...100 il öncə, 100 il sonra da tarix yazıldı





Yüz il öncə Bakı şəhəri türk dünyasının qəhrəman sərkərdəsi Nuru Paşanın rəhbərliyi altında hərəkət edən Azərbaycan və Osmanlı silahlı qüvvələrindən təşkil edilmiş Qafqaz İslam Ordusu tərəfindən azad olundu. Qəhrəman türk əsgərləri şiddətli döyüşlər nəticəsində Bakını erməni-bolşevik işğalından xilas etdi. O gündən etibarən 15 sentyabr Bakının qurtuluş hadisəsi kimi tarixə düşdü. İkinci dəfə müstəqilliyini əldə edən və ötən 27 il ərzində regionun aparıcı dövlətinə, nüfuz sahibinə çevrilən müstəqil Azərbaycanın paytaxtında düz 100 il sonra ikinci möhtəşəm və tarixi hadisə yaşandı.

Azərbaycan və qardaş Türkiyənin Prezidentlərinin iştirakı ilə Bakımızın işğaldan azad edilməsinin 100 illiyi ilə bağlı təntənəli və illərlə yaddaşlardan silinməyəcək parad keçirildi. Həm 100 il öncə, həm də 100 il sonra Azərbaycan-Türkiyə münasibətlərində yeni tarix yazıldı. Tam əminliklə söyləmək olar ki, ötən gün baş tutan möhtəşəm parad hər bir azərbaycanlı üçün sevincli və qürurlu hadisə oldu. Paradı izləyən vətəndaşlar sözlə ifadəsi mümkün olmayan gözəl duyğular yaşadılar.

Hərbi paradda Azərbaycan Prezidenti İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə yanaşı, qardaş və dost Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, həmçinin, Türkiyənin nümayəndə heyəti də iştirak etdi. Paradda hər iki dövlət başçısı son dərəcədə məzmunlu və əhatəli çıxış söylədilər. Prezident İlham Əliyevin çıxışı bir daha göstərdi ki, Azərbaycan xalqı öz müstəqilliyini qorumaq əzmindədir və bu məsələdə heç nə ona mane ola bilməz. Dövlət başçısı bildirdi ki, "bugünkü güclü dövlətimiz, güclü Silahlı Qüvvələrimiz bunun bir daha təsdiqidir və belə paradların çox da uzaq olmayan bir dövrdə artıq Xankəndi, Şuşa və digər işğal olunmuş ərazilərimizdə keçiriləcəyinə heç bir şübhə yoxdur". Ölkə rəhbəri eyni zamanda bəyan etdi ki, 100 il öncə Qafqaz İslam Ordusunun Azərbaycana gəlişi, Nuru Paşanın rəhbərliyi altında döyüşərək Gəncədən Bakıya doğru yürüməsi və nəticədə Bakını azad etməsi mühüm tarixi hadisə idi. "Qədirbilən Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq, şəhidlərin əziz xatirəsini daim öz qəlbində yaşadacaq", - deyən dövlət başıçısı qardaş Türkiyə ilə bugünkü əlaqələrə də nəzər salaraq bildirdi ki, bu gün Türkiyə-Azərbaycan əlaqələri ən yüksək zirvədədir. Prezident vurğuladı ki, dünyada ikinci belə nümunə yoxdur ki, iki ölkə bir-birinə bu qədər yaxın olsun, bu qədər bir-birinə arxa-dayaq olsun. 

"Bizim birliyimiz bütün sahələrdə özünü büruzə verir" - deyən cənab Prezident təkcə bu il Rəcəb Tayyib Ərdoğanla 6 görüşünun olduğunu sözlərinə əlavə etdi: "İkisi Azərbaycanda, ikisi Türkiyədə, ikisi isə beynəlxalq tədbirlər çərçivəsində görüşmüşük. Bizim görüşlərimiz müntəzəm olaraq keçirilir və hər görüşün böyük əhəmiyyəti var. Siyasi əlaqələr bu gün ən yüksək zirvədədir. Biz uğurlu iqtisadi əməkdaşlıq edirik".

Həmçinin, qardaş ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğan öz tarixi çıxışında bildirdi ki, Qafqaz İslam Ordusunun 1918-ci ildə burada həyata keçirdikləri əməliyyatlar o dövrdə Azərbaycanın ərazi bütövlüyünü təmin edərək bugünkü müstəqilliyin təməlini qoyub. Cənab Ərdoğan vurğuladı ki, Azərbaycanın 1991-ci ildə müstəqilliyini yenidən bərpa etməsindən sonra onu ilk tanıyan ölkənin Türkiyə olması heç də təsadüfi deyil: "Bu, qan qardaşlığımızın təbii nəticəsidir. Türkiyə olaraq müstəqilliyinin ilk dövrlərindən başlayaraq Azərbaycana əlimizdən gələn hər cür dəstəyi göstərdik və göstərməyə davam edəcəyik. Bu gün Türkiyə Azərbaycanın sadəcə siyasi və hərbi deyil, eyni zamanda, ticarət, iqtisadiyyat, mədəniyyət və digər bütün sahələrdə ən mühüm tərəfdaşıdır. Bütün bunlar isə nəticə etibarı ilə Azərbaycan-Türkiyə münasibətlərinin necə yüksək bir səviyyədə olduğunun növbəti təsdiqidir. Bu gün Azərbaycan-Türkiyə münasibətləri dünya üçün bir nümunə, bir modeldir və bu münasibətləri pozmaq, korlamaq, ona xələl gətirmək heç kimə, heç bir gücə müyəssər olmayacaq. Azərbaycan-Türkiyə dostluğu, qardaşlığı bu günə qədər bir çox problemləri həll, dəf etdiyi kimi, bundan sonra da bir çox məsələlərin öz ədalətli həllini tapmasında öz rolunu oynayacaq, öz imzasını qoyacaq. Bunu Qarabağ məsələsinin həllində də görəcəyik".

