Əgər bu mümkün olmasa, daha böyük siyasi qazanc əldə etmək istəyəcək
Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin erməni jurnalistlərin rus sülhməramlılarının 5 ildən sonra Qarabağda qalma müddətinin uzadılıb-uzadılmayacağı haqda sualına cavab verib. Səfir bildirib ki, “hər şeyi həyat və zaman göstərəcək”. Ekspertlərin qənaətincə, səfirin bu cür cavabı erməni ictimai rəyinə ünvanlanmaqla yanaşı, həm də Moskvanın yanaşmasını əks etdirir. Qarabağdakı rus sülhməramlılarının gələcək fəaliyyəti müəmmalı olaraq qalır.
10 noyabr razılaşmasına görə tərəflərdən biri istəmədiyi halda sülhməramlılar bölgəni tərk etməlidir. Ruslar isə çıxmaq istəmir və separatçılara dəstəyin məqsədi budur. Ekspertlərin qənaətincə, 5 illik vaxt bitdikcə Moskva üçün Qarabağda Ermənistanın yox, separatçıların mövcudluğu prioritet olacaq.
Siyasi şərhçi Asif Nərimanlı “Şərq”ə açıqlamasında vurğulayıb ki, Kopırkinin açıqlaması təsdiq edir ki, Rusiya üçün gələcək müəmmalıdır. Çünki Azərbaycanın 5 il sonra sülhməramlıların qalması üçün müraciət etməyəcəyi bəllidir. Analitikin fikrincə, indi Bakı da, Moskva da Qarabağı sonraya saxlayıb:
“Moskva kommunikasiyanın açılmasını, Bakı isə sərhədin müəyyən edilməsi və Zəngəzur dəhlizinin işə düşməsini cari hədəf olaraq görür. Xüsusilə sərhəd məsələsinin həlli Qarabağda da əlimizi gücləndirə bilər. Lakin həm Moskva, həm Bakının Qarabağla bağlı planları var. Rusiya 4 ildən sonra da qalmağa çalışacaq və çıxmaq məcburiyyətində qalsa, bundan daha böyük siyasi qazanc üçün istifadə etmək istəyəcək. Azərbaycan 2025-ci ilə qədər Qarabağla bağlı üç mümkün istiqamətdə işləyə bilər. Birincisi, oradakı erməniləri Azərbaycan bayrağı altında yaşamağa razı salmaq lazımdır. Sosial-iqtisadi çətinlik buna imkan yaradır, lakin olduqca çətin məsələdir. Xüsusilə həm ermənilərin, həm də rusların “birgəyaşayış” perspektivini baltalamağa çalışması fonunda bir qədər mürəkkəbdir”.
A.Nərimanlı qeyd edib ki, Rusiyadan bölgədə uzunmüddətli qalma fürsətinin yaradılması qarşılığında Qarabağdakı mövcudluğuna son qoymaq tələb oluna bilər:
“Azərbaycan-Ermənistan sərhədində belə bir fürsət verilə və bununla problemi daxildən sərhədə köçürmək ola bilər. Yaxud Türkiyənin hərbi mövcudluğunu artırmaq, ruslara qarşı balansı formalaşdırmaq və 2025-ci ilə qədər separatçı-terrorçu rejimin ləğv edilməsinə, idarəetmənin bərpasına çalışmaq lazımdır. Sərhədin müəyyən edilməsinin aktual olduğu vaxt Türkiyənin Monitorinq Mərkəzində türk hərbçilərini aktivləşdirməsi Bakı-Ankara masasındakı planlardan biri hesab oluna bilər. Bizi çətin və ağrılı yol gözləyir. Burada həlledici amil Bakının siyasi iradəsidir”.