Yaz ayına qədər sülh müqaviləsi mümkün görünmür

Rusiyanın vasitəçiliyi ilə Ermənistanla danışıqlar aparmaq vaxt itkisidir

Silahlı erməni dəstələrinin Qarabağdan çıxarılmasının yeganə yolu məcburetmə əməliyyatlarıdır


  Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan növbəti dəfə sərsəm açıqlamalar səsləndirib. Ötən gün Moskvada Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və rusiyalı həmkarı Sergey Lavrov arasındakı görüşə münasibət bildirən XİN başçısı iddia edib ki, Ermənistanın Qarabağ ərazisində heç bir silahlı qüvvəsi yoxdur. Mirzoyanın sözlərinə görə, yalnız Qarabağın “müdafiə ordusu” var ki, onun missiyası ermənilərin "özünümüdafiəsidir". XİN rəhbərinə görə, ermənilərin "etnik təmizləmə təhlükəsi" var. Mirzoyan üçtərəfli komissiyanın Moskvada keçirilən son iclasına toxunub: “İşçi qrup çərçivəsində görüşdük. İşlər, müzakirələr gedir. 

Müzakirə olunan məsələlər kifayət qədər mürəkkəbdir, kifayət qədər mürəkkəb təbəqələr və alt təbəqələr var, lakin iş gedir”. Mirzoyan ilin sonuna kimi Ermənistan və Azərbaycan XİN rəhbərlərinin daha bir görüşünün keçirilməsi barədə razılıq olduğunu söyləyib. O əlavə edib ki, görüşün vaxtı hələ müəyyənləşdirilməyib: "Sülh müqaviləsi ilə bağlı danışıqlar davam edir, İrəvan bu yaxınlarda Azərbaycan tərəfdən daha bir təklif alıb və tezliklə öz təklifi ilə çıxış edəcək. Təəssüf ki, bir çox məsələlərdə İrəvan və Bakının yanaşmaları hələ də çox fərqlidir, lakin tərəflər mövqelərini birləşdirmək üçün danışıqlar aparırlar. Qarşılıqlı olaraq qəbuledilməz məsələlər var, elə məsələlər də var ki, tərəflər onların üzərində irəliyə doğru addım atmağa hazırdırlar. Razılaşmanın yekun variantının ilin sonuna qədər əldə oluna biləcəyi ehtimalı azdır, ona görə də danışıqlar gələn il də davam etdiriləcək”. 

  Siyasi şərhçi Asif Nərimanlı "Şərq"ə açıqlamasında bildirib ki, erməni nazirin “arqumenti” belədir ki, “Azərbaycanın davamlı atəş açması da “müdafiə ordusu”nun nə qədər vacib olduğunu göstərir. Yəni nazirin fikrincə, erməni əhalisinə qarşı "təhlükə" aradan qalxanda müxtəlif variantları müzakirə edə bilərlər: 

"Rəsmi İrəvan bununla bəyan edir ki, Qarabağda hələ də qalan erməni silahlı dəstəni separatçıların qondarma “müdafiə ordusu” olaraq görürlər. Həmçinin 10 noyabr bəyanatında öhdəlik götürsələr də, bu silahlıları çıxarmaq fikrində deyillər. Qarabağda baş verən təxribat hücumlarının intensivləşməsinə də bu kontekstdə baxmaq lazımdır. Ermənilər atəş açır, Azərbaycanı cavab atəşinə təhrik edirlər. Hərbi dəstələrinin bölgədə qalmasının əhəmiyyətini “praktiki formada” göstərirlər. Razılaşmadan iki il sonra da Ermənistanın mövqeyinin dəyişməməsi, əksinə, 4-cü bəndə əməl etməyəcəyini daha açıq mətnlə dilə gətirməsi təsdiq edir ki, silahlı dəstələrin çıxarılmasının yeganə yolu məcburetmə əməliyyatlarıdır". 
  Politoloq Məhəmməd Əsədullazadə də "Şərq"ə bildirib ki, Ermənistanla sülh müqaviləsinin bağlanması yaza qədər mümkün görünmür. Ekspert söyləyib ki, Azərbaycan Ermənistana üçüncü sülh müqaviləsinin paketini təqdim edib: "Detallar ictimaiyyətə açıqlanmasa da, İrəvanın növbəti dəfə bu təklifi manipulyasiya edəcəyi, sülh müqaviləsinin bağlanmasından yayınacağı gözlənilir. Bir neçə gün bundan əvvəl işçi komissiyanın üzvlərinin görüşü keçirildi. Görüşdə nəqliyyat və kommunikasiyaların açılması müzakirə edildi. Məhz İrəvan Zəngəzur dəhlizinin açılmasında maraqlı olmadığı üçün iclasda hər hansı razılıq əldə olunmayıb. Ümumiyyətlə, bundan sonra da bu kimi iclasların nəticəsiz başa çatması gözlənilir. Ermənistanla Rusiyanın vasitəçiliyi ilə bu xüsusda danışıqlar aparmaq vaxt itkisidir". 

  Analitikin fikrincə, Rusiya tərəfi liderlərin növbəti görüşünün təşkilində maraqlıdır:

 "Ermənistanın möveyinin hansı istiqamətdə olacağı önəmlidir. Əgər İrəvan sülh müqaviləsinin bağlanmasında maraqlı olarsa, görüşdə iştirak etmək olar. İndiki situasiyada İrəvan Azərbaycanla sülh müqaviləsinin bağlanmasına getməyəcək. Rusiyanın vasitəçilik istiqamətində atacağı addımlar prosesi nəzarətdə saxlamağa hesablanıb. Ermənistanla sülh müqaviləsinin bağlanması yaz ayına kimi imkansızdır".