Samvel Şahramanyanı kənar güclər danışdırır - EKSPERT

Bu cəhdlər regionda qarşıdurmanın yenidən qızışdırılması məqsədi daşıyır

  Keçmiş qondarma rejimin sonuncu separatçı "başçısı", gizli yolla İrəvana qaçmış Samvel Şahramanyan son günlər yenidən "fəallaşıb". Şahramanyan Bakıya sərsəm şərt-tələblər irəli sürəndən sonra ermənilərin Qarabağa qayıdışından, onların gələcək vəziyyətindən, özünün müəyyən şərtlərlə geri dönməsindən və s. absurd məsələlərdən də danışıb. Hətta Şahramanyanın Baş nazir Nikol Paşinyanı şantaj etdiyi də deyilir. 
  Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri Samir Hümbətov Sherg.az-a deyib ki, separatçı Samvel Şahramanyan sadəcə özünə məxsus fikirləri səsləndirmir. Ekspertin sözlərinə görə, onu kənar güclərin danışdırdığını da demək mümkündür:"Cənubi Qafqazda marağı olan Fransa, Kanada və digər Qərb ölkələrinin zaman-zaman separatçılarla görüşdüyü, onlara dəstək verdiyi bəllidir. Bu cəhdlər regionda qarşıdurmanın yenidən qızışdırılması məqsədi daşıyır. Şahramanyanın son açıqlamaları göstərir ki, bəzi güclər bitmiş münaqişəni yenidən alovlandırmağa çalışır. Bu da onun ağlının məhsulu olaraq dəyərləndirilə bilməz. Şahramanyanı önə sürənlər bölgədə gərginliyin bitməsində, sülhün yaranmasında maraqlı olmayan qüvvələrdir. Onun sərsəm fikirlər səsləndirməsi də həmin güclərin maraqlarına xidmət edir".