İranla danışıqlar pozularsa, genişmiqyaslı müharibə başlayacaq - Politoloqdan PROQNOZ

  • "Bu qarşıdurma qısamüddətli deyil, daha böyük bir müharibənin başlanğıcına çevrilə bilər. Çünki tərəflərin regionun gələcəyi ilə bağlı düşüncələri və siyasi strategiyaları daban-dabana ziddir”

ABŞ və İran arasında atəşkəs elan edilməsinə baxmayaraq, hərbi eskalasiya mövcudluğunu qoruyur. Tərəflərin rəsmi nümayəndələri ritorikanı sərtləşdirib. ABŞ prezidenti Donald Tramp İranla yaşanan gərginliklə bağlı diqqətçəkən açıqlama verib. O, yeni hücum dalğasına başlamaq əvəzinə, iqtisadi təzyiq mexanizmlərini işə salmaq niyyətində olduğunu açıqlayıb.

İranın Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai isə Vaşinqtonla danışıqların yalnız vasitəçi ölkələr üzərindən mesaj mübadiləsi şəklində aparıldığını bildirib. Bəqai ABŞ-lə danışıqların Omanla aparılan müzakirələrin gedişatından asılı olduğunu qeyd edib. Onu da qeyd edək ki, Rəsmi Tehran, ABŞ və İsrail gəmilərinin Hörmüz boğazından keçidinə qadağa qoyulmasını əks etdirən qanun layihəsini nəzərdən keçirir. İran rəsmiləri mövcud gərginliyin azalmasını ABŞ-nin növbəti qarşıdurmaya hazırlığı kimi qiymətləndirirlər. Parlament sədri Məhəmməd Baqir Qalibaf X hesabında yaydığı açıqlamada, ABŞ-nin danışıqlar bəhanəsi ilə İrana qarşı genişmiqyaslı hücuma hazırlaşdığını yazıb.

Mövzu ilə bağlı politoloq Taleh Əliyev Sherg.az-a bildirib ki, İran Amerikanın istər müharibə, istərsə də danışıqlar mərhələsində atacağı addımlardan məlumatlı olmalıdır:

“Çünki hərbi eskalasiyanın gedişatı hücumların başlanğıcından asılıdır. İran nümayəndə heyətinin rəhbəri və ölkə parlamentinin sədri kimi söz sahiblərindən biri Qalibafdır. Onun ABŞ-nin aparılan danışıqlarda gerçək niyyətinin sülh olmadığına inanması ciddiyə alınmalıdır. Biz zatən ABŞ-nin Yaxın Şərqə yeni hərbi qüvvələr və silah-sursat gətirməsi ilə bağlı vaxtaşırı məlumatlar eşidirik. Eyni zamanda, Donald Trampın İranla danışıqlarda əvvəlki mövqeyindən geri çəkilmədiyi görünür. Söhbət Hörmüz boğazı üzrə ABŞ-nin təklif etdiyi variantın seçilməsi, İranın nüvə texnologiyasından imtinası, uranın zənginləşdirilməsinin dayandırılaraq ölkədən çıxarılması və raket proqramının məhdudlaşdırılması tələblərindən gedir”. 

Politoloqun sözlərinə görə, İran və Oman arasında əldə olunan razılaşmaya əsasən, ABŞ ilə İsrail düşmən dövlət elan edilərək, onlara məxsus gəmilərin Hörmüz boğazından keçidinə qadağa qoyulacaq:

“Bu o deməkdir ki, imzalanacaq sənədin mürəkkəbi qurumamış Hörmüz boğazı yenidən şiddətli toqquşmaların mərkəzinə çevriləcək. Əvvala bu məzmunda sənədə Omanın imza atacağına inanmıram. Oman Belə bir sənədə imza atmaqla, özünü Amerikanın hədəfinə çevirə bilər. İki barışmaz mövqe onu deməyə əsas verir ki, tərəflər üçün müddətsiz atəşkəs rejimi sərf eləyir. ABŞ və İran uzunmüddətli xarakter daşımayan atəşkəs rejimindən öz strateji məqsədləri çərçivəsində faydalanmağa çalışırlar. Lakin bu dəfə tərəflərdən birinin atəşkəsi pozması sadəcə cavab zərbələri ilə kifayətlənməyəcək. Məsələn, fərz edək ki, İran atəşkəsi pozdu. Bu təqdirdə ABŞ-nin İrana qarşı havadan, dənizdən və qurudan genişmiqyaslı əməliyyatlara başlaması ehtimalı yüksəkdir”.

T.Əliyev onu da qeyd edib ki, Trampın son çıxışlarında vurğulandığı kimi, danışıqların növbəti dəfə boşa çıxması İrana qarşı daha ağır və genişmiqyaslı hərbi əməliyyatlara yol açacaq:

“Əks təqdirdə, atəşkəsi ABŞ tərəfi pozarsa, SEPAH İraq və Küveytdə Amerikan hərbi bazalarına qarşı quru əməliyyatı başlatmaqla, ABŞ əsgərlərini əsir götürəcək. İranın hərbi masasında bu söhbətlər gedir. Bu da Amerikada anti-Tramp əhval-ruhiyyəsini gücləndirə və xalq ilə hökümət arasında dərin uçurum yarada bilər. Yəni hər an atəşkəs rejiminin pozulması qaçılmazdır. Bu qarşıdurma qısamüddətli deyil, daha böyük bir müharibənin başlanğıcına çevrilə bilər. Çünki tərəflərin regionun gələcəyi ilə bağlı düşüncələri və siyasi strategiyaları daban-dabana ziddir”.