Rusiya sülhməramlılara maksimum 5 il dözəcəyik

"Suverenliyimizə hörməti əks etdirməyən istənilən yanaşma rus sülhməramlılarının “ömrünü qısaldacaq”

Rusiya sülhməramlı qüvvələrinin Xankəndi şəhərində təntənəli sıra düzülüşü planlaşdırılır. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Vurğulanıb ki, hər il olduğu kimi, bu il də ölkəmizdə 9 May – Qələbə günü münasibətilə müxtəlif tədbirlər keçiriləcək.

Nazirliyin tədbirlər planına uyğun olaraq hərbi hissələrdə, ali hərbi məktəblərdə görüşlər təşkil olunacaq. Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzində xidmət göstərən bir qrup hərbçi isə Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Beyləqan rayonunda II Dünya müharibəsində iştirak etmiş və həlak olmuş şəxslərin xatirəsinə ucaldılmış abidə önünə əklil qoyacaqlar.

Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Araz Aslanlı “Şərq”ə açıqlamasında bildirib ki, 9 may günü dünyada, o cümlədən Azərbaycanda faşizm üzərində qələbənin ildönümü kimi qəbul edilir. Analitik vurğulayıb ki, dövlət başçısının Sərəncamı ilə İkinci Dünya müharibəsinin iştirakçılarına, veteranlar vəfat edibsə, onların ailələrinə hər il birdəfəlik ödənişlər olur:

“Demək istədiyim odur ki, Azərbaycan dövlətinin 9 May – Qələbə günü ilə bağlı rəsmi yanaşması mövcuddur. Yəni problemimiz faşizm üzərində qələbə gününün qeyd olunması ilə bağlı deyil. Bilirsiz ki, bu günün qeyd olunması ilə bağlı dünyada müxtəlif yanaşmalar var. Bəziləri hesab edir ki, Rusiya “9 mayı” monopoliyasına almaq istəyir, bu məsələdən siyasi məqsədlər üçün istifadə edir. Digərləri isə bunu dünyada faşizmin süqutu kimi qeyd edirlər. Azərbaycan tərəfi üçün kritik olan, narazılıq doğuran məqam bizim ərazimizdə bizə aid olmayan və dəqiq statusu bilinməyən silahlı qüvvənin hərəkətləridir. Belə aydın olur ki, Rusiya sülhməramlıları 9 Mayla bağlı tədbir keçirəcək. Bəs hansı formada keçirəcəklər? Müdafiə Nazirliyinin açıqlamasında paradın çox da təntənəli olmamasına vurğu var. Bəlkə də mahiyyət etibarı ilə “təntənəli sıra düzülüşü” bildiyimiz parad formasında baş tutacaq. Amma adının sırf bu şəkildə vurğulanması önəmli məqamdır. Ümid edirik, Rusiya tərəfi bunu parad kimi yox, “sıra düzülüşü” kimi təşkil edəcək”.

Analitikə görə, məlum deyil ki, bu addım Müdafiə Nazirliyi ilə razılaşdırılıb, icazə alınıb, yoxsa sadəcə məlumat verilib:

“Məlumat verilməsinin özü belə suverenliyimizə qismən hörmətin göstəricisidir. Ən azından biz bu cür dəyərləndiririk. Suverenliyimizə hörməti əks etdirməyən istənilən yanaşma rus sülhməramlılarının “ömrünü qısaldacaq”, yaxud maksimum 5 il dözəcəyik və ikinci müddət uzadılması olmayacaq. İstənilən halda Xankəndidə təntənəli sıra düzülüşü bizim üçün yaxşı deyil. Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi isə Azərbaycan Müdafiə Nazirliyinin razılığı və təşkilatçılığı əsasında hərəkət edəcək. Ona görə də bu tədbiri normal qarşılamaq olar”.