İctimaiyyət nümayəndələri, o cümlədən türkiyəli ekspertlər Bakının azad edilməsi ilə bağlı belə keçirilən paradı çox yüksək qiymətləndiriblər.

Türkiyəli hərbi ekspert, sosial elmlər üzrə doktor, ehtiyatda olan polkovnik Eray Guçlüer deyib ki, sentyabrın 15-də Bakının azad olunmasının 100 illiyi münasibətilə keçirilən təntənəli paradın ümumi mahiyyəti birlik və qardaşlıq gücünün nümayişidir. Onun sözlərinə görə, bütün bu göstəricilərdən daha irəlidə olan ölkənin və xalqın təhlükəsizliyinin təmin olunmasıdır ki, bunun da ana sütununu qüvvətli ordu təşkil edir: "Azərbaycan ordusu bütün parametrləri ilə dinamik inkişafdadır. Paradda göstərilənlər bunun yalnız görünən tərəfidir. Bakıda keçirilən paradda Azərbaycan və Türkiyə silahlı qüvvələrinin birlikdə olması yalnız hərbi güc nümayişi deyil. Eyni zamanda xalqlarımızın sifarişi ilə qəbul olunmuş tarixi qərarların mənəvi göstəricisidir. Unutmamalıyıq ki, düşmən 100 il əvvəl olduğu kimi indi də məkrli, hiyləgər, zalım və qəddardır. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın paraddakı çıxışlarında səsləndirilən fikirlər hər bir azərbaycanlı və türkiyəli üçün örnək olmalıdır.

Millət vəkili, tarixçi-alim Fəzail İbrahimli də "Sherg.az"a açıqlamasında bildirib ki, Türkiyə Azərbaycan üçün güvən yeri, Azərbaycan da Türkiyə üçün dayaq dövlətdir. Deputatın sözlərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakının işğaldan azad olunmasının 100-cü ildönümünə ərmağan olunan parada qatılması və paradda Azərbaycana dəstək xarakterli çıxışı olduqca əhəmiyyətlidir: 

"Azərbaycan və Türkiyə prezidentlərinin qarşılıqlı səfərləri, rəsmi Ankaranın Bakı təəssübkeşliyi, səmimiyyəti iki dövlət arasındakı münasibətləri səciyyələndirən amillərdir. Rəsmi Ankara Azərbaycan təəssübkeşliyini həmişə nümayiş etdirib. Türkiyə Azərbaycanın yanında olduğunu hər zaman ifadə edib. Hazırda Azərbaycan və Türkiyənin münasibətlərinə bütün dünya qibtə edir. Türkiyənin ən çətin anlarında yanında olan, haqq səsinə cavab verən Azərbaycanın addımları Türkiyə cəmiyyəti və rəhbərliyi tərəfindən həmişə xüsusi vurğulanıb. Yaxın əlaqələr dünyaya, Avropa dövlətlərinə mesajdır. Azərbaycan-Türkiyə qardaşlığı regionda aparıcı amildir".

Millət vəkili Fazil Mustafa isə bəyan edib ki, keçirilən parad Qafqaz İslam Ordusunun şəhidlərinin ruhuna hörmətdir. Onun sözlərinə görə, Bakını Azərbaycan əsgəri ilə birlikdə türk əsgəri xilas edib, burada mindən artıq şəhid veriblər, erməni vandallarından qisasımızı alıblar: "Onların ruhu qarşısında biz də Azərbaycan dövləti olaraq, millət olaraq borcumuzu hər zaman xatırlamalıyıq, şükranlığımızı ortaya qoymalıyıq. 15 sentyabr bizim şərəf tariximizdir.

 Düz 100 il əvvəl sentyabrın 15-də Bakının azad edilməsinə Azərbaycanın xilası tarixi kimi baxılmalıdır. Bakı işğaldan azad edilməsəydi, Azərbaycan dövlətinin rəsmən tanınması mümkün olmayacaqdı". Millət vəkili xatırladıb ki, Bakı işğaldan azad olunmasaydı, Azərbaycan bayrağının bu ərazidə qaldırılması mümkün olmayacaqdı. Ona görə də 15 sentyabr bizim üçün çox önəmli bir tarixdir: "Bu tarixin qeyd olunması mütləqdir. Bu məsələyə həm də o zaman həyatını itirmiş yüzlərlə türk əsgərinə qarşı bir vəfa borcu olaraq baxılmalıdır. Onlar uzaq diyarlardan gələrək Azərbaycan əsgərini təlimləndirərək, onlarla birlikdə belə əhəmiyyətli bir hadisədə iştirak ediblər". 

Millət vəkili hesab edir ki, bu həm də bizim təkrar olunan tariximiz ola bilər: "İnsanlar anlamalıdırlar ki, bu cür dar günlərdə biz Anadolu türklərinin yardımına çatdığımız kimi, onlar da bu duyğunu daşımalıdır. Buna görə də həmin hadisədə iştirak edən hər kəsin xatirəsinə dəyər verməliyik. Ölkə rəhbərliyi bu istiqamətdə çox gözəl bir addım atdı. Bakının işğaldan azad olunmasının 100 illiyində Bakıda parad keçirilməsi qərarını verdi. Paradın keçirilməsi ilə bağlı qərar yerində atılmış, gözəl addım idi. Bununla biz Bakının azad edilməsində şəhid olanların ruhuna sayğımızı ifadə etdik".

İsmayıl