"Yurda qayıdış":"İrəvan qanuni Qərbi Azərbaycan İcması ilə danışıqlara başlamalıdır"

Haqlı tələbi gecikdirmək olmaz





  Qərbi Azərbaycan İcması Ermənistan hökumətini öz ərazisindən qovduğu azərbaycanlıların sülh yolu ilə, təhlükəsiz şəraitdə və ləyaqətlə öz yurdlarına qayıda bilmələri üçün müvafiq beynəlxalq proses çərçivəsində İcma ilə dərhal danışıqlara başlamağa çağırıb. İcmanın yaydığı bəyanatda vurğulanıb ki, Ermənistan tərəfi Azərbaycana qarşı ərazi iddiası ilə çıxış etmiş və Ermənistan SSR-də yaşayan azərbaycanlılara qarşı zorakılıq yolu ilə total etnik təmizləməyə başlamışdı. Ermənistan tərəfinin başlatdığı bu proseslər insan hüquqlarına və beynəlxalq hüquqa zidd olmaqla mono-etnik məkanın yaradılmasına və ərazi ekspansiyasına xidmət edir. Məhz bu irqçi və aqressiv yanaşma ilə Ermənistan öz ərazisindən azərbaycanlıları qovmuş, Azərbaycanın beynəlxalq aləmdə tanınmış ərazilərini işğal etmişdi. Bəyanatda həmçinin qeyd edilib ki, Ermənistanın Baş naziri Nikol Paşinyan 20 fevral 1988-ci ildə Azərbaycanın Xankəndi şəhərində nümayişlərin başlamasının 35-ci ildönümü ilə bağlı bəyanat verərək, həmin aksiyanın guya kortəbii şəkildə başladığını iddia edib. Onu insan hüquqlarına aid məsələ kimi təqdim etməyə cəhd göstərib: "Əslində həmin nümayişlər xeyli əvvəlcədən hazırlanmış olmaqla, Azərbaycana qarşı ərazi iddiasına və azərbaycanlılara qarşı irqi ayrı-seçkiliyə xidmət edən sistemli bir qəsdin tərkib hissəsi idi. Azərbaycanın Ermənistanın hərbi hücumu və işğalına qarşı 2020-ci ildə apardığı özünümüdafiə əməliyyatının qələbə ilə başa çatması ədalətin bərpa olunması istiqamətində mühüm addım olmaqla iki ölkə arasında sülh imkanlarını artırıb. Ermənistan rəhbərliyinin yaranmış bu unikal imkandan istifadə edərək, sülh üçün konkret addımlar atmaq, ələlxüsus, indiki Ermənistan ərazisindən qovduğu azərbaycanlıların sülh yolu ilə, ləyaqətli və təhlükəsiz şəkildə geriyə qayıtmasına imkan yaratmaq əvəzinə ərazi iddiasını və etnik təmizləməni təcəssüm edən bədnam bir hadisənin ildönümü münasibətilə bəyanat verməsi təəssüf doğurur. Azərbaycanlıların qayıdıb öz evlərində yaşamasına imkan verməyən Ermənistan hökumətinin, Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni etnik mənsubiyyəti olan Azərbaycan vətəndaşlarının hüquqları məsələsi ilə spekulyasiya etməsi riyakarlıqdır". Vurğulanıb ki, indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların hələ də öz evlərinə qayıda bilməməsi, bu ölkədə mono-etnik dövlətçilik, etnik təmizləmə və sistematik irqi ayrı-seçkilik vəziyyətinin davam etməsi böyük ədalətsizlikdir və bu, davamlı sülhün bərqərar olunmasına böyük əngəl törədir: "Qərbi Azərbaycan İcması Ermənistan hökumətini öz ərazisindən qovduğu azərbaycanlıların sülh yolu ilə, təhlükəsiz şəraitdə və ləyaqətlə öz yurdlarına qayıda bilmələri üçün müvafiq beynəlxalq proses çərçivəsində İcma ilə dərhal danışıqlara başlamağa çağırır".

  Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidov "Şərq"ə bildirib ki, Qərbi Azərbaycandan, yəni indi "Ermənistan" adlanan tarixi Azərbaycan torpaqlarından zorla qovulmuş azərbaycanlıların öz dədə-baba yurdlarına qayıtmaq hüquqları var. Ekspert deyib ki, bu məsələ beynəlxalq qanunvericilikdə də əksini tapıb: 

"Hətta soydaşlarımızın bugünədək məruz qaldığı maddi-mənəvi ziyana görə Ermənistan tərəfi cavabdehlik daşıdığı üçün təzminat da ödəməlidir. Beynəlxalq məhkəmələrdə bu məsələ də qaldırılmalıdır. Qərbi Azərbaycan İcmasının Ermənistan hökuməti ilə dərhal danışmaq tələbi çox təbiidir və vacibdir. Qarabağdakı separatçı rejim və Ruben Vardanyan zaman-zaman özlərini "tərəf" kimi təqdim etməyə çalışırlar. Separatçılar rəsmi Bakı ilə danışıq masasına əyləşmək tələbini ortaya qoyurlar. Əlbəttə, bu, qəbuledilməzdir. Ancaq separatçıların həyasız və əsassız tələbləri fonunda Qərbi Azərbaycan İcmasının haqlı tələblərini gecikdirmək olmaz. Biz də israrla tələb etməliyik ki, İrəvan hökuməti qanuni Qərbi Azərbaycan İcması ilə danışıqlara başlasın. Ermənistan öz tarixi məsuliyyətini dərk etməli və bundan qaçmamalıdır. Zorla öz yurdlarından qovulmuş azərbaycanlıların doğma torpaqlarına qayıtmaq və orada yaşamaq haqları qətiyyən gözardı edilə bilməz. Bu proses və haqlı tələblərimiz həm də Azərbaycanın siyasi-diplomatik tələblərinə güc qatmış olacaq. Eyni zamanda Ermənistanın əsassız iddialarını susduracaq". 

  Hüquq müdafiəçisi vurğulayıb ki, beynəlxalq ictimaiyyətin işıqlandırılması, Azərbaycan həqiqətlərinin daha geniş miqyasda dünyaya çatdırılması olduqca mühümdür:

 "Düşünürəm ki, bu məsələ sadəcə ölkə daxilində, media və QHT müstəvisində qalmamalıdır. Məsələ fasiləsiz olaraq beynəlxalq təşkilatların gündəminə daşınmalı, xarici ölkələrlə əməkdaşlıq edilməlidir. Bütün qlobal müstəvilər çərçivəsində əlimizdən gələni etməliyik. ATƏT, Avropa Şurası, AŞ PA və BMT, Qoşulmama Hərəkatı və digər nüfuzlu təşkilatlar səviyyəsində daim aktiv olmalıyıq. Qərbi Azərbaycan İcmasının nümayəndələrinin çıxışları təşkil olunmalıdır. Öz torpaqlarından zorla didərgin salınmış, deportasiyaya məruz qalmış azərbaycanlıların hüquqları ilə bağlı ardıcıl iş aparılmalıdır. Mən bunu sadəcə nəzəri təklif kimi irəli sürmürəm. Eyni zamanda beynəlxalq təşkilatlarda mütəmadi çıxışlar edən, xarici ölkələrin televiziyalarında Azərbaycan həqiqətlərini dünyaya çatdıran şəxs kimi bildirirəm ki, bu məsələdə bizim də üzərimizə böyük missiya düşür.

 Bəzən elə anlaşılır ki, Qərbi Azərbaycan İcmasının hüquqları ilə bağlı ancaq həmin bölgədən olan soydaşlarımız danışa bilər, bu, tamamilə yanlış fikirdir. Hər bir Azərbaycan vətəndaşı bu məsələ barədə danışmalı, fasiləsiz gündəmə gətirməlidir. Qarabağ məsələsi ilə bağlı böyük-kiçik, hamımız necə səfərbər olmuşduqsa, Qərbi Azərbaycanla bağlı da eyni fədakarlığı, missiyanı öz üzərimizə götürməliyik. Hamımız bu işdə səfərbər olmalıyıq. İcmanın çağırışlarına hər kəs qulaq verməlidir. Mən öz imkanlarım daxilində əlimdən gələnin ən yaxşısını edəcəm. Çünki Qərbi Azərbaycanla bağlı proses ancaq beynəlxalq müstəvidə müzakirələr fonunda müsbət nəticə verə bilər.

Bu istiqamətdə görülən işləri ölkə miqyasından kənara çıxarmaq, beynəlxalq platformalara daşımaq lazımdır. Bununla daha böyük və nüfuzlu təşkilatların diqqətini məsələyə cəlb edə bilərik. Qərbi Azərbaycandan qovulmuş insanların fundamental hüquqlarını müdafiə etməli, haqqımızı tələb etməliyik".