Zəngəzur dəhlizi artıq hüquqi statusa malikdir

Azərbaycan əvvəl-axır istədiyini edəcək və onlar buna səs çıxara bilməyəcəklər


  "Azərbaycanın Ermənistandan torpaq tələb etməsinin heç bir qeyri-adi tərəfi yoxdur. Dünya ictimaiyyətinin də bu tələbə kontur arqumenti yoxdur". Bu sözləri "Şərq"ə açıqlamasında BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov deyib. Analitik vurğulayıb ki, Ermənistan illər boyu haqsız olaraq Azərbaycandan torpaq istəyib, hətta dünyanın gözü önündə torpaqlarımızı zəbt edərək, 30 il işğalda saxlayıb. Lakin dünya ictimaiyyəti buna qarşı heç bir tədbir görməyib: 

"Dünya gücləri narahatdır ki, Azərbaycan əvvəl-axır istədiyini edəcək və onlar buna səs çıxara bilməyəcəklər, çünki heç bir əsasları olmayacaq. Azərbaycan bu baxımdan rahatdır və istədiyi bəyanatı verir. Rəsmi Bakı Zəngəzur dəhlizinin istənilən halda açılacağını əminliklə qeyd edir. 

Azərbaycan Zəngəzur dəhlizinin hüquqi statusunu 10 noyabr 2020-ci il müqaviləsi ilə müəyyən edib. Bu yola maneəsiz və müddətsiz gediş-gəliş imkanı verməklə dəhlizə hüquqi status qazandırıb. Dəhlizin hansı yolla açılmasından asılı olmayaraq, artıq hüquqi statusa malikdir. 

Zəngəzur dəhlizi beynəlxalq yükdaşımalar da daxil, bütün növ tranzit istifadəsi və Naxçıvanla kommunikasiya vasitələrinin çəkilməsi üçün də açıqdır. Ermənistan tərəfi də üçtərəfli müqaviləyə imza atmaqla buna rəsmən razılıq bildirib. Azərbaycanın müstəsna hüququdur ki, dəhlizdən istədiyi kimi istifadə etsin. 

Əgər beynəlxalq ictimaiyyət "10 noyabr" müqaviləsini və onun nəticələrini qəbul edibsə, Zəngəzur dəhlizinin varlığını və legitimliyini də qəbul etməlidir".