11 yaşlı “Le Carrefour”

Ölkəmizdə nəşr olunan yeganə fransızdilli qəzet Azərbaycan həqiqətlərini dünyaya çatdırırZeynəb Kazımova: “Elə olub ki, mətbuat xidməti rəhbəri olaraq aldığım əməkhaqqımı qəzetin çap xərcinə ödəmişəm”
Ölkəmizin dünyada tanınmasında mətbuatımızın rolu danılmazdır. Bu olduqca vacib, əhəmiyyətli vəzifənin yerinə yetirilməsində yalnız anadilli kütləvi informasiya vasitələrinin deyil, xarici dillərdə nəşr olunan mətbuat orqanlarının da üzərinə böyük iş düşür. Tarixi həqiqətlər deməyə əsas verir ki, Azərbaycanda xaricidilli mətbuat ənənəsi XIX əsrdən mövcuddur.
Bu gün Azərbaycan müasir dünyanın informasiya məkanında öz mətbuatı, informasiya vasitələri ilə getdikcə daha aktiv, daha geniş şəkildə təmsil olunur. Azərbaycanda çıxan xarici dilli mətbuat orqanları üçün yaradılan lazımi şərait də plüralizmin və söz azadlığının bariz nümunəsidir. Azərbaycan qanunvericiliyi imkan verir ki, istənilən şəxs ölkədə rus, fransız, ispan və s. dillərdə qəzet buraxsın. Bu isə birmənalı olaraq plüralizmdir, mədəniyyət zənginliyidir. Qeyd edək ki, bu gün Azərbaycanda 5000-ə yaxın mətbu orqan rəsmi qeydiyyatdan keçib. Onların arasında xarici dildə nəşr olunan qəzet və jurnallar da var. Azərbaycan mediasının problemlərini onlar da yaşayırlar. Xarici dildə nəşr olunan media orqanlarında da söz və mətbuat azadlıqları, fikir plüralizmi qorunmaqdadır.
Bu gün həmin ənənəni davam etdirən qəzetlərdən biri də "Le Carrefour” (Yol qovşağı) qəzetidir. Azərbaycanda fransız dilində nəşr olunan yeganə mətbu orqanı olan "Le Carrefour” qəzetinin əsas məqsədi də Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq, Azərbaycan-Fransa əlaqələrinin inkişafına töhfə vermək, xalqımızın milli və mənəvi dəyərlərinin, həmçinin mədəni irsinin təbliğidir.
Dünən 11 yaşı tamam olan "Le Carrefour” qəzeti 2007-ci il may ayının 14-də Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyata alınıb. 2009-cu ildə qəzetin saytı www.lecarrefour.az fəaliyyətə başlayıb, 2016-cı ildə sayt yenilənərək xəbər portalı kimi fransızdilli ölkələrdən olan oxuculara Azərbaycan haqqında gündəlik məlumatlar verir. "Le Carrefour” qəzeti sosial şəbəkələrdə də aktiv şəkildə təmsil olunur. Qəzetin tvitter, linkedin, feysbuk, instaqram səhifələri var. "Le Carrefour” qəzeti Azərbaycan Mətbuat Şurasının üzvüdür.
Qəzetin təsisçisi və baş redaktoru fransızdilli jurnalist, Beynəlxalq Fransızdilli Mətbuat Birliyinin Azərbaycan bölməsinin rəhbəri Zeynəb Kazımovadır.
11 yaşını qeyd edən "Le Carrefour” qəzeti ilə bağlı ətraflı məlumat almaq üçün Zeynəb xanımla əlaqə saxlayıb, suallarımızı ünvanladıq.
Baş redaktorun sözlərinə görə, qəzetin fransızdilli olmasının başlıca səbəbi məhz Zeynəb xanımın fransız dilinə yüksək səviyyədə bələd olması ilə bağlıdır:
"BDU-nun beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsi nəzdində beynəlxalq jurnalistika ixtisası üzrə təhsil almışam. Həm bakalavr, həm də magistr üzrə ali təhsilim bu ixtisas üzrədir. İxtisasca beynəlxalq jurnalistəm. Burada məqsəd yüksək səviyyəli, xaricidilli, beynəlxalq arenaya çıxa bilən, xarici KİV-lə əlaqələr qura bilən jurnalistlər yetişdirmək idi. Bizim ixtisas üzrə təhsil alan tələbələrin böyük əksəriyyəti Azərbaycan mediasındadır. 2007-ci ilədək Azərbaycan Dövlət Radiosu və televiziyasında çalışmışam. Bir çox qəzetlərdə çalışmışam, əməkdaşlıq etmişəm. Lakin özümü beynəlxalq jurnalist olaraq öz fəaliyyətimlə bu istiqamətdə doğrultdum, fikrimcə. 2007-ci il mayın 14-də bu qəzeti təsis etdim. Bu qəzet mənim jurnalistikada ilk böyük layihəmdir. Azərbaycan jurnalistikası üçün də mütərəqqi bir addım sayıla bilər. Çünki ölkədə ilk və yeganə frankofon qəzetdir.
