“Rusiyanın mövqeyində qaranlıq və aydın olmayan məqamlar çoxdur” - Ekspert 

“Rusiyanın ümumi mövqeyində müsbət mənada dəyişiklik olsa da, qaranlıq və aydın olmayan mənfi məqamlar çoxdur”.

Bu barədə “Sherg.az”a Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Araz Aslanlı deyib.

Ekspert bildirib ki, erməni silah alverçisi David Qalustyanın Rusiya hakimiyyətinin məlumatı, hətta razılığı olmadan Rusiya hərbi zavodlarından qanunsuz yollarla silahları alıb sərnişin təyyarələri ilə Ermənistana göndərməsi ehtimalı çox zəifdir: 

“İsgəndər raketlərinin mərkəzi hakimiyyətin razılığı olmadan beynəlxalq hüquqa zidd şəkildə Ermənistana verilməsi ehtimalı da aşağıdır. Rusiyanın idarəetmə sisteminin xarakteri bu ehtimalı 0-a yaxınlaşdırır. Amma yenə də Rusiya rəhbərliyi iddia edirsə ki, onların razılığı və məlumatı olmayıb, bunu sübut edən addımlar atmalıdırlar. Prezident İlham Əliyevin “keçmişi unutmamaq, ancaq gələcəklə daha çox məşğul olmaq” yanaşması var. Həm işğaldan azad edilmiş ərazilər, həm Zəngəzur, həm Rusiya və Ermənistanla münasibətlər barədə doğru strateji yanaşma ortaya qoyuldu. Əslində “İsgəndər” raketləri ilə bağlı məsələ münasibətlərdəki ümumi durumun simvolik ifadəsidir. “Şuşaya İsgəndər raketlərinin atılması” Rusiyanın 44 günlük müharibəyə dair mövqeyinin sonluğunun ifadəsidir. Bu mövzuda atacağı növbəti addımlar isə 44 günlük müharibəyə dair gələcəkdəki addımların göstəricisi olacaq. Rusiya da daxil olmaqla bütün qonşular yaxın, ya da orta mərhələdə görəcəklər ki, bu münaqişə artıq onlar üçün istədikləri vaxt istifadə edəcəkləri vasitə deyil. Bu, onları hər an arzu etmədikləri risklərlə qarşı-qarşıya qoya biləcək bir məsələdir”.