Qaydanı pozan piyadaları həbslə cəzalandırmaq çıxış yolu deyil
Azərbaycanda qayda pozan piyadaları həbs gözləyir. Bununla bağlı yol hərəkəti təhlükəsizliyi üzrə qanunvericiliyə yaxın zamanlarda dəyişiklik edilməsi nəzərdə tutulur. Hazırda qanunvericiliyə dəyişikliklər edilməsi üçün təkliflər hazırlanır. Təkliflərin gələn il Milli Məclisə təqdim ediləcəyi gözlənilir.
Maraq doğuran təkliflərdən biri yol hərəkəti qaydalarını pozan piyadalarla bağlıdır. Belə ki, yolda hərəkət hissələrini ayıran məhəccərin üstündən keçən piyadaların 15 günədək inzibati qaydada həbs olunması təklif olunur. Yolun ortasında quraşdırılan dəmir və ya beton arakəsmələrin üzərindən tullanaraq yolu keçən piyadaların şəxsiyyəti nəzərə alınmaqla 15 gün inzibati həbs cəzası ilə cəzalandırılması təklifinin zərurətdən irəli gəldiyi bildirilib.
Milli Məclisə təqdim olunmuş yeni təklifə əsasən qaydaları pozmuş şəxslərin 15 sutka həbslə cəzalandırılması təklifinə müsbət yanaşmayan Konstitusiya Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyevin sözlərinə görə, inzibati xəta pozuntusuna görə, şəxsin azadlığını məhdudlaşdırmaq və ya ona müddətli həbs cəzası vermək həddindən artıq sərt cəzadır:
"İnsanların məsuliyyətini artırmaq üçün cərimələrin miqdarını artırmaq barədə düşünmək olar. Yolun ortasında quraşdırılan dəmir və ya beton arakəsmələrin üzərindən tullanaraq yolu keçən piyadaların şəxsiyyəti nəzərə alınmaqla 15 gün inzibati həbs cəzası ilə cəzalandırılması dövlətin üzərinə əlavə öhdəliklər qoyur. Əvvəla, bu təklifin hansı ölkələrin praktikasına söykəndiyi və piyadaların islahı məsələsində nə dərəcədə effektiv olduğu araşdırılmalıdır.
Düzdür, yol-hərəkət qaydalarının pozulması yol-hərəkət iştirakçıları üçün ciddi problemlər yaradır, bəzən çox ciddi faciələrə yol açır. Amma bu problemin qarşısını almaq üçün piyadaları 15 gün həbs ilə cəzalandırması çıxış yolu deyil.
Bakı şəhərindəki piyada keçidlərinin yetərincə olmadığını vurğulayan hüquq müdafiəçisinin sözlərinə görə, keçidlər arasındakı məsafənin həddindən artıq böyük olması insanları yol hərəkəti qaydalarını pozmağa sövq edir. Əgər piyada keçidləri yetəri qədər və əlverişli yerlərdə olarsa, bu zaman piyadalar da yol hərəkəti qaydalarına əməl etmək məcburiyyətində qalarlar. Bütün bunlarla yanaşı, maarifləndirmə tədbirlərinin genişləndirilməsinə ehtiyac var. Vətəndaş cəmiyyəti nümayəndələri, müvafiq dövlət orqanlarının iştirakı ilə maarifləndirmə tədbirləri gücləndirilməli, məktəblərdə bu istiqamətlərdə real addımlar atılmalıdır”.
Şəymən