Soçi görüşünə sözardı:“Moskva Ankara ilə bacaracaq gücdə deyil" 

Soçidə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezident Vladimir Putin arasında görüş başlayıb.  Görüş mətbuata qapalı keçirilib.Qeyd edək ki, Ərdoğanın səfəri Rusiyanın dövlət başçısının dəvəti ilə təşkil edilib.
Görüşü şərh edən  siyasi analitik Samir Hümbətov  “Sherg.az”a söyləyib ki, son günlər Suriyada vəziyyət qarışıqdır. Türkiyə silahlı qüvvələrini ora yığmaqla “əlini gücləndirir”:
“Müzakirənin əsas mövzusu məhz Suriyadakı durum olacaq. Putin Suriya prezidenti Bəşər Əsədlə görüşündə bildirdi ki, ölkə ərazisində xarici qüvvələrin olmasından narahatdır. Ola bilsin, bu, təkcə Türkiyəyə yox, həm də İrana mesaj idi. Bəşər Əsədi sakitləşdirmək, belə demək mümkünsə, başını qatmaqla Suriya Ankara və Moskva arasında bölüşdürülə bilər. Tehran faktoru isə o qədər də güclü deyil. 2019-cu ildə İdlibdə Suriyaya məxsus rus təyyarəsi 34 türk əsgərini şəhid etdi. Beləliklə, Türkiyə havadan müdafiə sistemlərinin zəif olduğunu anladı. Rusiya  bir daha cəsarət edib ərazini bombalamaz. Bu, Türkiyə ilə müharibə deməkdir. Nəticədə isə Rusiya parçalana bilər. Hətta rus analitiklər özləri də etiraf edirlər ki, Moskva Ankara ilə bacaracaq gücdə deyil. Hazırda hər iki tərəf qarşılıqlı əlaqələrdə maraqlıdır. Bu mənada liderlər görüşdə maraqların uzlaşmasına çalışacaqlar. Rusiya Qarabağda güzəştə getmək istəməsə də, Türkiyə onu məcbur edir. Hər halda Ərdoğan Soçiyə boş-boşuna getməyib. Və biz görüşün təsirlərini yaxın bir neçə gün içində görəcəyik”.
S.Hümbətov, həmçinin Krım və Qarabağ məsələsinə də toxundu: 
“Krım Ərdoğanın Putin qarşısındakı əsas “kozur”urudur. Fikrimcə, tərəflər arasında bu məsələdə ciddi güzəştlər gözlənilmir. Həmçinin Moskvanın gücü göstərildiyi o qədər çox deyil. Rusiya hər iki tərəf buna istəyəcəyi təqdirdə Ermənistan- Türkiyə yaxınlaşmasına mane ola bilməz. Bu gücdə olsa, Paşinyanın yenidən seçilməsinin qarşısını alardı. Çünki Paşinyan dəfələrlə Kreml rəhbərliyini pis vəziyyətdə qoyub. Ümumiyyətlə, şimal qonşumuz indi Cənubi Qafqazda möhkəmlənməyə yox, buradan çıxmamağa çalışır. Sülhməramlı kontingentin komandanının tez-tez əvəzlənməsi, xəritədəki dəyişikliklər də bununla bağlıdır”.
Kənan Novruzov