Səhər zəng çalır. Hələ yataqdan qalxmamış əlin telefona gedir. Gecə gələn mesajlar, elektron məktublar, xəbərlər... Ardınca gün başlayır. Səhər yeməyi hazırlanmalıdır, uşaq harasa aparılmalıdır, işə çatmaq, telefon zənglərinə cavab vermək, ödənişləri etmək, marketə getmək, kiminsə ad gününü unutmamaq lazımdır. Axşam olanda görüləsi işlərin çoxu görülmüş olur. Amma insanın içində qəribə bir hiss qalır: “Bu gün bu qədər iş gördüm, bəs mən bu gün harada idim?”
Sherg.az xəbər verir ki, "HT Hayat" müəllifi Nuray Kılınçarslan yazısında müasir insanın daim hər şeyə çatmağa çalışarkən özünü necə arxa plana atmasından bəhs edib.
Müəllif qeyd edir ki, insanlar artıq yalnız məsuliyyətlərinə deyil, yaxşı görünməyə, sağlam qidalanmağa, idman etməyə, uğurlu olmağa, uşaqları ilə keyfiyyətli vaxt keçirməyə və dostlarını da unutmamağa çalışırlar. Nəticədə insan bəzən öz həyatını yaşamaq əvəzinə onun layihə rəhbərinə çevrilir.
Yazıda “sonra” sözünün insan həyatında böyük yer tutmasına diqqət çəkilir. “Bu layihə bitsin, rahatlayacağam”, “uşaq bir az böyüsün, özümə vaxt ayıracağam”, “borclar azalsın, səyahət edəcəyəm” kimi düşüncələrin insanı daim özünü təxirə salmağa apardığı vurğulanır.
Müəllifə görə, problem bir dəfə dostla görüşü və ya istirahəti təxirə salmaq deyil. Əsas məsələ insanın özünü davamlı şəkildə təxirə saldığı həyat tərzinin fərqinə varmamasıdır.
Yazıda xüsusilə qadınların hər kəsin ehtiyaclarını bildiyi halda, öz ehtiyaclarını soruşduqda cavab verməkdə çətinlik çəkdiyi qeyd olunur. Daim güclü və hər kəsə çatan insan olmaq zamanla kimliyə çevrilə bilər.
Müəllif sonda oxuculara “Bunu da həll edim, sonra...” cümləsindəki “sonra”nın həyatlarında nə qədərdir mövcud olduğunu düşünməyi tövsiyə edir.
Çünki həyat heç vaxt tamamilə sakitləşməyəcək. İnsan bir gün bütün işlərin bitdiyini və artıq yaşaya biləcəyini gözləsə, həmin gün heç vaxt gəlməyə bilər.
Bəzən insanın ən böyük gecikməsi hansısa yerə gec qalmaq deyil, öz həyatına gecikməkdir.