Rusiya danışıqlara mane olmağa çalışır

Çünki Ermənistanla Azərbaycanın razılaşması rus sülhməramlılarının bölgəni tərk etməsi ilə nəticələnəcək


   Aprelin 25-dən Ermənistanda Nikol Paşinyan hökumətinə qarşı etiraz aksiyalarının növbəti mərhələsi başlayıb. Bir neçə istiqamətdə paytaxt İrəvana doğru yürüş təşkil olunub. Qeyd edilib ki, bundan sonra ölkədə genişmiqyaslı küçə nümayişləri və ənənəvi məşəl yürüşü keçiriləcək. Etirazçılar vurğulayıblar ki, əsas məqsədləri hakimiyyətdəki “satqınları” devirməkdir. İrəvanda hökumət binasının qarşısında da aksiya keçirilib. Polis əməkdaşları hökumət binasının qarşısında aksiya keçirən tələbələri saxlayıb. Tələbələr ali təhsil müəssisələri önündə yürüşdən sonra hökumət binasının önünə gələrək baş nazirə “hədiyyə” təqdim etməyə çalışıblar: “Biz ona mütləq nə vaxtsa düşəcəyi həbsxanada lazım olacaq zəruri ərzaq məhsulları gətirmişik”. 

Ermənistandakı aksiyaları “Şərq”ə analiz edən Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri, politoloq Samir Hümbətov deyib ki, Nikol Paşinyanın Moskva səfərindən sonra baş nazirin ritorikası dəyişib. Ekspertə görə, Paşinyanı Kremldə əməlli-başlı sıxışdırıblar: 

“Etiraz aksiyaları Paşinyanı Azərbaycan rəhbəri ilə müəyyən razılaşmalardan çəkindirmək, geri addım atmasını təmin etmək üçün həyata keçirilə bilər. Həmçinin, ölkədə qarışıqlıq Rusiyadakı bəzi dairələrə bağlı olan “Qarabağ klanı”nın “əsəri” də ola bilər. Nəzərə alaq ki, Paşinyan hökumətinə qarşı ən güclü təzyiqlər İkinci Qarabağ müharibəsindən sonrakı ilkin mərhələdə olub. Ancaq o zaman belə Paşinyanı devirmək mümkün olmadı. Müharibədəki ağır məğlubiyyətdən 5-6 ay sonra Ermənistanda təkrar seçkilər keçirildi və Paşinyan qələbə qazandı. Fikrimcə, hazırda Ermənistan daxilində baş verən proseslərin arxasında həm baş nazirə bağlı qüvvələr, həm də “Qarabağ klanı” və Rusiya dayanır. Məsələyə bu yöndə baxsaq, proseslər aydınlaşar. Paşinyan daxili etirazlar hesabına özünə “münbit şərait” yaratmağa çalışa bilər. Yəni sübut etmək istəyir ki, guya, özü sülhün imzalanmasında maraqlı olsa da, ictimaiyyətin etirazına görə prosesi tezləşdirə, güzəştlər edə bilmir”. 

S.Hümbətova görə, istənilən halda Şuşada keçirilən qurultayda dövlət başçısı İlham Əliyevin Ermənistana ünvanladığı mesaj çox önəmlidir:

 “Əgər İrəvan sülh sazişi imzalamağa yaxın durmasa, biz də onların ərazi bütövlüyünü tanımayacağıq. Bu çox önəmli nüansdır. Hamıya aydındır ki, Rusiyadakı müəyyən dairələr Azərbaycan-Ermənistan arasında gərginliyin qalmasında, prosesin yarımçıq saxlanılmasında maraqlıdır. Tərəflərin razılaşması rus sülhməramlılarının bölgəni tərk etməsi ilə nəticələnəcək. Ona görə də mümkün variantlarla danışıqlara mane olmağa çalışırlar. Lakin prosesi yubatmaq artıq mümkünsüzdür. Nəticələrin əldə olunmasına çox qalmayıb”.