1 milyard insanı ağcaqanad öldürəcək

"Bu xəstəlik qızdırma ilə özünü büruzə verir"
"Şəhərdə kanalizasiya sistemi düzgün qurulmalıdır, çirkab suların toplanmasının qarşısı alınmalıdır"


Elm adamları 2080-ci ilədək ağcaqanadın böyük tələfata səbəb olacağını açıqlayıb.
ABŞ-ın "Public Library of Science” araşdırma qrupu 2080-ci ilədək böyük insan tələfatının olacağını proqnozlaşdırır.
Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, alimlər bu yoluxucu xəstəliklərin yayılmasında ağcaqanadların rolunu xüsusi qeyd ediblər. Elm adamları 2050-ci ilədək yarım milyard insanın, 2080-ci ilədək isə 1 milyarddan artıq insanın ağcaqanadın keçirdiyi yoluxucu xəstəliklərlə əlaqədar dünyasını dəyişəcəyini ehtimal edir.

Təhlükə Bakı əhalisi üçün də real ola bilər. Çünki Bakıda nəinki yay aylarında, qışda da ağcaqanadlar «hiperaktiv»dirlər. «Qışın soyuğunda bu ağcaqanad hardan çıxır» sualı artıq heç kimi təəccübləndirmir, çünki şəhər camaatı acğaqanadlarla birgə yaşayışa alışıb artıq. Bunun səbəbini mütəxəssislər Bakının rütubətli havası, nəmişlik və bir də, evlərin, binaların zirzəmilərinin qrunt sularıyla dolması ilə izah edirlər. Ağcaqanad da nə ağcaqanad? Sancdımı, qan çıxıncayadək qaşıyırsan, qaşınma keçmir ki, keçmir. Deyirlər, zəhərlidir, ona görə. Hətta ağcaqanadların mutasiyaya uğradığını və bu səbəbdən dərmanların da onlara daha təsir etmədiyi bildirilir.

Həkim-terapevt Şahvələd Məmmədov «Şərq»ə açıqlamasında ağcaqanadların həqiqətən də ciddi təhlükə olduğunu bildirdi:

- Ağcaqanadlar yoluxucu xəstəliklərin daşıyıcılarıdır. Xüsusilə də malyariya xəstəliyinin. Son 100 ildə yoluxucu xəstəliklər geniş yayılıb, bunun əsas səbəblərinlən biri də xəstəlik daşıyıcısı olan həşəratlar, o cümlədən ağcaqanadlardır. Hətta ağcaqanadlar vəba, qarın yatalağı kimi xəstəliklərin pandemiya şəklində yayılmasına da səbəb ola bilir. Azərbaycanda əsasən Aran bölgələrində malyariya təhlükəsi olur. Təcili Tibbi Yardım həkimlərinə həmişə ciddi şəkildə tapşırılır ki, bu bölgədən hər hansı şikayətlə daxil olmuş pasiyentlər malyariya virusu ilə bağlı müayinə edilməlidir. 

Bu xəstəlik qızdırma ilə özünü büruzə verir. Hazırda tibb elmi çox inkişaf edib, müxtəlif dərman preparatları mövcuddur. Bununla belə, yoluxucu xəstəliklərin yayılmasının qarşısını alacaq tədbirlər həyata keçirilməlidir. Şəhərdə kanalizasiya sistemi düzgün qurulmalıdır, çirkab suların toplanmasının qarşısı alınmalıdır. 

Ağcaqanadlar harada çirkab suları varsa, orada çoxalır. Həşəratların çoxalmasına münbit şərait yaradacaq amillər aradan qaldırılmalıdır. Ətraf mühitin çirklənməməsi üçün vacib tədbirlər həyata keçirilməlidir. 

Təbii ki, binaların, evlərin zirzəmiləri çirkab sularla doludursa, kanalizasiya suları açıq şəkildə axıdılırsa, ağcaqanad da çoxalacaq, başqa ziyanvericilər də. Ola bilsin, ağcaqanadların da geni dəyişib, bizim istifadə etdiyimiz ağcaqanad əleyhinə dərmanlar da keyfiyyətsizdir, ona görə ağcaqanadlardan xilas ola bilmirik.

Məlahət