Siyavuş Novruzov təklif səsləndirdi
"Bütün müharibə veteranlarının aylıq təqaüdü artırılsın"
Nazir: "Biz müharibə veteranlarını daha çox məşğulluğa cəlb etmək istəyirik. Çünki onlar əmək qabiliyyəti olan şəxslərdir"
Milli Məclisin növbədənkənar iclasında 2022-ci ilin dövlət büdcəsinə dəyişiklik layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb. İclasda Maliyyə naziri Samir Şərifov, Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov və digər rəsmilər iştirak ediblər. İclasda 15 məsələ müzakirə olunub. Dövlət büdcəsində artırılan və xərclər arasında yerdəyişmələrin hesabına yaranan ehtiyat vəsaitlərin yönəldiləcəyi istiqamətlər açıqlanıb. Milli Məclisin dünən keçirilən plenar iclasında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili büdcəyə dəyişiklikdə nəzərdə tutulan məsələlərlə bağlı məlumat verib: “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yol-nəqliyyat infrastrukturunun yaradılması, həmçinin ölkəmizin digər regionlarında nəqliyyat-kommunikasiya infrastrukturunun təkmilləşdirilməsi üzrə layihələrin maliyyələşdirilməsi üçün 1 477 milyon manat nəzərdə tutulub. Müdafiə qabiliyyətinin və hərbi qüdrətin daha da artırılması, Milli təhlükəsizlik sahəsində tədbirlərin maliyyələşdirilməsi üçün 588 milyon manat ayrılıb. Sosial müdafiə sahəsinə 519 milyon manat, ərzaq təhlükəsizliyi üçün tədbirlər üzrə əlavə ehtiyatların yaradılması üçün - 193 milyon manat nəzərdə tutulub. 2022-ci ildə Ümumi Daxili Məhsulun həcminin 115.4 milyard manat, xam neftin bir barelinin orta illik qiymətinin isə 85 dollar olacağı proqnozlaşdırılır. Artırılan gəlirlərin 65 faizi qeyri-neft, 35 faizi isə neft gəlirləri hesabına formalaşacaq. Dövlət Vergi Xidməti xətti ilə yığılan vergilərin 2.9 milyard manat, Dövlət Gömtük Komitəsi xətti ilə daxilolmaların isə 345 milyon manat artırılması təklif olunur".
“Birinci və İkinci Qarabağ döyüşçüləri arasında fərq qoyulmamalıdır”
Milli Məclisin Regional Məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib ki, Birinci və İkinci Qarabağ müharibəsi iştirakçıları, şəhid ailələri və qazilər arasında fərq qoyulmamalıdır: “Birinci Qarabağ müharibəsində 4 il sərasər iştirak edən oğullarımız olub. Onlar sərhədlərimizi silahsız, hakimiyyətsiz qoruyublar. Birinci və İkinci Qarabağ döyüşçüləri arasında fərq qoyulmamalıdır”. Deputat təklif edib ki, bütün müharibə veteranlarının aylıq təqaüdü artırılsın: “Veteranların müavinəti 80 manatdan 130 manata çatdırılmalıdır. Müharibə veteranlarının müavinəti qaldırılmalıdır ki, heç olmasa, onlar kommunal xərclərini ödəyə bilsinlər”.
“Sosial ödənişlərlə bağlı daimi islahatlar fonunda bu məsələyə də yenidən baxılacaq”
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev veteran təqaüdünün artırılması təklifinə cavab verib: “Birinci və İkinci Qarabağ müharibəsi veteranlarına heç bir halda fərq qoyulmur və qoyulmayacaq. Bu, dövlət siyasətidir. 2 il öncə müharibə iştirakçılarına verilən müavinətlər 50 faizdən çox artırıldı. Sosial ödənişlərlə bağlı daimi islahatlar fonunda bu məsələyə də yenidən baxılacaq. Amma biz müharibə veteranlarını daha çox məşğulluğa cəlb etmək istəyirik. Çünki onlar əmək qabiliyyəti olan şəxslərdir”.
