“10 dollarlıq fərqə görə, dövlət büdcəsinin gəlir və xərc hissəsi artacaq" - Ekspert






"2018-ci ilin dövlət büdcəsində neftin baza qiymətinin 55 dollara qədər artırılması düzgün addımdır”.

Bu barədə "Sherg.az”a iqtisadçı - ekspert Natiq Cəfərli bildirib. 

Onun fikrincə, neftin qiyməti dünya bazarlarında yüksəldikcə, Azərbaycan üçün əlavə gəlirlərin həcmi də artır:

"Büdcə parametrlərinə yenidən baxılması alqışlanandır. Neftin baza qiymətinin artması 3-4 milyard arası büdcə gəlirlərinin və xərclər hissəsinin yüksəldilməsinə imkan yaradır. Büdcəyə yenidən baxılmasında yeganə mənfi cəhət odur ki, bu ənənə halını alıb.

Demək olar, hər il büdcəyə yenidən baxılır. Amma ilin əvvəlindən müxtəlif versiyalar üzərində qurub, 2-3 ssenarili büdcə hazırlamalıdır ki, belə hallar yaşananda büdcəyə dəyişikliklər edilməsinə ehtiyac yaranmasın”.

N.Cəfərli hesab edir ki, neftin baza qiymətinin artırılması ilə nəzərə alınan gəlirlər infrastruktur layihələrinə xərclənəcək:

"10 dollarlıq fərqə görə, dövlət büdcəsinin gəlir və xərc hissəsi artacaq. Bunun əsas istiqaməti təmir, tikinti işlərinə yönəldiləcək. Bununla hökumət yeni iş yerlərinin yaranmasına, iqtisadi aktivliyin artmasına kömək olacağını düşünür”.

Qeyd edək ki, dəqiqləşdirilmiş dövlət büdcəsində nəzərdə tutulan əlavə xərclərin maliyyə təminatı üçün xam neftin 1 barelinin satış qiymətinin təsdiq olunmuş proqnoza (45 ABŞ dolları) nisbətən 10 ABŞ dolları artırılaraq, 55 ABŞ dollarına çatdırılması nəzərdə tutulur.

Aysel Aslan