Qazax inqilabının bütün tərəfləri görünür
İlqar Vəlizadə: "Ölkədəki etirazlarda iqtisadi çətinliklər və bahalaşma mühüm rol oynayır"
Turan Rzayev: "Rusiyanın indiki halda Qazaxıstanda sabitliyi pozmasının bir neçə səbəbi var"
Hökumətin istefasından sonra Qaz Emalı Zavodunun direktoru Narkbergen Tulepov da saxlanılıb. O, qazın qiymətini əsassız olaraq bahalaşdırmaqda ittiham olunub. Lakin prezidentin çıxışı və hökumətin qiymət artımından geri çəkilməsi etirazçıların qəzəbinin qarşısını ala bilməyib. Almatıda meriya binasına girməyə cəhd edən yüzlərlə etirazçını dağıtmaq üçün gözyaşardıcı qaz və səs qumbaralarından istifadə olunub. İcra Hakimiyyətinin, şəhər prokurorluğunun binaları, habelə hakim “Nur Otan” Partiyasının Auezov rayon şöbəsinin qərargahı yandırılıb. Şəhərdəki iğtişaşlar nəticəsində 33 xüsusi təyinatlı avtomobil yandırılıb. İğtişaş zamanı 300-ə yaxın müəssisə dağıdılıb. Bəzi etirazçılar “Qocalar çıxıb getsin” və “Hökumət istefa versin” şüarları səsləndiriblər. “Telegram”, “Signal” və “WhatsApp” kimi mesajlaşma proqramları bloklanıb və aksiya xəbərlərini yayan iki internet saytı bağlanıb. Etirazların genişlənməsindən Almatı və Manqistau vilayətlərində fövqəladə vəziyyət elan edilib. Yanvarın 19-dək davam edəcək fövqəladə vəziyyət komendant saatı ilə paralel hərəkət azadlığının məhdudlaşdırılması və s. məqamları da özündən ehtiva edir. Qazaxıstan Daxili İşlər Nazirliyinin məlumatına görə, etirazlar zamanı 200-dən çox adam saxlanılıb. Hökumətin qərarına əsasən, kütləvi tədbirlərin keçirilməsi qadağan edilib, insanların və nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb. Xatırladaq ki, nümayişlərin başladığı, neftlə zəngin Manqistau bölgəsinin Janaozen şəhərində 2011-ci ildə maaşların artırılması və iş şəraitinin yaxşılaşdırılması tələbi ilə tətil edən neftçilərin etirazına təhlükəsizlik qüvvələri atəşlə cavab vermişdi. Nəticədə 14 nəfər həlak olmuşdu. Məlumat üçün onu da deyək ki, ölkəni 30 ilə yaxın idarə edən qurucu lider Nursultan Nazarbayev 2019-cu ildə postunu tərk edib. Onun yerinə Nazarbayevin dəstəklədiyi Qasım-Jomart Tokayev seçilib. 81 yaşlı Nazarbayev prezidentlikdən getməsinə baxmayaraq, hələ də ölkə idarəçiliyində aktiv rol oynayır. Təhlükəsizlik Şurasının sədri vəzifəsini davam etdirən Nazarbayevin “Millət Lideri” kimi toxunulmazlıq statusu, imtiyazları var. Qazaxıstanın Azərbaycandakı səfirliyi iğtişaşlarda Azərbaycan vətəndaşlarının xəsarət almadığını bildirib. Səfirlik, həmçinin Qazaxıstanda yaşayan Azərbaycan vətəndaşlarına izdiham toplandığı yerlərdən uzaq durmağı, evdən çıxmamağı, lazımi təhlükəsizlik tədbirlərinə əməl etməyi də tövsiyə edib. Qazaxıstanda baş verənlərə Rusiyadan da reaksiya verilib. Kremlin sözçüsü Dmitri Peskov deyib ki, hazırda baş verənlərlə bağlı Qazaxıstana kənardan müdaxilə