Ekspertlər abort etdirən 15-17 yaşlı qadınların erkən ailə quran qızlar olması kimi iddialarla razılaşmır
Əsas problem son illər evdən qaçan, azad və erkən münasibət yaşamaq istəyən qızların sayının artmasındadır
Abort etdirən azyaşlı qızların sayında artım qeydə alınıb.
2017-ci ildə Azərbaycanda 15-19 yaş arası 1605 qadın abort elətdirib. Onlardan 46 nəfəri yetkinlik yaşına çatmayanlardır. 2016-cı ildə isə bu göstərici üç dəfə az olub. Üstəlik, Azərbaycan 19 yaşına qədər ana olanların sayına görə də regionda liderlik edir.
Ölkəmizdə erkən doğuşların və abortların bu qədər çoxalmasını ekspertlər Azərbaycan cəmiyyətinin mühafizəkarlığının müasir dünyanın real mənzərəsinə uyğun olmaması ilə əlaqələndirir. Bir tərəfdən internet sayəsində uşaqlar və yeniyetmələr cinsi əlaqə haqqında tez məlumatlanır və bu mövzu onlar üçün maraqlı olur. Digər tərəfdən isə nə valideynlər, nə də müəllimlər onlarla bu haqda danışmırlar, çünki Azərbaycanda bu mövzu tabudur.
Müasir yeniyetmələr isə sevişmək və azad yaşamaq istəyirlər, amma heç kim bunu onlara özlərinə və başqalarına ziyan vurmadan yaşayacaqlarını izah etməyib.
Düzdür, bəzi insanlar azyaşlı qadınların hamilə qalmasını və ya abort etdirməsini normal hesab edir. Onların fikrincə, azyaşlıların abortu məsələsində vətəndaş nikahında olanları da nəzərə almaq lazımdır.
Lakin bu da sözügedən problemin aktuallığını azaltmır. Yeniyetməlik yaş dövrü həssas, kritik və önəmli dövrdür. Valideynlər yeniyetməlik dövründə olan uşaqlara daha çox sevgi və qayğı göstərməlidir. 15 yaşında yeniyetmənin kiminləsə cinsi münasibətdə olması və hamilə qalması artıq SOS durumdur. Valideynlər daha ayıq olmalı və övladlarının ətrafı ilə maraqlanmalıdırlar. Ancaq danışdırsaq, bizim valideynlərin hamısı deyəcək ki, mən övladıma normal tərbiyə vermişəm. Anlamırlar ki, uşağı geyindirmək, yedizdirmək, məktəbə yola salmaqla tərbiyə olmur. Valideyn-övlad münasibəti tamam başqa anlayışdır.
Təəssüflər olsun ki, valideynlər qədər təhsil ocaqlarımız da uşaqların gələcəyinə qarşı çox laqeyd yanaşırlar. Bu gün məktəblərdə tərbiyə, mənəvi dəyərlərin aşılanması ilə bağlı ciddi tədbirlər görülməsə, abort etdirən yeniyetmə qızların sayında daha çox artım olacaq. Artıq vəziyyət o həddə çatacaq ki, cəmiyyət olaraq buna normal yanaşacağıq.
Məsələ ilə bağlı "Şərq”ə açıqlama verən ginekoloq Ləman Əliyeva da azyaşlı qızların abort etdirməsi kimi xoşagəlməz hallarla çox rastlaşdıqlarını deyib:
"Abort etdirən azyaşlı qızların zorlanma nəticəsində hamilə qalması faktı ilə rastlaşmamışam. Könüllü münasibətdə olan azyaşlılar daha çoxdur. Evlilik yaşına çatmayan qadınların hamiləliyinin sonlandırılması kriminal abort hesab olunduğundan hər həkim bu müdaxiləni etmir. Bu zaman da qızlar qeyri düzgün həb istifadə edərək hamiləliklərini sonlandırırlar. Düzgün olmayan şəraitdə baş tutan abort isə sonrakı dövrdə müxtəlif fəsadlara gətirib çıxarır”.
"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova abort etdirən 15-17 yaşlı qadınların erkən ailə quran qızlar olması kimi iddialarla razılaşmır.
Son illər evdən qaçan, azad və erkən münasibət yaşamaq istəyən qızların sayının həddindən artıq artması probleminə diqqət çəkən Birlik rəhbəri digər iddiaların məntiqəuyğun olmadığını deyib. Onun sözlərinə görə, erkən nikah olsa, birinci uşağı heç kim abort etməz: "Bu problemin səbəbi gənc qızlar arasında erkən cinsi münasibətlərə başlayanların artması, assosial ailələrin və yaxud zorlanmanın olması, valideyn himayəsinin kifayət qədər olmaması, tək ana ailə üzvü olması, baxımsızlıq, küçə həyatı yaşayan xanımların yayılmasıdır”.
Şəymən