Nazir neftin büdcədə 85 dollar olmasına aydınlıq gətirdi
Maliyyə naziri Samir Şərifov 2022-ci ilin dövlət büdcəsinə dəyişikliklər nəticəsində neftin bir barelinin qiymətinin 85 dollar səviyyəsində götürülməsinə aydınlıq gətirib: “Riskləri nəzərə alaraq neftin qiymətinin dövlət büdcəsində 75 ABŞ dollarına qədər endirilməsi təklif edildi. 2022-ci ilin beş ayında “Azeri Light” markalı xam neftin bir barelinin orta ixrac qiyməti 106,3 dollara bərabər olub. 5 ay ərzində daxil olan vəsaitləri və növbəti 7 ayı üzrə daxil olacaq vəsaiti nəzərə alaraq, neftin bir barelinin orta qiymətinin 85 dollar götürülməsi məqsədəuyğundur”.
“Seyid cəddinə əmin olan kimi, neft-qaz gəlirlərinə arxayın olmamalıyıq”
Deputat Siyavuş Novruzov bildirib ki, seyid cəddinə əmin olan kimi, neft-qaz gəlirlərinə arxayın olmamalıyıq: “Neft və qazın artması, azalması iqtisadi yox, siyasi mövzudur. Heç bir iqtisadçı əvvəlcədən proqnozlaşdıra bilməz ki, neftin qiyməti nə qədər arta bilər. Bunu proqnozlaşdıra bilənlər siyasətçi adlanır”.
“Ermənistan boyun qaçırır, ordumuzda isə ciddi işlər aparılır”
Millət vəkili Mahir Abbaszadə qeyd edib ki, Ermənistan tərəfi hələ də sərhədlərin delimitasiyası və demarkasiyası istiqamətində konstruktiv mövqe nümayiş etdirmir. Deputat əlavə edib ki, müdafiə xərclərinin də artırılmasına ehtiyac var: “Cənab Prezident iyunun 26-da Şərqi Zəngəzura səfəri zamanı müdafiə xərclərinin artırılmasını və ən müasir silahların alınmasını bəyan etdi. Bildiyiniz kimi erməni tərəfi hələ də demarkasiya və delimitasiya prosesini ləngidir və hər vəchlə boyun qaçırmağa çalışır. Belə olan halda Azərbaycan öz işini görür. Müasir silahların alınması, ordunun maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı ciddi işlər aparmaqdadır. Və etiraf etməliyik ki, bunlar böyük vəsaitlər tələb edir”.
Mahir Abbaszadə ərzaq təhlükəsizliyi ilə bağlı da fikirlərini bölüşüb. Millət vəkili qeyd edib ki, dünyada yaranmış ərzaq problemi Azərbaycanı gələcəkdə yarana biləcək ərzaq böhranı ilə bağlı ehtiyatlarını toparlamağa və bu sahəyə ciddi maliyyə vəsaiti ayırmağa vadar edir.
“Əhalimizin sosial müdafiəsi daha da gücləndiriləcək”
Parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib ki, ölkəmizin iqtisadi gücü artdıqca, əhalinin sosial müdafiəsi istiqamətinə də daha ciddi diqqət yetirilir: “Dövlət Sosial Müdafiə Fondu və İşsizlikdən Müdafiə Fondunun büdcəsindəki artımlar bizim əhalimizin sosial müdafiəsinin daha da gücləndirilməsinə xidmət edəcək. DSMF-nin büdcəsinin həm gəlirlər, həm xərcləri bərabər olaraq, 295 milyon manat artırılacaq. Bunların böyük bir hissəsi Cənab Prezidentin sərəncamı ilə vətəndaşlarımızın sosial müdafiəsinin gücləndirilməsinə yönəldilən maddi yardımın ödənilməsinə təminat yaradır”.