edilməməsi çox vacibdir. O, həmçinin Qazaxıstanın ölkədə baş verənlərlə bağlı Rusiyadan kömək istəmədiyini bildirib. Rusiya Federasiya Şurasının Beynəlxalq əlaqələr komitəsinin sədr müavini Vladimir Cabarov isə bəyan edib ki, Qazaxıstanın hakimiyyət orqanları ölkədəki vəziyyətin tənzimlənməsinin öhdəsindən təkbaşına gələcək. Lakin lazım gələrsə, Moskva bu ölkəyə dinc xarakterli istənilən yardımı göstərməyə hazırdır: “Qazaxıstanlı dostlar və qardaşlar bu vəziyyətdən uğurla çıxacaqlar. Rusiya hər zaman yanınızdadır və kömək etməyə hazırdır”. Rusiya Dövlət Dumasının vitse-spikeri Boris Çernışov isə iddia edib ki, Qazaxıstandakı etirazların əsl hədəfi Rusiyadır. Onun sözlərinə görə, Qazaxıstandakı etiraz aksiyalarında London və Vaşinqton regional komitələrinin əli var: “İğtişaşlara səbəb Qazaxıstan hakimiyyətinin Kremllə əməkdaşlıq kursuna sadiqliyi olub. London və Vaşinqton regional komitələri Qazaxıstan liderlərinin birliyini, Moskva ilə əməkdaşlıq kursuna sadiqliyini bəyənmir”. Deputat bildirib ki, insanlar “iqtisadi səbəblərə” görə meydana çıxarılıb, amma sonra siyasi şüarlar səsləndirməyə başlayıblar.
Qazaxıstandakı qarışıqlıqla bağlı “Şərq”ə danışan politoloq İlqar Vəlizadə bildirib ki, bu ölkədə iqtisadi problemlərin siyasi böhrana çevrilmək riski böyükdür. Analitik deyib ki, etirazçıların siyasi şüarlarla küçələrə çıxması sosial-iqtisadi problemlərin siyasi müstəviyə daşınması deməkdir:
“Daxili və xarici müəyyən qruplar proseslərin məhz siyasi məcraya yönəlməsini istəyir. Hadisələrin bu cür inkişafı Qazaxıstan kimi böyük bir ölkəni siyasi destabilizasiyaya gətirib çıxara bilər. Bu isə arzuolunmaz prosesdir. Çünki Qazaxıstanın qarışması sadəcə bu türk respublikasında deyil, bütövlükdə Orta Asiya regionunda vəziyyətin nəzarətdən çıxması deməkdir. Eyni zamanda Xəzəryanı bölgəyə mənfi təsir göstərəcək amildir. Azərbaycan Qazaxıstanla sıx münasibətlərə və region üçün mühüm olan ortaq layihələrə sahibdir. Qazaxıstan Türk Dövlətləri Birliyinin önəmli ölkəsidir. Əlbəttə, ölkədəki etirazlarda iqtisadi çətinliklər və bahalaşma mühüm rol oynayır. Sadəcə qazın qiyməti deyil, ərzaq məhsullarında da qiymət artımları müşahidə olunur. Qazaxıstan yeyinti məhsullarının böyük hissəsini xaricdən tədarük etdiyi üçün ötən ilin avqust-sentyabr aylarından bahalaşma açıq-aşkar hiss olunmaqdadır. Taxıl daxili tələbatı ödəsə də, digər məhsullara görə xaricdən asılı durumdadır. Məsələ ondadır ki, hazırda qlobal enerji bazarında vəziyyət qeyri-stabildir və qiymətlər yüksəkdir. Bunu fürsət bilən Qazax ixracatçıları qazı Avropa bazarlarına çıxarmağa üstünlük veriblər. Daxili bazarın tələbatı nəzərə alınmadığı üçün ölkədə qaz enerjisi ilə bağlı ciddi çatışmazlıq yaranıb. Son nəticədə qiymətlərin artırılmasına qərar verilib ki, bu da etirazların yaranmasına səbəb olub”.
