Qanun layihəsi hazırlanır:Şərhlərdə söyüş yazanlar cərimə oluna bilər

Ələsgər Məmmədli: "Hesab etmirəm ki, sosial media haqqında ayrıca bir qanuna ehtiyac var"

Səbuhi Abbasov: "Bu, həssas məsələdir və yüz ölçüb, bir biçmək lazımdır. İlk növbədə insanlara başa salmaq lazımdır ki, burada sosial şəbəkədən istifadəyə qadağa ilə bağlı hüquqi mexanizm yaradılmır"

Sosial şəbəkələrdə digər istifadəçilərə təhqiredici şərh və ismarıclar yazanlar artıq cəzalandırıla bilər. Milli Məclisdə rəqəmsal aləmdə insanların hüquqlarının qorunması üçün xüsusi qanun layihəsi hazırlanır. Cəmiyyətdə yeni qanun layihəsinə münasibət birmənalı deyil. Eyni zamanda ekspertlər arasında da fikir ayrılıqları mövcuddur. 

Milli Məclisin deputatı Elşad Mirbəşir Trend-in suallarına cavabında bildirib ki, BMT-nin İnsan Hüquqları Komitəsinin yanaşmasına görə internet və kiber məkanda söz və fikir azadlığı olmalıdır. Bu halda insan hüquq və azadlıqları haqqında beynəlxalq paktın 19-cu maddəsinin ikinci bəndinə istinad olunur. Həmin bənddə göstərilir ki, insanlar adi həyatda öz fikirlərini, düşüncələrini sərbəst bölüşmək hüququna malikdirlərsə, virtual həyatda da həmin hüquqlara malik olmalıdırlar.
"Bu zaman həmin beynəlxalq paktın 9-cu maddəsinin üçüncü bəndinə də istinad etmək lazımdır. Biz öz davranışlarımıza, fikrilərimizə görə adi həyatda məsuliyyət daşıyırıqsa, virtualda yazdıqlarımıza görə də məsuliyyət daşımalıyıq. Şəxs internetdə öz ideyalarını, fikirlərini, baxışını paylaşırsa, bu, heç bir halda başqa bir insanın hüquqlarının pozulması hesabına olmamalıdır.

Əgər mən başqa bir insanın hüquqlarını pozuramsa, buna görə məsuliyyət daşıyıram. Məsələn, kiberməkanda hüquqların qorunması vacib məsələdir. Bir müəllif özünün hansısa əsərini internetdə paylaşırsa, digərləri onun müəlliflik hüquqlarını qorumadan, istinad etmədən istifadə edirsə, onun hüquqlarının qorunmasının hüquqi normativ əsasları olmalıdır. Dünyanın bir çox təşkilatlarında belə bir yanaşma var ki, bütün dünya dövlətləri üçün işlək olacaq normativ hüquqi baza olmalıdır. Bu da kiberməkanda insan hüquqlarının qorunmasına imkan versin. Bu zaman əsas iki istiqamət nəzərdə tutulur. Birincisi, intenet məkanında insanın şərəf və ləyaqətinin alçaldan, peşəkar nüfuzuna xələl gətirən hallara görə məsuliyyət nəzərdə tutulsun. İkincisi isə kiberməkanda da dövlət, milli təhlükəsizliyə xələl gətirəcək məqamların qarşısı alınsın", - o bildirib.

Layihə ilə bağlı “Şərq”ə danışan media hüququ üzrə ekspert Ələsgər Məmmədli bu qanunun insanların ifadə azadlığını məhdudlaşdıracağını bildirib. 

“Ötən günlərdə Prokurorluq bəzi feysbuk istifadəçilərinin həbs edilməsi, cəzalandırılması və töhmət verilməsi ilə bağlı açıqlama yaydı. Belə çıxır ki, bunu qanunsuz ediblər?  Əgər yeni qanuna ehtiyac olduğunu deyirlərsə, onların istinad etdiyi qanun nəyi təmsil edir? Bir gün içində bir çox insanı cəzalandırır, işini məhkəməyə göndərirlərsə, deməli, bir qanun var. Və həmin qanun ifadə azadlığını kifayət qədər məhdudlaşdırır. Bu gün qüvvədə olan “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanun çox bərbad şəkildə informasiya azadlığına müdaxilə edir. Sosial mediada insanlar mülahizələrinə görə həbs təhlükəsi ilə qarşı-qaşıya qalır, yaxud həbs olunur. Eyni zamanda yüksək məbləğdə cərimə olunur və ya Prokurorluq tərəfindən xəbərdarlıq alırlar.

