“Trendyol”u  da monopoliyaya almağa çalışırlar



  Kimlərsə “Trendyol”a əl qoymaq istəyir. Üzərində təyyarə, uçuş, hava yolları-filan şəkillər olan paketlər son zamanlar camaatın əlindən düşmürdü. Əksəriyyət onlayn alış-verişə üstünlük verməyə başlamışdı. İstər geyim, ayaqqabı, həmçinin uşaq geyimlərini çoxları onlayn sufariş edir, rahat bir şəkildə də əldə edirdi. Əlbəttə, haqlı idilər. Onlayn sifarişlə 12-13 manata əldə edilən geyimləri paytaxt mağazalarından üzü astarından baha niyə almalıdır ki əhali? Amma deyəsən, buraya qədərmiş. “Trendyol”u  da monopoliyaya almağa çalışırlar. İşartılar görünür artıq.   İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin Haqsız rəqabət və reklam qanunvericiliyinə nəzarət şöbəsinin baş məsləhətçisi Cavid Süleymanlı “Trendyol”un “rəqabət narahatlığı yaratdığını” deyib. C.Süleymanlı bildirib ki, Azərbaycanda rəqəmsal bazarların çox sayda istifadəçisi var və son iki ildə bu say daha çox artıb, bu sahədə ölkədə ən böyük pay Türkiyənin "Trendyol" platformasına məxsusdur. "Trendyol"un Azərbaycana, xüsusilə Türkiyə istehsalı olan məhsulların satışı ilə bağlı haqsız rəqabət ehtimalları, rəqabət narahatlıqları yarana bilər: "Bu yaxınlarda bu rəqabət narahatlıqları ilə bağlı İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) rəqabət jurnalında mənim və həmkarımın bir məqaləsi dərc olunmuşdu. Fərz edək ki, "Trendyol"da fəaliyyət göstərən hər hansı bir "A" subyektinin Bakıda da pərakəndə satış mağazası var və "Trendyol"da satılan həmin məhsul Bakıdakı mağazada da satılır. Bu mağazanın kirayə xərcləri, həmin məhsulun qiymətinin üzərinə gələn ƏDV və gömrük rüsumları var. Təbii ki, Azərbaycan bazarındakı həmin pərakəndəçi "Trendyol"dakı qiymətlə rəqabət apara bilmir. Qeyd etdiyim məqalədə belə rəqabət narahatlıqlarının artacağı hallarda rəqabət orqanının hansı addımları atması barədə təkliflərim dərc edilmişdi. Təkliflər "Trendyol" və Azərbaycanda böyük həcmdə satış edən digər bazar yerlərinin ölkəmizdə nümayəndəliyinin açılması və Azərbaycanda ən çox satılan məhsulların 30-40 faizinin burda stokunun mövcud olmasından, bu məhsulların da qiymətlərinin digər pərakəndə ticarət obyektlərində olduğu kimi üzərinə gömrük vergisi gələrək formalaşmasından ibarət idi. Bu təkliflər həmin qeyd etdiyim jurnalda dərc edilib. Amma hazırda bu barədə hökumətə verilmiş hər hansı təklif və ya aparılmış bir iş yoxdur. Bu, sadəcə mənim və digər əməkdaşımızın mövqeyidir ki, yerli bazar subyektlərinin haqsız rəqabətlə qarşılaşmaması üçün biz hesab edirik ki, bu sahədə gələcəkdə müəyyən requlyativ tədbirlər aparılmaqla Azərbaycanda satış dövriyəsi yuxarı olan xarici mənşəli platformaların yerli nümayəndəliyi açılsın. Amma bu məsələ hazırda müzakirə mövzusu deyil. Bu, yalnız bir beynəlxalq təcrübədir".
  Yəni?.. C.Süleymanlının çıxışından bu nəticə hasil olur ki, məsələn, əhalimiz Türkiyədən onlayn sifariş əsasında malları ucuz qiymətə aldığından yerli sahibkarların malları – baha qiymətə təklif etdikləri mallar alıcı itirir. Buna niyə təəccüb edir ki, baş məsləhətçi? Mütləq baha qiymətə almalıyıq? Əlçatan qiymətlərin önünü kəsməkdənsə, ölkədəki mövcud yüksək qiymətlərin aşağı salınmasına səbəb olacaq təkliflər heç ağıllarına gəlmir amma. Qanunvericilik isə başqa şey deyir. Bu barədə millət vəkili Vüqar Bayramov açıqlama verib: "Qanunvericilik aylıq rüsumsuz sifariş məbləğini müəyyənləşdirir və heç bir halda vətəndaşın haradan məhsul sifariş etməsi qadağan edilmir. Hazırda rüsumsuz elektron sifariş üçün aylıq limit 300 dollardır. Bu isə o deməkdir ki, həmin limit çərçivəsində vətəndaş qanunla qadağan olunmayan satış şirkətlərindən, o cümlədən “Trendyol”dan mal sifariş edə bilərlər". V.Bayramov bildirib ki, haqsız rəqabətə gəldikdə isə rəqabəti qadağalar ilə müdafiə etmək rasional yanaşma deyil: 
-  Qadağalar heç bir halda güclü rəqabət yaratmır. Bu baxımdan, “Trendyol” daxil olmaqla digər beynəlxalq ticarət şəbəkələrindən sifarişlərə qadağaların müəyyənləşdirilməsi məqsədəuyğun deyil. Azərbaycan liberal iqtisadiyyata malik ölkədir və bu sahədəki islahatlar da davam etdiriləcək. İslahatlar isə qadağalara deyil, birbaşa iqtisadiyyatın daha da ağarmasına ünvanlanıb".
Qeyd edək ki, “Trendyol”a əllərin uzanması sosial şəbəkələrdə də müzakirələrə səbəb olub. Xüsusilə də, evinin, ailə büdcəsinin çıxarını düşünən qadınlar məsələnin gündəmə gəirilməsinin, necə deyərlər, xeyirli əlamət olmadığından  şübhələnir. Sosioloq Elçin Bayramlı da məsələyə ironik yanaşıb: 
- Şəxsi istifadə üçün alınan məhsullara kommersiya vergisi və gömrük rüsumu tutmaq o qədər gülüncdür ki, xaricdə bunu eşidən olsa gülməkdən “öləcək”. Üstəlik də, 300 dollara heç şəxsi əşya da almaq olmur. Məsələn, şəxsi istifadə üçün 500 dollarlıq ucuz bir kompüter almaq istəyirsinizsə, dövlət buna icazə vermir. Daha doğrusu, kommersiya məqsədilə alınmayan bu məhsula görə sizdən böyük həcmdə vergi və gömrük rüsumu tutulur. İndi də bu məbləği 200-ə salmaq istəyirlər. Birdəfəlik ləğv etsinlər getsin!..