Ekspert vurğulayıb ki, Prezident Tokayev vacib addım ataraq, hökuməti istefaya göndərib, çünki etirazların tələblərindən biri hökumətin istefası idi: “Etirazçılar Nazarbayevin idarəçilikdən birdəfəlik əl çəkməsini də istəyirlər. Nazarbayev Qazaxıstanın siyasi sistemini tənzimləyən əsas fiqurdur. Onun getməsi siyasi sistemin çökməsi ilə yanaşı, bir sıra mənfi fəsadlarla nəticələnə bilər. Həbs olunmaqdan qorxan bəzi işbazlar artıq ölkəni tərk ediblər. Ümid edirik, hadisələrin ciddiliyinin fərqində olan hökumət lazımi addımlar atacaq və vəziyyət stabilləşəcək. Qazaxıstan Azərbaycanın vacib tərəfdaşıdır, 44 günlük müharibədə bizi dəstəkləyən türk ölkəsidir. İstəməzdik ki, bu ölkədə daxili siyasi vəziyyət qarışsın”.
Siyasi şərhçi Turan Rzayev də “Şərq”ə açıqlamasında bildirib ki, Qazaxıstanda baş verən mövcud etirazlar iqtisadi və sosial amillə bağlı olmaqla yanaşı, həm də Kremldə hazırlanan, anarxiyaya hesablanan bir senaridir. Analitik xatırladıb ki, son günlər rus deputatların bir çoxu rəsmi televiziya kanallarında Qazaxıstanın tarix boyu mövcud olmadığını, hazırkı qazax torpaqlarının vaxtilə Kreml tərəfindən onlara verildiyini qeyd edirlər:
“Rusiyanın indiki halda Qazaxıstanda sabitliyi pozmasının bir neçə səbəbi var. Birincisi, Qazaxıstan son illərdə Kremlin istəyi xaricində siyasət yeritməyə başlayıb. Ölkənin latın qrafikalı əlifbaya keçməsi, keçmiş SSRİ-dən qalan şəhər adlarının milli adlarla əvəzlənməsi, qazax dilinin ön plana keçərək rus dilini sıxışdırması və s. qərarlar Kremlin diqqətindən yayınmayıb. Aydın məsələdir ki, rəsmi Nursultan Kremlin başının Ukraynanın şərqində və Qafqazda qarışmasından istifadə edərək təmkinlə ölkədəki Rusiya təsirini azaltmağa çalışırdı. Hesab edirəm ki, Kreml Qazaxıstandakı təsirinin azalmasından narahatdır və mövcud etirazlar fonunda rəsmi Nursultana açıq mesaj verir. Digər yandan Qazaxıstan sahəsinə görə, hazırda dünyanın 9-cu ən böyük ölkəsidir. Dünyanın ən böyük neft və qaz ixrac edən ölkəsidir. Bununla belə bu ölkənin hazırda ən böyük problemi əhali sayının az olmasıdır. Cəmi 18 milyon olan əhalinin bir qismini də ruslar təşkil edir. Müstəqilliyin ilk illərində ölkədəki əhalinin 37 faizini rus əsilli insanlar təşkil edirdi. Bu gün bu nisbət dəyişsə də ölkədə bu qədər rus əsilli vətəndaşın olması Qazaxıstana Kremlin təsir etməsini və gələcəkdə Ukrayna senarisinin baş vermə ehtimalını yüksəldir”.
T.Rzayev vurğulayıb ki, Qazaxıstan hazırda Çinin “bir kəmər, bir yol” layihəsi çərçivəsində kilid ölkələrdən sayılır:
"Çindən gələn ticarət yolu Qazaxıstan üzərindən Azərbaycana, Zəngəzur dəhlizindən Ermənistana, Türkiyə üzərindən isə Avropaya qədər uzanacaq. Rusiya indiki halda Qazaxıstanın özündən asılı olmasını və Çinin “bir kəmər, bir yol” layihəsində kilid ölkə roluna malik olmasını istəmir. Rəsmi Moskva Qazaxıstan torpaqlarından keçəcək xəttin öz torpaqlarından, daha dəqiq desək, Orenburq, Çelyabinsk, Omsk kimi şəhərlərdən keçməsini istəyir. Hesab edirəm, Rusiya ilə Qazaxıstan indiki halda məhz bunun üçün anlaşmazlıq yaşayır və Kreml təsir rıçaqlarını işə salır”.