Qəzetin ötən 11 il ərzində gördüyü işlərlə bağlı "Şərq”in suallarını cavablandıran baş redaktor deyib ki, "Le Carrefour” qəzeti yarandığı gündən ölkədə xaricidilli medianın vacibliyini önə çəkib: 
"Bu istiqamətdə Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov qəzetə hər zaman dəstək verib. Hələ təzə yarandığı ilk illərdə, birinci tədbirimiz də 2008-ci ildə Mətbuat Şurası ilə birgə əməkdaşlıqda təşkil etdiyimiz tədbir olub. Qəzetin təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycan Mətbuat Şurası ilə birgə 2008 və 2012-ci illərdə "Azərbaycanda xaricidilli KİV-in durumu: problemlər və inkişaf perspektivləri” mövzusunda bir neçə dəfə silsilə "dəyirmi masa”lar təşkil edilib. Eyni zamanda, 2016-cı ilin yanvar ayında qəzetin təşəbbüsü ilə Jurnalist Qadınlar Assosiasiyası ilə birgə Azərbaycanın ilk şəhid qadın jurnalisti, Azərbaycanın Milli Qəhrəmanı Salatın Əsgərovanın anım günü ilə əlaqədar olaraq tədbir təşkil olunub.
2016-cı ilin aprel ayının 19-da "Le Carrefour” qəzetinin təşəbbüsü və təşkilatçılığı ilə "Azərbaycanın xaricidilli KİV-i beynəlxalq müstəvidə” mövzusunda konfrans keçirilib.
2017-ci il aprel ayının 5-də "Le Carrefour” qəzetinin Azərbaycanda Fransız İnstitutunda Fransanın Azərbaycandakı səfirliyinin Frankofoniya həftələri çərçivəsində keçirdiyi tədbirlər çərçivəsində təqdimatı keçirilib”.
- Azərbaycanın yeganə fransızdilli media orqanı olaraq Azərbaycan həqiqətlərinin beynəlxalq mediaya daşınması istiqamətində fəaliyyətinizi necə qurmusunuz?
- Qəzetin yaradılmasında əsas məqsəd Azərbaycan-Fransa əlaqələrinin inkişafına töhfə vermək, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq, Azərbaycan haqqında fransızdilli oxuculara məlumat verməklə ölkəmizi tanıtmaq və xalqımızın milli və mənəvi dəyərlərinin, həmçinin mədəni irsinin təbliğidir. Qəzet özünün ilk sayından Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri fransız dilində oxuculara çatdırır.
"Le Carrefour” qəzeti Azərbaycan və Fransa, eyni zamanda fransızdilli ölkələr arasında mədəni, iqtisadi, elmi əlaqələri inkişaf etdirmək, fransızları və ümumilikdə, əcnəbiləri ölkəmizdə baş verən sosial-ictimai, mədəni, iqtisadi hadisələr barədə məlumatlandırmaq, onlara öz dillərində informasiya verməklə Azərbaycanı Fransada və fransızdilli ölkələrdə tanıtmaq, milli-mənəvi dəyərlərimizi təbliğ etmək missiyasını öz üzərinə götürüb.
2009-cu ildə qəzetin saytı www.lecarrefour.az fəaliyyətə başlayıb, 2016-cı ildə sayt yenilənərək xəbər portalı kimi fransızdilli ölkələrdən olan oxuculara Azərbaycan haqqında gündəlik məlumatlar verir. "Le Carrefour” qəzeti sosial şəbəkələrdə də aktiv şəkildə təmsil olunur. Qəzetin tvitter, linkedin, feysbuk, instaqram səhifələri var. "Le Carrefour” qəzeti Azərbaycan Mətbuat Şurasının üzvüdür.