Hesab etmirəm ki, sosial media haqqında ayrıca bir qanuna ehtiyac var. Bu gün kontentlə, yayılan məzmunla bağlı qüvvədə olan qanunvericilik kifayət qədər mühafizəkardır və ifadə azadlığını normadan artıq məhdudlaşdırır. Belə bir qanunun təşəbbüsü yolverilməzdir. Bu, Avropa İnsan Haqları Konvensiyası və  Azərbaycanın qoşulduğu digər  konvensiyalar, eyni zamanda konstitusiyamızın 47 və 50-ci maddələri baxımından məhdudlaşdırıcı kimi qəbul edilə bilər”. 

Mövzuya münasibətini bildirən internet-media üzrə ekspert Səbuhi Abbasov isə bildirib ki, qanunvericilikdə bu barədə dəyişikliklərə ehtiyac var:

 “Son 5 ildə sosial şəbəkələr sosial media anlayışı ilə əvəzlənməyə başladı. İnsanlar rəqəmsal dünyaya sürətlə inteqrasiya edərək sosial medianın subyektinə çevrilib. Sosial şəbəkələrin böyük faydaları var, xüsusən də məlumatın yayılması, biznesmenlərin marketinq fəaliyyəti üçün və s. Ancaq bir neçə istiqamətdə ciddi problemlər də mövcuddur. Bunlardan biri təhlükəsizlik məsələsidir. Heç bir ölkədə sosial şəbəkələrin konkret idarəetmə mexanizmi olmadığına görə burada baş verə biləcək təhlükəli məqamlara müdaxilə çətinləşir. Yüzlərlə insan aldadılaraq şəxsi məlumatları, bank hesabları və s. oğurlanır. Bəzən bu intihar hadisələrinin baş verməsi, ailələrin dağılması ilə nəticələnir”. 

Ekspertin sözlərinə görə, bir başqa problem isə sosial şəbəkə istifadəçilərinin, xüsusən də tanınmış şəxslərin, şirkətlərin işgüzar, siyasi və ya ictimai nüfuzuna xələl vurulması ilə bağlıdır:

“Bütün dünyada bu problem ciddi şəkildə böyüməyə başlayıb. Bu barədə müxtəlif ölkələrin təcrübələri var. Məsələn, Çin bu prosesi qanuni şəkildə tənzimləyə bilməyəcəyini anlayaraq özünün sosial şəbəkəsini istifadəyə verdi. Dövlət özünün yaratdığı sosial şəbəkəni idarəetmə gücünə malikdir. Buna görə də qanun layihəsinin hazırlanmasında ilk növbədə beynəlxalq təcrübə dərindən incələnməlidir. 

Dünayada sosial şəbəkələrlə bağlı vahid qanunvericilik olmadığına görə burada yazılan hər bir cümlə, fikir ifadə azadlığına aid edilir. Buna görə də Azərbaycanda bu qanunun qəbul edilməsi söz və ifadə azadlığının qarşısının alınması kimi təsəvvür yaradacaq. Bu, həssas məsələdir və yüz ölçüb, bir biçmək lazımdır. İlk növbədə insanlara başa salmaq lazımdır ki, burada sosial şəbəkədən istifadəyə qadağa ilə bağlı hüquqi mexanizm yaradılmır. Bu sadəcə bir insanın digərinin hüquqlarını tapdaladığı anda işə düşəcək və sosial şəbəkə istifadəçiləri həmin mexanizmin birbaşa iştirakçısı olacaq. Hər hansı bir şəxsin ictimai nüfuzuna qəsdən xələl gətirilib və ya hansısa bir  məqsədlə təhqir olunubsa, mütləq hüquqi addım atılmalıdır. Bu qanun peşəkar hüquqşünaslar və vətəndaş cəmiyyətinin üzvləri ilə açıq şəkildə müzakirə olunmalı və cəmiyyətin qəbul edəcəyi formada qəbul edilməlidir. 

Bu çox qəliz mexanizmdir. Vahid hüquqi baza qəbul olunsa belə onun yüz faizlik effektini gözləmək sadəlövhlük olar. Ancaq sosial şəbəkənin gücündən istifadə edib insanların və ya hansısa qurumların təhqir, təhdid edilməsi, alçaldılması kimi hadisələrin qarşısını almaq üçün qanunvericiliyimizə müəyyən əlavələrin edilməsi mütləq lazımdır. Bu, ən azından belə hadisələrin sayını azaldacaq”.  

Sənan İsmayıl