Ruslarınn ərazilərimiuzdəki mədənlərə girişi gündəmə gələcək? - ŞƏRH
Laçın-Xankəndi yolunda təşkil olunan və 138 gündür davam edən ekoloji aksiya dayandırıldı. Dünən aksiya iştirakçılarının bir qrupu ilə Azərbaycanın dövlət nümayəndələri arasında növbəti görüş keçirilib. Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəliyinin inzibati binasında keçirilən görüşdə aksiya iştirakçılarını təmsil edən 10 ekofəal iştirak edib. Prezidentin xüsusi nümayəndəsi Aydın Kərimov Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında nəzarət-buraxılış məntəqəsinin qurulması ilə əlaqədar yeni vəziyyətin yarandığını qeyd edib. Buna görə də iştirakçılara aksiyanın dayandırılması bir daha təklif olunub. Ekofəallar bildiriblər ki, Laçın-Xankəndi yolunun başlanğıcında sərhədçilərimiz tərəfindən sərhəd-nəzarət mexanizminin yaradılması, bununla da yolda hərəkət üzrə şəffaflığın, qanunun aliliyinin və hərəkətin təhlükəsizliyinin təmin edilməsi onları çox sevindirib. Buna baxmayaraq, ekofəallar qeyd ediblər ki, aksiya hədəfə tam olaraq çatmayıb. Onlar Rusiya sülhməramlılarının müvəqqəti nəzarətindəki Azərbaycan ərazilərində təbii sərvətlərimizin qanunsuz istismarına son qoyulmasını və Azərbaycanın aidiyyəti qurumlarının həmin ərazilərdə monitorinqinə imkan yaradılmasını sülhməramlı kontingentin komandanlığından tələb etdiklərini bir daha vurğulayıblar. Ekofəalların təmsilçiləri dövlət nümayəndələrinin dəfələrlə edilən çağırışına cavab olaraq, aksiyanın dayandırılması məsələsinə baxılması üçün aksiya iştirakçıları ilə ümumi məsləhətləşmələrin aparılmasına ehtiyac olduğunu bildiriblər. Daha sonra ekofəallar müzakirə olunan məsələlərlə bağlı məsləhətləşmələr apararaq aksiyanı müvəqqəti dayandırmaq qərarına gəliblər. Bununla bağlı bəyanat yayımlanıb. Bəyanatda vurğulanıb ki, ekofəallar və gənc könüllülər tələblərinə qismən nail olublar. Qeyd olunub ki, dövlət nümayəndələri tərəfindən dəfələrlə edilən müraciətləri nəzərə alaraq, etiraz aksiyasını müvəqqəti dayandırmaq barədə qərar qəbul edilib.
Siyasi şərhçi Asif Nərimanlı bildirib ki, Laçın yolunda post qurulduqdan sonra aksiyanın missiyasını tamamlanmış hesab etmək olar. Lakin müvəqqəti dayandırılması amilindən bir neçə nəticə çıxır: "Laçın yolunda qurulan posta müdaxilə riskinə qarşı mülki vətəndaşlar yenidən ayaqlanacaq. Qarabağda Azərbaycanın suverenliyinə yaranacaq təhlükələrə qarşı xalq da ordu ilə birlikdə meydanda olacaq. Gözləniləndir ki, qarşıdakı günlərdə ekoaksiyanın tələbi olan Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdəki mədənlərə giriş məsələsi gündəmə gətirilsin və bunun baş tutacağı ehtimalı bu dəfə daha yüksəkdir. Ekoaksiyanın nail olduğu nəticələri isə tarixi nailiyyət adlandırmaq olar. Laçın yolunda postun qurulmasına aparan yolda cığır açdılar. Qarabağda suverenliyimizin tam bərpa edilməsinə gedən yolda xalq faktorunun praktik olaraq önə çıxması presedentini diriltdilər".