STM-in sorğusu narazılığı təsdiqlədi: “Ruslar bölgəyə sülh gətirməyəcəklər”

Sosial Tədqiqatlar Mərkəzi (STM)  formalaşdığı vaxtdan etibarən müxtəlif aktual mövzularla bağlı ictimai rəy sorğuları əsasında analitik hesabatlar təqdim edir. Sorğu Bakı, Abşeron və 7 iqtisadi rayon üzrə -Gəncə-Qazax, Şəki-Zaqatala, Lənkəran, Quba-Xaçmaz, Aran, Dağlıq Şirvan, Yuxarı Qarabağ şəhər, rayon və kənd əhalisi arasında aparılır. Sorğuda iştirak edən respondentlər əhalinin bütün sosial-demoqrafik qruplarını təmsil edib. Seçmənin sayı əsasında statistik xəta əmsalı 2,8 faiz, əminlik dərəcəsi 95 faizdir.
Elə ötən günlərdə STM 44 günlük Vətən müharibəsinə dair maraqlı sorğu keçirib. 
Bu barədə qurumun Mətbuat xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli məlumat verib. Təşkilat sözçüsü növbəti maraqlı bir sorğunun nəticələrini də paylaşıb:

“Qarabağda yalnız Rusiya sülhməramlılarının sülhü təmin edəcəyini respondentlərin 1.0 faizi düşünür. Təkrar edirəm: 1 faiz. 35.5 faiz respondent Rusiya sülhməramlılarının bölgəyə gəlişinin nəticələrinin müsbət olacağını düşünür. Əsas motiv kimi (66.8 faiz) bununla ermənilərin azərbaycanlılara qarşı təxribatının qarşısının alınacağı fikri yayılıb. İmzalanan müqavilənin şərtlərinin yerinə yetiriləcəyini 43.2 faiz respondent qeyd edib”.

Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu sorğunun nəticələrinə dair fikirlərini “Sherg.az”la bölüşüb.
Analitik bildirib ki, onsuz da Azərbaycan ictimaiyyətinin rəyi bəlli idi:

“Küçədə kimi saxlayıb, Rusiya sülhməramlıları haqqında sual versəydik, narazılıqlarını bildirəcəkdilər. İnsanlarımız düşünürdü ki, rus hərbçilər bölgəyə sülh gətirməyəcək. Onsuz da ictimaiyyətimizdə narazılıq var idi. Sadəcə keçirilən sorğu bu narazılığı tam təsdiq etdi. Hətta sorğuda bir məsələ ilə bağlı rəqəmin artıq olduğunu düşünürəm. Qeyd olunur ki, Rusiya sülhməramlılarının fəaliyyəti ilə bağlı 55 faiz narazı və guya 35 faiz razıdır. Razı olanların da böyük rəqəm olduğunu düşünürəm. Əksinə razı olanlar 35 faiz deyil, daha azdır. Yaxşı olardı ki, sorğuya bir sual da əlavə edilərdi: “Vətəndaşlarımız türkiyəli hərbçilərin Qarabağa yerləşdirilməsinə necə baxırlar?" Bilmirəm bu sualı əlavə etdilər ya yox. Bilirik ki, rus sülhməramlıların nizamlanmasının yolu türk hərbçilərin bölgədə yerləşdirilməsindən keçir. Ümumiyyətlə, sözügedən sorğu cəmiyyətin mövqeyinin təsdiqini ortaya qoydu. Amma daha öncə də bəlli idi ki, cəmiyyətimizin əksəriyyəti rusiyalı hərbçilərin bölgədə yerləşməsi və fəaliyyətindən narazıdır”.