Təxribatlar davam etsə güc işə düşəcək
Kəlbəcərin atəşə tutulması sülh sazişinə verilən qısqanc reaksiyalardır
Ermənistan tərəfi sərhəddə növbəti təxribata əl atıb. Mayın 17-dən 18-nə keçən gecə Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərimiz intensiv atəşə məruz qalıb. Müdafiə Nazirliyinin məlumatına görə, Ermənistan silahlı qüvvələri müxtəlif çaplı atıcı silahlardan və pulemyotlardan istifadə ediblər. Ordumuz tərəfindən adekvat cavab tədbirləri görülüb və vəziyyət nəzarət altına alınıb.
Ermənistanın məhz indiki məqamda yenidən təxribatlara baş vurmasını “Şərq”ə dəyərləndirən siyasi şərhçi Aqşin Kərimov deyib ki, Yuxarı Şorca-Zəylik istiqaməti atəş səslərinin ən çox eşidildiyi ərazidir. Analitik vurğulayıb ki, həmin ərazilərdə həssas nöqtələr mövcuddur:
“Bu, sərhəd delimitasiya və demarkasiyası prosesinin başlanması üçün yaradılacaq Birgə Sərhəd Komissiyasının işinə verilən qısqanc reaksiyalardır. İrəvan üçün heç bir effektə malik deyil. Mayın əvvəllərində Azərbaycan Ordusunun Baş Qərargah rəisi Kərim Vəliyev Kəlbəcər rayonunda dislokasiya olunan hərbi hissələrin döyüş hazırlığını yoxlamışdı. Bu, mümkün nəzəri və praktiki təhdidlərə qarşı yoxlanış məqsədi daşıyırdı. Kərim Vəliyevin yoxlanışından sonra Ermənistanın atdığı addımlar bəlkə də taktiki geri çəkilmədir. Yəni geri çəkilə-çəkilə güllələr necə gəldi tolazlanır. Nə olur-olsun, baş verənlər təxribatdır və bu provakasiyanın səbəbləri İrəvanın mənasız ümidlərinə söykənir. Bir neçə gün öncə Baş nazir Nikol Paşinyanın Rusiyaya səfəri və Moskvaya ümidlərini dikməsi Ermənistanın belə təxribatlar törətməsinə rəvac verən səbəblərdir. Bunlar Ermənistanın cüzi də olsa nəticə əldə etməsinə yox, mövcud hərbi-coğrafi sərhədlərin Azərbaycanın xeyrinə genişlənməsinə gətirib çıxaracaq. Təbii ki, Ermənistan özünün hərbi təxribatlarına ara verməsə”.
A.Kərimovun fikrincə, nə qədər qəribə səslənsə də, sərhəddəki atışmalar sərhəd delimitasiyası məsələsinin tərkib hissəsi kimi qiymətləndirilə bilər:
“O mənada ki, sərhədlərin texniki olaraq müəyyən edilməməsi Ermənistanın bu cür təxribatlar törətməsini təşviq edir. Birgə Sərhəd Komissiyasının formalaşdırılması prosesi gedir. Sərhəd Komissiyasının fəaliyyəti zamanı Azərbaycan delimitasiya və demarkasiya prosesi üçün xəritələri təqdim edəcək və Ermənistanı həmin xəritələri qəbul etmək şərtini irəli sürəcək. Bu ərəfədə Paşinyan hakimiyyəti üçün Azərbaycanla mübarizə aparmaq imitasiyasını davam etdirmək lazımdır. Buna görə də İrəvan administrasiyası erməni cəmiyyətini sərhədlərə dair nəticələrə öyrəşdirmək üçün onu tədrici hazırlıq kursuna cəlb edib.
Ermənistan sərhəd delimitasiyası ərəfəsində belə təxribatlara yol verəcək və Azərbaycanın strateji təmkini ilə qarşılaşacaq. Bakının səbir kasası daşdıqda isə İrəvan baş verəcəklərə görə məsuliyyət daşıyacaq”.