi və hərbi cəhətdən Ermənistanla müqayisə olunmayacaq dərəcədə güclüdür".