"Əgər tərəflər problemli məsələləri həll edib, razılığa gəlməsələr münaqişə regional çərçivədən çıxaraq"
ABŞ və İran arasında Hörmüz boğazı və nüvə proqramı ətrafında gərginləşən proseslər müharibənin başlayacağına dair narahatlığı artırıb. Təfərlər arasında aprelin 8-də iki həftəlik atəşəs elan olunsa da, danışıqların birinci raundu gözlənilən nəticəni vermədi.
Artıq ABŞ və İran bir-birlərini güzəştə məcbur etmək üçün təzyiq mexanizmlərini işə salıblar. Bir neçə gündür ki, Hörmüz boğazı tərəflərin inadkar mübarizəsinə əsasən blokadaya alınıb. İran rəsmiləri dəfələrlə ABŞ-dən boğazın blokadasını dayandırmağı tələb etsə də, prezident Donald Tramp onların Hörmüz üzərindən milyonlar qazanmağına izin verməyəcəyini açıqlayıb. ABŞ lideri, sülh sazişinin yalnız ölkəsinə və müttəfiqi İsrailin maraqlarına uyğun olduğu halda imzalayacağını bildirib. İranın vitse prezidenti isə qarşı tərəfdən gələn hər hansı zərbəyə qarşı "gözə göz" prinsipini işə salacaqlarını açıqlayıb. Pakistan tərəfləri yenidən dialoqa çağırda da, İran rəhbərliyi ABŞ-nin ziddiyyətli addımlarına etimad göstərmədiyi üçün danışıqlardan yayınır.
Mövzu ilə bağlı politoloq Sahil İsgəndərli Sherg.az-a bildirib ki, müharibənin yenidən tüğyan eləməsi, nə ABŞ-nin nə də İranın maraqlarına cavab verir:
“İran rəsmiləri sonadək müqavimət göstərəcəklərini bəyan etsələr də, reallıq göstərir ki, ABŞ-nin zərbələri qarşısında davamlı dayanıqlılıq nümayiş etdirmək çətindir. Hava zərbələrinin intensivliyi və istifadə olunan silahların gücündən asılı olmayaraq, quru qoşunları bölgəyə daxil olub, nəzarəti təmin etməyincə, ABŞ və İsrailin qələbə qazandığını iddia etmək əsassızdır. Hörmüz boğazının blokadada saxlanılması isə İrana ziyan vursa da, ABŞ-yə geosiyasi üstünlüklər və iqtisadi qazanc gətirir”.
Politoloqun sözlərinə görə, ABŞ gündəlik 13-13,5 milyon barel neft hasil edərək, qlobal enerji bazarında lider mövqeyini qoruyur:
“Hörmüzdə dayanan həyat, Vaşinqtonun ixrac etdiyi nefti daha yüksək qiymətlərlə bazara çıxarmasına yol açır. Hətta Tramp, bir neçə gün əvvəl avropalı müttəfiqlərə enerji təchizatında alternativ mənbə kimi ABŞ-dən neft və qaz idxal etməyi tövsiyə edib. ABŞ Hörmüz boğazını uzun müddət blokadada saxlaya bilməz. Bunun müqabilində İran dəfələrlə, Bab əl-Məndəb boğazını bağlamaqla hədələyib. Bu boğaz dünya ticarətində ən stretji dəniz yollarından biridir. Onun bağlanması qlobal iqtisadiyyatı acınacaqlı vəziyyətə salacaq”.
Analitikin fikrincə, heç bir basqı İranı nüvə proqramından imtina etməyə vadar edə bilməz:
“Danışıqlarda Vaşinqton nüvə proqramının 20 il müddətinə dayandırılmasını tələb etsə də, rəsmi Tehran uzağı 5 illə razılaşıb. ABŞ müharibəyə başlamazdan əvvəl İranın hərbi və siyasi potensialını düzgün qiymətləndirmədi. Hazırda bunun acı nəticələrini yaşayır. Onu da qeyd edim ki, İran ilə yanaşı Çin də ABŞ üçün strateji və geosiyasi problemlər yaradan əsas aktorlar sırasındadır. Tramp apreldə planlaşdırılan Çin səfərini may ayına təxirə saldı. Bu görüş tezliklə baş tutmalıdır. Çünki, ABŞ və Çinin iqtisadi maraqları toqquşmuş vəziyyətdədir”.
S.İsgəndərli vurğulayıb ki, Pakistanın ABŞ və İran arasında danışıqlar təşəbbüsü yalnız siyasi rəhbərliyin işi deyil:
“Bu prosesin pərdəarxasında Çin də rol oynayır. Pekin illərdir ki, Pakistanın strateji müttəfiqi rolunda çıxış edir. Digər tərəfdən isə İranın 80-90% neftini satın alır. Əgər İranın neft və qaz ehtiyatları ABŞ-nin nəzarətinə keçərsə, Çinin iqtisadiyyatı da zərər görəcək. Yaxın zamanda Pakistanın təşəbbüslərinin nəticələrini görə bilərik. Müharibələrdə tərəflər döyüş meydanında silahla savaşdıqları kimi, mediada da söz savaşını davam etdirirlər. Məsələn müharibənin əvvəlindən Prezident Pezeşkiandan tutmuş, XİN rəhbəri Əraqçiyə qədər hər kəs sərt bəyanatlar verirdi”.
Politoloqun qənaətinə görə İran rəsmilərinin açıqlamalarında yumşalma müşahidə olunur:
“Hətta İran xalqı parlament sədri Qalibafla, Əraqaçinin razılaşmaya meyilli siyasətini tənqid edirlər. Qalibaf isə cavabında bildirib ki, gərgin şəraitdə ABŞ ilə normallaşma prosesinə kəm baxanlar, birbaşa İranın dövlət maraqlarını təhdid altına salırlar. Əgər tərəflər problemli məsələləri həll edib, razılığa gəlməsələr münaqişə regional çərçivədən çıxaraq, bütün bəşəriyyətin məhvinə səbəb olacaq”.