"Abituriyentlər konkret qoyulmuş keçid balını yığa bilmədiyindən ali məktəblərə qəbul ola bilmir. Nəticədə ali məktəblər tələbəsiz qalır”.
Bunu Sherg.az-a ali məktəblərə qəbul ballarının aşağı salınmasından danışarkən Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayev deyib. O bildirib ki, tələbə qəbulu az olduqda ali məktəblərdə iş imkanı və əmək haqqı da aşağı düşür:
"Buna görə, tələbə yoxdursa, ali məktəbin fəaliyyəti zəifləyir. Yaranmış vəziyyəti nəzərə alaraq qəbul ballarını aşağı salırlar və tələbələr də ali təhsil almaq imkanı qazanır.
Keçid balları istər 150, istərsə də 500 olsun bu gün ali təhsil müəssisələrinin verdiyi təhsil ancaq onların bir ixtisas üzrə test bacarıqlarını formalaşdırır. Dünya görüşünü, ümumi məlumatını, vətəndaş mövqeyini formalaşdırmaması dəqiqdir. Bunları nəzərə aldıqda 150 bal toplayan abituriyentlərin də qəbul olmasının tərəfdarıyam. Qoy, onlar qəbul olsun, universitet hazırlıq təşkil edəcək, ciddi məşğul olacaq və tələbələrin potensial imkanlarından istifadə edərək ixtisasa yiyələnmələrini təmin edəcək. Bu mümkündür.
Ali məktəblər boş qalmasın deyə qəbul balları endirilib. Ümumtəhsil məktəblərinin məzunlarının səviyyəsi yenə də aşağıdır. Ona görə, məcburdurlar, giriş ballarını aşağı endirsinlər”.
Balların endirilməsi tələbələrin ali məktəblərə qəbul olunmasına şərait yaradacaq, onların xeyrinədir. Həmin tələbələrin orta məktəblərdə yaxşı oxuya bilməməsi onların günahı deyil. Sadəcə onları oxutmurlar. Biliyə yiyələnə bilməyən insan yoxdur. Şagirdləri oxutmaq, hazırlamaq lazımdır. Orta məktəbin əksəriyyəti bu işlə məşğul olmur və onların məzunları zəif bilik nümayiş etdirir. Ali məktəblər isə müvafiq ixtisas üzrə qəbul etdiyi tələbənin potensial imkanından istifadə edib, onu peşə sahibi edə bilər. Ona görə, yaranmış vəziyyəti mənfi hal hesab etmirəm”.
Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi Nizamnaməsinin 2.1.3. bəndinə əsasən, ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisaslar üzrə müsabiqə şərtlərini Təhsil Nazirliyi ilə razılaşdırmaqla müəyyən edir.
Müsabiqə şərtləri ilə əlaqədar Təhsil Nazirliyinin 13.07.2017-ci il tarixli məktubuna əsasən 2017/2018-ci tədris ili üçün bəzi ali təhsil müəssisələrində müəyyən ixtisaslar üzrə ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən az olmayan (fənlər üzrə nisbi bal məhdudiyyəti tətbiq olunmur) abituriyentlərin buraxılması nəzərdə tutulub.
Xatırladaq ki, ixtisas seçimi iyulun 29-dan avqustun 10-dək həyata keçiriləcək və yaxın günlərdə nəşr olunacaq "Abituriyent” jurnalının 4-cü sayında ixtisas seçimi haqqında elan, müsabiqə şərtləri, qəbul aparılan ixtisaslar və s. haqqında ətraflı məlumat veriləcək.
Ayyət Əhməd