Qəzetin və saytın əsas ideyası və fəaliyyəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin öz çıxışlarında dəfələrlə səsləndirilən xarici media resursları, o cümlədən Fransa ilə media sahəsində daha sıx əlaqələrin yaradılması və Dağlıq Qarabağ münaqişəsinin həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün xarici media məkanına daha çox çıxış imkanının əldə olunması istiqamətinə yönəlib. On ildir ki, qəzet fəaliyyətini məhz bu istiqamətdə qurur. Hazırda qəzetin 110 ölkənin mediasını birləşdirən və baş ofisi Parisdə yerləşən Beynəlxalq Fransızdilli Mətbuat Birliyi (UPF) və Fransanın TV5 kanalı ilə (TV5Monde), o cümlədən Beynəlxalq Frankofoniya Təşkilatı (OİF), Frankofoniya Universitetləri Agentliyinin (AUF) Mərkəzi və Şərqi Avropa üzrə ofisi və digər fransızdilli beynəlxalq təşkilatlar ilə əlaqələri var.
- Maneələr yoxdur ki, bu yöndə fəaliyyətinizə?
- Dediyim kimi, qəzetin sosial şəbəkələrdə səhifələri var. Tez-tez paylaşımlar edirik. Bu, çox zaman erməni əsilli fransızlar tərəfindən qıcıqla qarşılanır. Onlar səhifədəki paylaşımların altındakı şərh bölümündə ölkəmiz əleyhinə şərhlər yazırlar. Təbii ki, bunları cavablandırırıq. Lakin hərdən həddini aşdıqda, qarşı tərəfin aqressiv münasibətini gördükdə, yazdıqlarını skrin edib daha sonra silmək məcburiyyətində qalırıq. Səhifəmizi çoxlu sayda fransızlar və digər əcnəbilər izləyirlər. Ölkəmiz haqqında müsbət imicin formalaşdırılması üçün hər zaman çalışırıq. Mədəniyyətimizi, incəsənətimizi tanıtmaq üçün paylaşımlar edirik. Təbii ki, ən əsası, Qarabağ həqiqətlərinin çatdırılmasıdır. Fransada ermənilərin fəaliyyəti əsrlərə hesablanır, onlar bu sahədə həmişə işlər görüb. 
Fəaliyyətlərini qurublar. Bu baxımdan, biz də çalışırıq ki, bu stereotipləri zəiflədək və Azərbaycanı düzgün formada tanıdaq. Maliyyə məsələlərinə gəldikdə isə Zeynəb xanım 11 illik fəaliyyəti dövründə "Le Carrefour” qəzetini ancaq şəxsi hesabına dərc etdirdiyini deyib: 
"Elə olub ki, mətbuat xidməti rəhbəri olaraq aldığım əməkhaqqımı qəzetin çap xərcinə ödəmişəm. Bunu məni yaxından tanıyan çox adam bilir. Həmçinin ölkəmizdəki fransız şirkətləri ilə həmişə əlaqələr yaradaraq, onlarla reklam sahəsində müəyyən əməkdaşlıq qura bilmişəm. Lakin bu, qəzetin maliyyə xərclərini ödəməyə kifayət etmir. Ən azından, ölkənin yeganə fransızdilli nəşri olaraq bu qəzetin fəaliyyətinə nəzər salmaq olar. Qəzetin arxivinə baxmaq kifayətdir ki, "Le Carrefour” qəzetinin ölkəmizin təbliğatı üçün bir media orqanı olaraq gördüyü böyük işlərə diqqət edəsən. Fikrimcə, Azərbaycanda xaricidilli media ilə bağlı dövlət tərəfindən konsepsiya ortaya qoyulsa, bu profilli mediaya ayrıca olaraq, dövlət dəstəyi verilsə, daha məqsədəmüfaviq olar. Çünki xaricidilli medianın üzərinə bu gün daha çox məsuliyyət düşür. Ölkəmizin beynəlxalq səviyyədə təbliğatı, xarici KİV-lərlə əlaqələrinin yaradılması istiqamətində ölkədəki bu profilli mediadan istifadə etmək olar. Bu barədə mətbuatda silsilə yazılarım çıxıb, təkliflərimi vermişəm. Ümid edirəm ki, Cənab Prezidentin dəfələrlə səsləndirdiyi xaricidilli mediaya, elektron mediaya dəstək məsələsi öz həllini tapacaq və qəzetin saytı www.lecarrefour.az diqqətdən kənarda qalmayacaq”.
Qeyd edək ki, "Le Carrefour” qəzeti ayda iki dəfə 1500 tirajla nəşr olunan qəzetdir.
Şəymən
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb