Müxalifət blokunda gərginlik pik həddə çatıb
Türk xalqı bu seçki imtahanından da üzüağ çıxarsa, Türkiyənin önü açılacaq
Növbəti onilliklərdə Türkiyə dövləti bütün qlobal qərarlarda həlledici aktorlardan olacaq
Türkiyədə mayın 14-də keçiriləcək seçkidə deputatlığa namizədlərin siyahısının tərtibi zamanı müxalifət blokunun nümayəndələri arasında dava düşüb. “Star” qəzetinin məlumatına görə, müxalifət blokunda gərginlik pik həddə çatıb. Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədlərlə bağlı sonuncu iclasında mübahisə ucbatından siyahılar 4 dəfə dəyişdirilib. Böhran kiçik partiyaların köməyi ilə qismən aradan qaldırılsa da, daha sonra siyahı ilə razılaşmayan CHP üzvləri davaya başlayıblar. “Millət İttifaqı”ndan prezidentliyə vahid namizəd Kamal Kılıçdaroğlunun mühafizəçiləri məsələyə müdaxilə ediblər. Məlumat üçün bildirək ki, Türkiyədə seçkidə iştirak edən siyasi partiyalar ayın 9-da yekun namizəd siyahılarını Yüksək Seçim Qurumuna (YSQ) təqdim ediblər.
“Millət İttifaqı”nda yer alan partiyaların seçki strategiyası da məlum olub. Səadət Partiyası, Demokratiya və Sıçrayış Partiyası, Gələcək Partiyası və Demokrat Partiyasının deputatlığa namizədlərinin Cümhuriyyət Xalq Partiyasının siyahısında mübarizə aparacağı açıqlanıb. Sədr Kamal Kılıçdaroğlu tərəfindən digər partiyalara 30 deputat yerinin veriləcəyi bildirilib. İYİ Partiyaya da həmin siyahıda mübarizə aparmaq təklif olunsa da, təşkilat sədri Meral Akşener təklifi rədd edib. Narazılığa səbəb olan məsələlərdən biri də CHP-nin deputatlığa namizəd siyahısında terrorçu PKK-ya yaxınlığı olan şəxslərin yer almasıdır. Xatırladaq ki, mayın 14-də Türkiyədə prezident və parlament seçkiləri keçiriləcək.
Dövlət başçısı postu uğrunda 4 namizəd mübarizə aparacaq. Bunlar “Cümhur İttifaqı”nın namizədi Rəcəb Tayyib Ərdoğan, “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıcdaroğlu, müxalif Məmləkət Partiyasının lideri Məhərrəm İncə və “Ata İttifaqı”nın namizədi Sinan Oğandır. YSQ-nin məlumatına görə, seçkidə ümumilikdə 61 milyona yaxın adam səs verəcək. Türkiyədən kənarda olan seçicilərin sayı isə 3 milyondan çoxdur. Analitiklərin fikrincə, müxalifət parlament seçkisinin nəticələrinə daha çox önəm verir. Çünki Türkiyə Böyük Millət Məclisində üstünlüyün əldə olunması mübahisəli qanunların asanlıqla qəbulu, hökumət tərəfindən təklif olunan layihələrin isə geri çevrilməsi anlamına gəlir.
Milli Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri, siyasi şərhçi Natiq Miri də "Şərq"ə açıqlamasında "Millət İttifaqı"nın parlament seçkisinə ciddi yanaşdığını deyib. Politoloq vurğulayıb ki, parlamentdə müxalifətin üstünlük əldə etməsi hökumət üzərində daim təzyiq deməkdir:
"Müxalif blok parlament seçkisini kürd seçicilərin səslərindən yararlanmaqla qazanmaq istəyir. PKK ilə əlaqələri olan şəxslərin müxalifət tərəfindən namizəd siyahısına salınması da məhz həmin məqsədə xidmət edir. Lakin CHP və ətrafındakılar fərqinə varmırlar ki, baş verənlər türk xalqı tərəfindən yaxından izlənilir. Xalq seçkiöncəsi yaşanan prosesləri, gizli razılaşmaları görür. Türkiyə PKK ilə 30 ildən çoxdur apardığı mübarizədə 35 mindən artıq şəhid verib. Xalq bunu unutmaz və heç kimə bağışlamaz.
Türkiyə sadəcə kürd toplumun səsindən ibarət deyil, böyük əksəriyyətin mövqeyi əsasdır. Ümumiyyətlə, Türkiyədə keçiriləcək seçkilər qardaş ölkənin gələcəyi ilə bağlıdır və sıradan seçki deyil. Həm regional, həm qlobal baxımdan mühüm təsirləri olacaq bir seçkidir. Türkiyə xalqı bu seçkilərlə bir sınaqdan, imtahandan keçəcək və öz gələcəyini müəyyənləşdirəcək.
Bəzən fikirlər səslənir ki, "AKP 20 ildir hakimiyyətdədir, artıq insanlar yorulub, görək müxalifət ölkəni necə idarə edəcək". Ancaq dövlət və millət mövzuları test olunacaq məsələlər deyil. Türkiyənin yönü, istiqaməti bəllidir. Müstəqil və güclü Türkiyənin 2053 və 2073 hədəfləri var.
Türk xalqı seçki imtahanından üzüağ çıxarsa, müstəsna xidmətləri olmuş AKP-ni, "Cümhur İttifaqı"nı dəstəkləyərsə, Türkiyənin önü açılacaq. Növbəti onilliklərdə Türkiyə dövləti bütün qlobal qərarlarda həlledici aktorlardan olacaq. Əgər bu mənzərə Azərbaycandan bariz görünürsə, şübhəsiz ki, Türkiyə daxilində də xalq prosesləri yaxşı görür və düzgün dəyərləndirir".